Telejurnalist Etibar Babayevlə fotosöhbət

Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakıda görkəmli şair,dramaturq və tərcüməçi Adil Babayevin ailəsində anadan olub.
1968-ci ildə Bakıda Hüseyn Cavid adına 132 saylı orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini qırmızı diplomla bitirib. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb.
“Tələbə klubu”, “Yeddinci qitə”, “Sözlü-nəğməli İstanbul”, “Kanal-6 təqdim edir” kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975-1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəniyyət şöbəsində təlimatçı (1979-1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981-1988) kimi məsul vəzifələrdə çalışıb.
1981-1989-cu illərdə dörd çağırış Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989-1992-ci illərdə “Azərbaycantelefilm”in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993-2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001-2006-cı illərdə “Space” müstəqil teleradio şirkətinin prezidenti olub.
Sənətşünaslıq namizədi E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, daha sonra Bakı Slavyan Universitetində (BSU) dərs deyir. E.Babayev BSU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir. 2010-cü ilin iyul ayında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor təyin edilib.
Etibar Babayev Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidentidir.
Müxtəlif illərdə “Hacı Zeynalabdin Tağıyev” milli mükafata, Jurnalistlərin “Qızıl qələm” mükafatına, Yusif Məmmədəliyev medalına, Fəxri Fərmanlara və Diplomlara layiq görülüb.
Heç bir siyasi partiyanın üzvü deyil.
E.Babayev ABŞ, İngiltərə, Rusiya, Fransa, İspaniya, Belçika, Hollandiya, Almaniya, Macarıstan, Avstriya, Rumıniya, Polşa, Türkiyə, Seneqal, Misir, Vyetnam, Kuba, Çin Xalq Respublikası, İran, İsveç, İsveçrə və digər ölkələrə xidməti səfər edib, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşüb, onlardan eksklüziv müsahibələr alıb. Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda rəsmi nümayəndə heyətləri tərkibində iştirak edib. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, “Bu da bir imtahandır”, “Yalana heykəl”, “Düz söz əyri qulağa necə girər?”, “ Qəfəsdə yaşamaq həyat deyil” adlı kitabların, “Sağalmaz yara”, “Birincilər”, “Bir millət, iki dövlət”, “Zirvə”, “Çiçək yağışı” kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin, eləcə də çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO