“PayPal” şirkətinin keçmiş rəhbəri Skot Tompson “Yahoo!” şirkətinə yeni baş direktor təyin edilib.
“Azadinform” xəbər verir ki, ötən ilin sentyabrında şirkət Kerol Bartsın baş direktor vəzifəsindən uzaqlaşdırıldığını elan etmişdi. Korporasiya nümayəndələri K.Bartsın işdən azad edilməsinin səbəbini dəqiqləşdirməyiblər.
S.Tompson şirkətin baş direktoru olmaqla yanaşı, Direktorlar Şurasının üzvü də təyin edilib. “Yahoo!”nun yeni rəhbəri şirkətə yanvarın 9-dan etibarən rəsmən başçılıq etməyə başlayacaq.
Onun rəhbərliyi altında “PayPal” şirkəti qlobal onlayn ödənişlər bazarında öz mövqeyini xeyli möhkəmlədib, servisdən istifadə edənlərin sayı 50 milyon nəfərdən 104 milyon nəfərədək yüksəlib, gəlirlər isə 1,8 milyard dollardan 4 milyard dollaradək artıb.