SAMF “Qarabağ muzeyləri”ni araşdırmağa BDU-dan başladı

Cahangir Məmmədli: “eksponatlar danışan canlı tarix və bu yerlərin azərbaycanlılara məxsusluğunun təkzibolunmaz izahıdır”

Artıq media qurumlarının da verdiyi məlumatlardan bəlli olduğu kimi, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “işğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsi çərçivəsində araşdırmalarına, görüşlərinə başlayıb.
Bu məqsədlə layihənin koordinatoru Nəzirməmməd Zöhrablı və əməkdaşı Murad Həsənov Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, İctimai Yayım Şurasının sədri, əslən Qarabağ bölgəsindən olan tanınmış ziyalı Cahangir Məmmədli ilə görüşüb mövzu istiqamətində bir sıra məsləhətləşmələr aparıblar. Cahangir Məmmədli Qarabağın tarixinin bəlli bir parçasını özündə əks etdirəcək və təbliğ edəcək belə bir layihənin həyata keçiriləcəyindən çox məmnun olduğunu bildirib və müqəddəs bir missiyanı stimullaşdıracaq bu layihəyə bir ziyalı, alim və qarabağlı kimi faktların toplanılması, məlumatların dəqiqləşdirilməsi, o cümlədən tələbə kontingenti və yerli əhalidən ibarət könüllülərin cəlb edilməsi istiqamətində istənilən dəstəyi verməyə hazır olduğunu deyib.
Cahangir müəllim kollektivin həmçinin SSRİ dönəmində Qarabağın ermənilər rəhbərlik etdiyi rayonlarında belə fəaliyyət göstərmiş muzey və eksponatlar barədə məlumatların da nəzərdə tutulacaq nəşrlərdə öz əksini tapmasının vacibliyi ilə ilgili təklifini də dəstəklədiyini söylədi. Onun da təsdiqinə görə, həmin rayonlardakı muzeylərdəki eksponatların böyük hissəsi Azərbaycan xalqının tarixini, spesifik, mental dəyərlərini özündə əks etdirdiyindən həmin eksponatlar danışan canlı tarix və bu yerlərin azərbaycanlılara məxsusluğunun təkzibolunmaz izahıdır.
SAMF araşdırmalarını, alimlər, mütəxəssislər, əhali, muzey əməkdaşları, Qarabağ rayonlarının rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları və s. ilə görüşlərini davam etdirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO