YENİ ƏDƏBİYYAT JURNALI İŞIQ ÜZÜ GÖRÜB

Yeni ədəbiyyat dərgisi işıq üzü görüb. “Yazı” adlı yeni jurnalın təsisçisi və baş redaktoru Azad Qaradərəlidir.

“Media forum” saytının məlumatına görə, dekabrın 3-də saat 13:30-da “Əli və Nino” kitab evində (Gənc Tamaşaçılar Teatrının yanı) dərginin ilk sayının təqdimatı olacaq.

“Yazı”nın ilk sayında Rafiq Tağı, Rəhim Əliyev, Cavidan, Əlabbas, Aslan Quliyev, Eyvaz Zeynalov, Svetlana Quliyeva, Azad Qaradərəlinin, habelə Güney Azərbaycandan olan yazıçıların, türkiyəli nasir İmdad Avşarın və başqa qələm sahiblərinin yazıları dərc olunub.

Jurnalın ilk sayında “Baş redaktordan” adlı ön yazıda Azad Qaradərəli bildirib ki, “Yazı” bu gün Azərbaycan reallığındakı AYB və AYO qarşıdurmasını önləmək, hər iki tərəfə açıq olan bir dərgi yaratmaq missiyasını öz üzərinə götürmək fikrindədir. Baş redaktor qeyd edib ki, “Yazı”nın ilk sayında buna əməl olunmağa cəhd göstərilib: “Burada hər iki tərəfin üzvlərinin, yaxud heç bir ədəbi təşkilatın üzvü olmayanların da qələmə aldıqlarına rast gələcəksiniz. Dərgi təkcə ədəbiyyatçılara deyil, yazıdan, qəzet-jurnaldan və xüsusən də kitabdan uzaq düşmüş sadə insanımıza, əsas da gənclərə hesablanıb.

Yaradıcı qrup ilk sayda çap olunmuş əsərləri şedevr elan etmək fikrində deyil. Burada yəqin ki, oxucunun bəyənmədiyi yazılar da ola bilər və bu təbiidir. Ona görə təbiidir ki, birinci say yalnız əməkdaşların əli çatan yazılardan ibarət olub. Yaradıcı qrup bildirir ki, gələcək nömrələrdə “Yazı”nı oxuyan və oxumayan qələm sahiblərinin ən yaxşı yazılarını çap etməyə hazırıq. Özü də kimliyindən, nəçiliyindən asılı olmayaraq. “Yazı” tam müstəqildir, heç bir təşkilata, vəzifə, biznes sahibinə bağlı deyil”.

Dərginin ilk sayını qəzet köşklərindən, habelə metro stansiyalarında qəzet-jurnal satılan yerlərdən əldə etmək olar.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO