Səriyyənin taleyi

İki aya yaxın xəstəliklə mübarizə aparsa da, Səriyyə arvad sanki ölümə təslim olurdu. Xəstəlik onu hərəkətsiz vəziyyətə salmış, xarakterini dəyişmişdi. Elə vəziyyət yaranmışdı ki, ömrü boyu xoşlamadığı insanla belə danışmağa məcbur olmuş, çətinliklə də olsa evlərinə getmiş, əsgərliyə yola düşən nəvəsinə xeyr-dua vermişdi…

Səriyyə arvadın çətin xarakteri oğluna qarşı dəyişməz qalırdı. Ürəyində onu xəstəliyinin səbəbkarı kimi görürdü. Oğlundan nə istədiyini hec özü də bimirdi…

Etiraf etməyi isə xoşlamazdı…

Ömrünün son günlərində yaşadığı ağrılı-acılı günlərindən bir qismini çox çətinliklə də olsa da, oğluna danışmaq qərarına gəldi.

Divanda uzanmış Səriyyə arvad söhbətə başladı. Sanki üzünün çöhrəsinə işıq gəlmişdi. Uşaqlıq xatirələrini danışdıqca gözü divarda asılmış şəklinə sataşdı. Cavan vaxtı Ağdam İkiillik Müəllimlər İnstitutunda oxuyarkən çəkilmişdi. Şəkili bəyəndiyindən gözü qarşısında asdırmışdı…

***

Səriyyə arvad Şuşanın Malıbəyli kəndində kasib bir ailədə dünyaya gəlmışdı. Altı qardaş, üç bacı olsalar da, hər zaman onların ikisindən razılıq edər, ağız dolusu danışardı. Qardaşı Lətifi və bacısı İfratı ürəyinin bir parçası hesab edirdi. Lətif hələ yeniyetmə illərindən vurub-tutan oğlan idi. İfratla isə anadan ayrı olsalar da, ən cətin günlərində ona dayaq duran da İfrat olmuşdu. Aralarında ögey-doğmalıq hiss edilmirdi. Bacısının bu yaxşılığını Səriyyə hec vaxt unutmurdu, onun yamını (tərəfini), səhvi olsa da belə, heç kimə verməzdi. Ömrünün sonuna kimi, hər zaman ona və bacısı oğluna əl tutmağı özünə borc bilirdi…

Uzun müddət ağır vəziyyətdə olan anası xəstəlikdən və əzab əziyyətdən qurtulmaq üçün özünü ikinci mərtəbədən atmış, ancaq ölməmiş, yarımcan qalmışdı. Yoldaşı Yusif kişi arvadının bu hərəkətini ona bağışlamırdı. Elə ona görə idi ki, onun sağlığına fikir verməzdi. Öz işindəydi. Sanki belə də olmalıymış. O, isə evdə-eşikdə olan nəyi var idisə, qonum-qonşuya verməklə özünü yaşadırdı…

Səriyyə arvad həmişə Malibəylidən söz düşəndə özüylə bağlı maraqlı bir hadisəni danışmağı unutmazdı. Bir gün anasının pal-paltarını ikinci mərtəbədən çırparkən aynabəndin dayaqları qırılır. Nəticədə altıyaşlı qızcığaz üzüquylu aşağıya gəlir. Çarpayısından qalxa bilməyən anası qızının balkondan yıxıldığını görür və cikkə cəkərək evdə olanlara hay salır. Evin yan tərəfinə keçincə hamı Səriyyənin öldüyünü düşünür. Amma belə olmur. Səriyyə yerə düşərkən aynabəndin altında yatan itin düz üstünə düşür. Nəticədə it ölümüylə qızcığazı xilas etmiş olur…

Yeddi yaşında olanda Səriyyənin anası dünyasını dəyişir. Hər şeydə o gündən başlayır. Atası anasının ili çıxmamış ücüncü dəfə evlənəsi olur. Bu arvadın əvvəlki ərindən uşağı olmasa da özüylə uşaqlıqdan saxladığı qardaşı qızını gətirir. Qız gözəl idi. Ancaq sadəlövh olmaqla yanaşı, oxumaqla da qızın heç arası yox idi. Özünü çətin işə verməzdi. Səriyyə isə əksinə. Kitabı əlindən yerə qoymazdı. Oxuyub ağ günə çıxmağı qarşısına məqsəd qoymuşdu. Evdə qara fəhlə kimi işləməklə yanaşı, həm də dərslərindən beş alardı. Analığının ona göstərdiyi “qayğıdan” qurtulmaq üçün niyyəti gələcəkdə müəllimə olmaq idi…

***

Atasının işiylə əlaqədar ailəsi neçə vaxt idi ki Ağdama köçmüşdü. Səriyyədə təhsilini beş nömrəli məktəbdə davam etdirəsi oldu…

