APA-nın baş direktoru BDU-da tələbələr üçün mühazirə oxuyub

APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbələri üçün mühazirə oxuyub.

APA-nın məlumatına görə, fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi “Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı” fənni ölkəmizin dövlət və özəl informasiya agentliklərinin tarixinə həsr olunub.

Mühazirə zamanı V.Mahirqızı APA İnformasiya Agentliyinin yaranma tarixi, Azərbaycanda söz və mətbuat azadlığının durumu, çağdaş mətbuatın vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlayıb. Sonda o, tələbələri maraqlandıran sualları cavablandırıb.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, Beynəlxalq jurnalistika fakültəsinin müdiri Həmid Vəliyev və müəllimi Vüqar Əliyev məzmunlu mühazirəyə görə V.Mahirqızına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı” fənni üzrə növbəti mühazirəni “AzərTAc”ın baş direktoru Aslan Aslanov oxuyacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO