“525 kitab: qadın yazarlarımız” seriyasından kitabların təqdimatı

Dekabrın 4-də Azərbaycan Yazıçılar Birliyində (AYB) “525 kitab: qadın yazarlarımız” seriyasından ilk iki kitabın təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, “525-ci qəzet”in “Bank of Azerbaijan”la birgə həyata keçirdiyi humanitar-mədəni layihə çərçivəsində Nurəngiz Günün “Mənim o ağ çiçəklərim” kitabı və “Zərif çələng” adlı, çağdaş qadın poeziyasından seçmələr toplusu işıq üzü görüb.
Seriyanın rəhbəri “525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid, tərtibçi və redaktor isə Səlim Babullaoğludur.
Rəşad Məcid bu layihəyə dəstək verən “Bank of Azerbaijan”a minnətdarlıq edib, biznes strukturu olaraq ədəbiyyatımızın inkişafı naminə fəaliyyətdə uğurlar arzulayıb. R.Məcid Nurəngiz Günün şeirlərini hələ gənc yaşlarından sevə-sevə oxuduğunu, bu əsərlərin də müəllifin özü kimi orijinal olduğunu deyib: “Bu kitabların çox hissəsi “525-ci qəzet”in abunəçilərinə pulsuz paylanacaq. “Zərif çələng” almanaxında yer alan şairələrin çağdaş poeziyamızın müxtəlif nəsillərini təmsil edir və antologiyada maraqlı poetik nümunələr yer alıb”.
“Bank of Azerbaijan”ın nümayəndəsi Rüfət Abbasov təmsil etdiyi qurumun “Ədəbiyyata sevginizi dəstəkləyirik” devizi ilə həyata keçirdiyi işlərin əhəmiyyətini önə çəkib.O, “Bank of Azerbaijan”ın bundan sonra da belə ədəbi, humanitar layihələrə dəstək verəcəyini deyib.
Nurəngiz Gün çıxışına seriyanın rəhbəri, tərtibçisi və “Bank of Azerbaijan”ın nümayəndəsinə təşəkkür etməklə başlayıb: “Hərdən gözümü yumub fikirləşirəm ki, kiməsə pislik etmişəmmi? Ağlıma nəsə gəlmir. Etmiş olsaydım, indiyə kimi özümü çoxdan öldürmüşdüm. Yəqin ki, həmişə yaxşılar və yaxşılıqlar haqqında fikirləşirəm deyə, yaxşı adamlar rastıma çıxır. Rəşad Məcid, Səlim Babullaoğlu və “Bank of Azerbaijan”ın bir yerdə təşkil etdiyi bu üçlüyə baxıram – onlar bir-birini necə də gözəl tamamlayır. Hamısı bir yerdə kimi düşünüblər – özgəni! Kimdi indiki zamanda özündən başqasını düşünən? Amma ədəbiyyata, poeziyaya, kitaba qiymət verən bu üçlük bunu edib. Onlar ədəbiyyatımızın qadın şairlərini düşünüb, bu kitabları çap etdiriblər”.
Qeyd bedək ki, “Zərif çələng”də çağdaş dövrün ən müxtəlif ədəbi nəsillərini əhatə edən 20 qadın yazarın-Firuzə Məmmədli, Mahirə Abdulla, Güləmail, Nisə Bəyim, Məlahət Yusifqızı, Fərqanə Mehdiyeva, Narıngül, Şəfəq Sahibli, Həyat Şəmi, Rəbiqə Nazimqızı, Elnaz Eyvazlı, Elnarə Şəms, Xatirə Vaqif, Dilşad Araz, Sevinc Mürvətqızı, Feyziyyə, Aytən Təhmasib, Gülnarə Ləman, Xalidə Əfəndi və Leyla Mövsümün şeirləri daxil edilib.
“Bank of Azerbaijan” və “525-ci qəzet” bu seriyadan növbəti iş kimi Afaq Məsud, Günel Anarqızı və Aysel Əlizadənin nəsr əsərlərinin çapını planlaşdırır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO