Yazarlara nədən yazırlar?

Ölkənin bəzi yazarları istər mətbuatda, istərsə də portallarda yazılarını dərc etdirəndə imzalarının altından elektron poçt ünvanlarını da göstərirlər. “Media forum” saytı yazarların tez-tezmi məktub aldıqları, məktubların daha çox hardan göndərildiyi, hansı məzmunda olduğu kimi məsələlərlə maraqlanıb. Bu məqsədlə sayt köşə yazarları Xalid Kazımlı, Zamin Hacı, Şahvələd Çobanoğlu və Qan Turalıya müraciət edib.

Xalid Kazımlı:

– Oxuculardan gündə 3-4 məktub alıram. Elə gün olur, bir dənə də almıram, amma elə gün olur məktubların sayı daha çox olur. Hətta bu yaxınlarda bir oxucumdan bir gündə 32 məktub aldım. O, müxtəlif suallar verdi, mən da cavab yazdım. Beləcə, virtual dialoq alındı.

Məktublar mənə əsasən elektron poçt ünvanım vasitəsilə çatır. “Facebook”da üzvlüyüm olsa da, istifadə etmirəm. Vaxtımı çox alır. Müxtəlif adamlardan məktublar alıram. Onların sıralarında tələbələr də olur, müəllimlər də.

Mənə məktub yazanların yarıdan çoxu xaricdə yaşayan soydaşlarımızdır. Kanadadan, Türkiyədən, İsveçdən, Hollandiyadan, Almaniyadan, Rusiyadan məktublar alıram. Ancaq heç də hər gün yox. Onlar hansısa yazımdan təsirlənirlərsə, yaxud müəyyən iradları olursa, yazırlar.

Aldığım məktublar arasında etik normaları pozan, təhqir elementləri olan məktublar, demək olar ki, olmayıb. Bir dəfə 2003-cü ilin prezident seçkisi zamanı hədə sayıla biləcək bir detal olmuşdu. Mənə kəsik baş şəkli göndərmişdilər. Yəni çox baş aparma, başın kəsilər. Mən isə bu mövzuda bir felyeton yazdım. Deyilənə görə, yaxşı alınmışdı. Bu yaxınlarda isə bir oxucumla aramızda anlaşılmazlıq yarandı, ancaq sonra o məndən üzr istədi, mən də ondan.

Zamin Hacı:

– Mənim elektron poçtuma oxuculardan gündə azı 5-6 məktub gəlir. Bəzən çox da olur. Ümumilikdə həftə ərzində oxucular 30-50 məktub göndərirlər. Məktubların sayı yazılarımdan, onun təsirindən asılı olaraq artıb-azala bilər. Məktubları əsasən elektron poçt vasitəsilə göndərirlər. Əvvəllər isə kağıza yazılı məktublar da gəlirdi. Xüsusilə şəhər sakinlərindən, regionlardan yaşlı adamlar kağızla daha çox məktub göndərirdilər. İndi çağdaş ənənəyə uyğun olaraq elektron məktubları çox alıram.

Məktub yazanlar müxtəlif təbəqədən olan adamlardır. Sadə insanlar çoxluq təşkil edir. Bunların sırasında minnətdarlıq bildirənlər, qəzetimizin, yəni “Yeni Müsavat”ın fəaliyyətini dəstəkləyənlər də var. Yazılarımıza münasibət bildirirlər və problemlərini yazıb göndərirlər.

Xarici ölkələrdən də gələn məktublar çoxdur. Kanada, Çin, İsveç, Almaniyadan və başqa ölkələrdən məktublar gəlir. Bəzən bunların içində ünvanı göstərilməyən məktublar da olur. Ancaq yazının tərkibindən məlum olur ki, bu hardan göndərilib.

Məktublar içərisində təhqir də olub. Ancaq bu, anonim bir məktub olub, heç bir ünvan göstərilməyib. İndiyə qədər cəmi iki elə məktuba rast gəlmişəm. Yüzlərlə, minlərlə məktubun içərisində bunu təbii qəbul etmək olar.

Məktubları cavablandırmağa gəldikdə, ünvanını tam düzgün yazan oxucuların hamısına cavab yazmağa çalışıram. Demək olar ki, cavabsız məktub qoymuram. Bəzən vaxt çatdırmasam da, məktubunu oxuduğumu yazıram. Bir təklifi olanda və ya ortaya çıxan məsələyə daha ətraflı münasibət bildirməyə çalışıram. Mən bunu etməyi özümə borc bilirəm.

Şahvələd Çobanoğlu:

– Aldığım məktubların sayını dəqiq bilmirəm. Bəzən bir neçə gün məktub almıram, bəzən də elə olur ki, dalbadal məktublar gəlir. Bu, yazılarımla daha çox bağlıdır. Hər yazıya görə məktub almıram. Bəzi oxucularım daim məktub yazır. Son vaxtlar nadir hallarda kağız üzərində məktub alıram. Bəzən tanış adamdan göndərirlər.

Məktublar mənə əsasən elektron poçt vasitəsilə göndərilir. Elə hallar da olur ki, məktubları portallarda yazımın altından şərh kimi yazıb təqdim edirlər. Konkret yazıya aidiyyəti olmasa da, şərh yerində mənə ünvanlanmış məktubları nəzərdə tuturam. “Azadlıq” qəzetinin saytında oxucuların yazılara şərh yazmaq imkanı var.

Məktub yazanların əksəriyyəti problemi olan, yəni nədənsə narazı qalan adamlar, belə adamların içərisində mənim fikirlərimə üstünlük verən oxuculardır. Onlar Azərbaycanın bugünkü halından haqlı olaraq narazılığını bildirən, hazırkı vəziyyətə iradını çatdıran şəxslərdir. Məktub yazanlar arasında mənim fikirlərimə etiraz edənlər də olur.

Xaricdən də məktublar gəlir. Bunların arasında azərbaycanlıların çox olduğu ölkələr xüsusilə fərqlənir. Avropa ölkələrindən də çoxlu məktub alıram. Hətta Mərkəzi Asiya ölkələrində yaşayan oxuculardan da məktublar alıram və bəziləri ilə yaxşı əlaqələrimiz yaranıb.

Mənə təhqir yazılmış məktublar da göndərilib. Bunu da təbii hesab etmək olar. Qeyri-ciddi məktublar istisna olmaqla bütün məktublara cavab yazmağa çalışıram. Cavab tələb edən məktublara, aktual məsələlərə münasibət bildirirəm.

Qan Turalı:

– Orta hesabla gündə 10-a yaxın məktub alıram. Ancaq fərqli günlərə də təsadüf olunur. Məktublar əsasən “Facebook” sosial şəbəkəsindən və elektron poçt vasitəsilə mənə göndərilir.

Məktublarda yazımla bağlı fikir bildirənlər, ciddi məsələləri qaldıranlar olur. Bəzi yazışmalar oxucu ilə aramızda razılaşma halı ilə yekunlaşır.

Az da olsa bəzi məktublarda məndən narazılıq bildirənlər də olur. Məsələn, “elə yazmaq düzgün deyil”, “filan məsələ bu cür qoyulmamalıydı” və sair.

Məktub yazanların çoxu gənclərdir. İnternetdə daha çox onlar çalışır və istər-istəməz gördükləri, eşitdikləri hadisələrə münasibət bildirməyə meyllənirlər.

Təhqir məktubları da almışam.

Çətin də olsa, məktubların əksəriyyətinə cavab yazıram.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO