“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir ” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərbaycan” qəzetinin “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin Komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə gül qoyublar.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, dünyada nadir şəxsiyyətlər təsadüfən olmur. O bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayıb.

Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət və dünya siyasət akademiyasının bilicilərindən olduğunu diqqətə çatdıran Ə.Həsənov Ulu öndərin həyat və fəaliyyətindən bəhs edib. Ümummilli lider 1970-ci illərdə bu gün sürətlə inkişaf edən Azərbaycanın əsasını qoyub. Ulu öndər ölkəmizdə siyasi və iqtisadi sahələrin möhkəm təməlini formalaşdırıb, milli kadrların hazırlanması işini daim diqqətdə saxlayıb və hərbi təhsilin bazasını yaradıb. Məhz Ulu öndər Heydər Əliyevin böyük nüfuzundan çəkinən ermənilərin Dağlıq Qarabağ məsələsini uzun illər qabarda bilmədiyini vurğulayan Ə.Həsənov Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı hərəkatın zəifləməsinin də Ümummilli liderin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Ulu öndər 2003-cü ilədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi bazanı yaradıb. Bildirilib ki, hazırda Prezident İlham Əliyev də əsası Ümummilli lider tərəfindən qoyulan bu strategiyanı uğurla davam etdirir.

O, 2003-cü ildən – Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən etibarən Azərbaycanın inkişafının yeni mərhələsinin başladığını qeyd edib, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

Daha sonra çıxışlara yer ayrılıb. Milli Məclisin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Füzuli rayonundan məcburi köçkün, “Qayıdış” qəzetinin redaktoru, rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev, Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, Qubadlı rayonundan məcburi köçkün, Yeni Azərbaycan Partiyasının üzvü, təqaüdçü Azad Hacıyev Ümummilli Liderin Azərbaycandakı xidmətlərindən danışıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO