Həyatda hamı doğulur, ona verilən ömrü yaşayıb, köçür bu dünyadan… Bəşəriyyət yaranandan belədir: Doğulur, yaşayır, ölür, unudulursan. İki əsr bundan öncə yaşayan babamızın adını xatırlaya bilmərik. Çünki iki əsr bundan öncə yaşayan babamız da adi insanlar kimi yaşayıb, ölüb, unudulub…
Hərdən nə vaxtsa, ruhumun belə qəribsəyəcəyini, unudulacağını düşünəndə, ovqatım pozulur, pis oluram. Ruhun tənhalığından qorxuram. Təsəvvür edirəm ki, neçə əsr bundan sonra mənim məzarıma məskən olan qəbirstanlıq zəlzələdən, ya vəlvələdən məhv olub dağılacaq, bütün qəbirlər kimi mənim də məzarım torpağa qarışacaq. Sonra – illər sonra bəlkə də həmin yerdə ya iri bir göydələn tikiləcək, ya yenə də qəbristanlıq olacaq. İkinci daha realdır. Çünki ruhlar məkanında cismani yaşayan insanların məskən salması məncə rahat olmaz. Şübhə yoxdur ki, özləri də bilmədən qəbirlərinin üzərində yaşadıqları ruhlar onları narahat edəcək. Yaxın tariximizdə buna uyğun faktlar var. Necə ki, keçmiş Çəmbərəkənd qəbirstanlığı dağıdıldı, yerində Kirovun nəhəng bir heykəli qoyuldu. Neçə – neçə cavan sevgililər həmin istirahət guşəsində əhd bağlayıb, əhd pozdular, neçə – neçə yaşlı insanlar istirahət etdilər. Onların da çoxu o dövrdə xoş istirahət keçirdiyi həmin parkın nə zamansa qəbirstanlıq, şəhid məzarlığı olmasından bixəbər idilər.
Fəqət, illər ötdü, alqışla ucalan heykəl qarğışla aşırıldı. Ayaqlar altında qalıb tapdanan qəbir sahiblərinin ruhları rahatlıq, dinclik tapdı – qəribsəmiş ruhlar… Yenidən müqəddəs məkan kimi anılmağa başladı Çəmbərəkənd qəbristanlığı. Bu dəfə Şəhidlər Xiyabanı statusunda. Anım yerinə, müqəddəs ziyarətgaha çevrildi.
Qəhrəman şəhidlərimizlə yanaşı, məzarını, ruhunu əbədi ziyarətgaha çevirmiş tarixi şəxsiyyətlərimiz də var. Əsrlər ötsə də, onlar insanların yaddaşından silinmir. Belə insanlardan biri də böyük söz ustadı Mirzə Ələkbər Sabirdi. Zamanında digər sənətkarlar, ədiblər kimi ona da münasibət birmənalı deyildi. Dəfələrlə savadsız mollalar tərəfindən basqılara, hücumlara məruz qaldı. Amma M.Ə.Sabir bütün bunlara baxmayaraq, o dövrkü cəmiyyətin görən gözü, işıq saçan aynası idi. Bu gün də M.Ə.Sabir aynasının işığı bizim dövrü – 100 il sonranı da adlayaraq qarşıdakı on illərə də, əsrlərə də nur saçır. Deməli, böyük şair hələ zamanında qələmə aldığı ayinəni düz hədəfinə tuşlaya bilibmiş. Ona görə də onun yazdıqları bütün zamanlarda öz aktuallığını qoruyub saxlayır. “Nə yazım?!” şeirindən bir parçaya diqqət yetirməyimiz dediklərimizin həqiqət olduğunu yetərincə təsdiqləyir:
Şairəm, çünki vəzifəm budur əş’ar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?
Yoхsa bu ayinədə əyri görürsən özünü?!
M.Ə.Sabir öz satirik, məna yüklü poeziyası ilə məmləkətimizin dünənini, bu gününü və sabahını nurlandırır. Elə bu səbəbdən də bu gün hər bir azərbaycanlı fəxarət hissi ilə deyə bilir ki, “Mən Sabirin həmvətəniyəm”.
M.Ə.Sabirdən öncə satirik janrda şeirlər yazsalar da, Sabir Azərbaycan şeirində satiranın məktəbini yaradıb, izini qoydu. Məhz bu üzdən də hər bir qələm əhli Sabir yaradıcılığından bəhrələnir.
Bir insan olaraq həyatda iz qoymaq mümkündür. Müəyyən bir dövr üçün izini qoyub, dünyadan köç edə bilərsən. Səndən sonra dostların, övladların, qohumların həmin izinlə səni yaşada bilərlər. Fəqət, nə zamana qədər?! Burası müəyyən deyil. Həyatda əbədi iz qoymaq hər insana nəsib olmur. M.Ə.Sabir əbədi izi olan şairlərdəndi. Bu gün birinci sinif şagirdi də Sabiri tanıyır. Hər gün ən azı bir şagird, bir tələbə əlində Sabirin kitabı şeirlərini oxuyub, onun ruhunu anır. Bu Allahın bir insana əbədi səadəti deməkdi. Bu səadəti M.Ə.Sabir yaşayıb, yaşayır və yaşayacaq da.
Qarşıdan gələn may ayında M.Ə.Sabirin anadan olmasının 150 ili tamam olur. 150 ildir ki, M.Ə.Sabir Azərbaycan xalqı ilə yaşayır. Belə insanlara ölü demək qəbahətdir. Çünki onu xalqı yaşadır. Bir şair üçün bundan böyük səadət nə ola bilər ki?! Bu da Sabirin özünəməxsus poeziyasının göstəricisidir ki, şair təkcə öz dövrü üçün yox, bütün dövrləri əhatə edərək, yazmalıdır. Necə ki, Sabir 150 illdir yaşayır və hələ bundan sonra nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan ədəbiyyatı var yaşayacaq da…
M.Ə.Sabirin 150 illik yubileyi bu il dövlət səviyyəsində qeyd olunacaq. Mənim də əməkdaşı olduğum Söz Azadlığını Müdafiə Fondu öz vətəndaşlıq mövqeyindən çıxış edərək, şairi anmaq üçün yubiley ərəfəsi müəyyən tədbirlər görür. Belə tədbirlərdən biri də AVCİYA və SAMF – nun təşkilatçılığı ilə M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş ikinci bədii qiraət musabiqəsinin keçirilməsidir. Qeyd edim ki, bu müsabiqə keçən il də Şamaxı şəhərində keçirilmiş, on nəfər qalib gənclər münsiflər heyəti tərəfindən seçilərək, AVCİYA və SAMF tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunmuşdur.
Bu gün bu tipli tədbirlərin keçirilməsi ilə M.Ə.Sabirin adının daha da əbədiləşdirilməsi, gənclər arasında onun şeirlərinin təbliği alqışa layiq haldır. Çünki M.Ə.Sabir bir ədəbiyyat nümayəndəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının tarixidir. Əgər, bu gün biz öz tariximizə xor baxsaq, sabahkı taleyimizin necə olacağına zamin dura bilmərik.
Bu gün M.Ə.Sabir ruhu qəribsəməyib, darıxmır. Çünki ilahi qüvvə və sağlığında təmənnasız xidmət göstərdiyi doğma xalqı onu əbədi olaraq yaşadır.
Yuxarıda qeyd etdiyim kimi ədəbiyyat həm də tarixdi. Hər bir insanın – istər gəncin, istər orta nəslin, istərsə də, yaşlı nəslin öz ədəbiyyatını, tarixini bilməsi ən vacib şərtlərdən biridir. Çünki biz maariflənmiriksə, demək, bundan sonra indiyəək əldə etdiklərimizin də itirilməsi təhlükəsi ilə üz-üzə qala bilərik. İyirmi faizdən çox torpaqları işğal altında olan bir ölkənin vətəndaşının öz tarixi, ədəbiyyatı ilə ilgili bütün məqamlar haqqında öyrənməsi vacib amillərdən biri olmalıdır.
Bu gün AVCİYA və SAMF-ın M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ənənəvi müsabiqənin təşkili əslində Azərbaycanda vətəndaş cəmiyyətinin maariflənməsinə yönəlmiş bir aksiyadır. Bəlkə də kimlər üçün bu aksiya uzaqdan lazımsız, əlavə vəsait sərf olunan obyekt kimi görünə bilər. Fəqət, heç bir yaxşı işlərə zamanında birmənalı qiymət verilməyib. İnanıram ki, bu ideyanın təşəbbüskarları da Azərbaycan xalqına təmənnasız xidmətlərinə görə tarixdə qalacaqlar.
Əgər geriyə dönüb, on doqquzuncu əsrin sonlarına nəzər salarıqsa, nə qədər fədakar Azərbaycan ziyalısının bu xalqın maariflənməsi yönündə əziyyət çəkdiyini görə bilərik. Bizim də vətəndaş cəmiyyətinin təmsilçisi olaraq, əlimizdən gələn odur ki, onların əzab-əziyyətlə başladığı bu işi indiki və gələcək nəsillərə çatdıraq.
Bir gənc yazar olaraq, M.Ə.Sabir adına bədii qiraət müsabiqəsi mənim də maraq dairəmdə olan bir işdi. Fəqət, çox istərdim ki, artıq ənənə şəklini alan bu müsabiqə hər il bir şairin yaradıcılığına həsr edilsin. Məsələn, daha çox istərdim ki, bu müsabiqələr repressiya qurbanları olan şairlərimizin – Hüseyn Cavid, Əhməd Cavad, Almas İldırım, Mikayıl Müşfiq və başqalarının da yaradıcılıqlarının təbliğinə yönəlsin. Qoy gənc və gələcək nəsillərimiz sözünün naminə repressiya ilə qarşılaşan şairlərimizin də yaradıcılıqları ilə yaxından tanış olsunlar.