Məlum olduğu kimi, dekabrın 21-dən Ankarada “Türk dilində danışan ölkələrin media forumu” işinə başlayıb. Məlumat üçün qeyd edək ki, tədbir Türkiyə Nazirlər Kabinetinin Media və İnformasiya Baş İdarəsinin və Türkiyə Xarici İşlər Nazirliyi (XİN) nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cumhuriyyətini təmsil edən media mənsublarından ibarət heyətlər iştirak edir.
Türkiyə Nazirlər Kabinetinin Media və İnformasiya Baş İdarəsinin rəisi Murad Karakaya deyib ki, forumda qloballaşan dünyada medianın rolu müzakirə mövzusudur. M.Karakaya onu da bildirib ki, medianın dünyada əhəmiyyətinin artdığı bu dönəmdə türkdilli ölkələrdə mətbuatın əlaqələrinin artmasına və intensivləşməsinə ehtiyac var.
Tədbirdə çıxış edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu toplantının əhəmiyyətindən danışıb. XİN rəhbəri deyib ki, türkdilli ölkələrin medialarının hamısı bir ölkənin problemini öz dərdi kimi görməlidir: “Türkdilli ölkələrdə azad medianın inkişafına ehtiyac var. Biz çağdaş türk dünyası istəyiriksə, o zaman azad medianın inkişafına nail olmalıyıq”.
Ə.Davudoğlu onu da bildirib ki, türk dilində danışan ölkələrin vahid qurumunun yaradılmasına və forumun daimi keçirilməsinə ehtiyac var. O da məlumdur ki, sözügedən türkdilli ölkələrin dövlət siyasəti müxtəlifdir. Belə olan halda vahid bir media siyasəti necə mümkün olacaq və bu nə dərəcədə realdır?
Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, bir ay bundan əvvəl Azərbaycan jurnalistləri Kiprdə səfərdə olarkən bu təkliflə bağlı bir protokol imzalanıb: “Özü də şəxsən mənim təşəbbüsümlə. Həmin protokola Azərbaycandan olan bir sıra media nümayəndələri imza atdı. Protokolun gerçəkləşdirilməsi istiqamətində müəyyən addımlar atılır və inşallah, bununla bağlı ciddi işlərin görülməsinin şahidi olacağıq. Ancaq dünən keçirilən forum barədə bir o qədər geniş məlumata malik deyiləm. Məsələ ondadır ki, forumun keçirildiyi bir vaxtda Türkiyənin “Zaman” qəzetində Azərbaycanın əleyhinə arzuolunmayan yazılar yazılır. Hesab edirəm ki, bu tip yazılar iki ölkə mediası arasındakı münasibətlərin inkişafına yalnız maneə yaradır. Mənim qənaətimcə, ortaq bir qurumun yaradılması mümkündür, amma bu, koordinasiya xarakterli bir qurum olacaq. Çünki bu məkan çox böyük coğrafiyanı əhatə edir. Bu coğrafiyada təkcə mətbuatın deyil, ümumiyyətlə digər yazılı vasitələrin yayılması üçün çox geniş imkanlar var. Yayım dairəsi nə qədər geniş olursa, bu, mətbuat üçün bir o qədər əlverişlidir. Bəzi dairələr özlərinin təriqət maraqlarından çıxış etməsələr, ciddi uğurlara nail olmaq olar”.