O qardaşı Lətifi çox istəyirdi. Anasını itirəndən sonra ona arxa-dayağı kimi baxırdı. Lətif boy-buxunda, həm də bacarıqda yaşıdlarından xeyli seçilirdi. Dərhal qərar verməyi xoşlayırdı. Bu qərarlar bir çox hallarda düz olardı. Elə buna görə idi ki, Lətifin ətrafına xeyli gənc toplamışdı. Lətif onuncu sinifdə oxuyarkən Səriyyə dəhşətli faciənin qarşısını alır…

Analığının qəbul edə bilməyən Lətifin hər zaman onunla sözü çəp gələrdi. Düz gəlməzdi. Hətta bir neçə dəfə gileyləşmişdilər. Səkinə arvad bu barədə ərinə bir söz deməzdi. Məsələni özü həll etmək qərarına gəlmişdi.

Bir gün səsə yuxudan ayılan Səriyyə yataq otağının qapısını açanda dəhşətli mənzərənin şahidi olur…

Özündən asılı olmayaraq qışqırıb həyətə qaçır. Qarşısına maması Xanım çıxır. Dili topuq vursa da, bir təhər nəyin baş verdiyini mamasına anlada bilir. Evdəkilər isə hay-küyü eşidib Lətifdən əl çəkəsi olurlar. Səriyyə sonradan mamasına anladır ki, analığı Səkinə arvad qohumuyla birləşib Lətifi yatdığı yerdə boğub öldürmək istəyirmiş. Səkinə arvad dincliyni Lətifi öldürməkdə görürdü. Bundan xəbərsiz olan Lətif isə Səkinə arvadın yanında gətirdiyi Sənubərə vurulmuşdu. Sənubərin dediyi hər sözü anındaca yerinə yetirərdi. Səkinə arvad bunu hiss edirdi. Amma onun ürəyindən Lətif yox, onun böyük qardaşı Nüsrət keçirdi. Nüsrət isə ikinci dəfə evlənmişdi. Artıq iki uşağı da var idi. Rayonda yenicə məsul vəzifəyə təyin edilmişdi. Arvadın bu hərəkəti yəqin ki, Nüsrətin mülayim, üzüyola olmasıyla yanaşı, həm də Səkinənin şöhrətpərəst olmasından irəli gəlirdi…

Lətifin üzərində qara buludlar dolaşmaqda idi. Özü də bunu hiss edirdi. Evdə çörək yeməyə belə ehtiyat edirdi. Axşamları isə maması Xanımgildə gecələyərdi…

İş atasının başını elə qatmışdı ki, övladları barədə düşünməyə vaxtı qalmırdı…

***

İkinci Dünya Müharibəsinin abu-havası Ağdama yaxınlaşmaq da idi. Yaşı çatanları müharibəyə yığmağa başlamışdılar. Səkinə arvad bu məqamı ötürmək istəmədi. Hər axşam ərinə Lətifdən giley-güzar edər, qulağını lazımsız söz-söhbətlərlə doldurardı. Həhayət qurub-qoşub Lətifi yaşı tamam olmamış müharibəyə yola saldılar…

Səriyyə xəbərı eşidər-eşitməz çox pis oldu. Özünə evdə yer tapa bilmirdi. Elə bil dünya aləm başına uçmuşdu.

İstəkli bacı qardaşın sön görüşü Kötəl arxının üstündə oldu. Aramla axan Kötəl arxı çox belə söhbətlərə şahidlik etmişdi. Bəzən ona danışılan yuxuları belə çox-çox uzaqlara aparar. Ergi düzünün qumsal çöllərində itirərdi. Bu dəfə də şahidlik etmək Kötəlin üzərinə düşmüşdü…

Səriyyə qardaşına nə deyəcəyini bilmirdi. Gövrək anları analığının səsi pozdu. Səriyyəni haylayırdı. Hansısa qohumu qonaq gəlmişdi. Süfrə düzəltmək lazim idi…

Lətifin dediyi son sözü isə bacısı hec vaxt unutmadı:

– Özünü qoru, birdən səni Səkinənin qohumuna ərə versələr getməzsən ha, deyə dilləndi.

– Qayıdacağam, narahat olma,-deyib, bacısını qucaqladı,- Çalış, özünə korluq verməyəsən, deyib özünün yığdığı 5000 rublu bacısına uzatdı…

Ayrılıq məqamında göz yaşlarını saxlaya bilməyən Səriyyə Lətifin arxasınca su atmağı unutmadı.

Bu onların son görüşü oldu…

Heç iki ay keçmədi ki, Lətifin qara kağızı gəldi. Onun harada və necə həlak olması deyilməsə də, Səriyyə qardaşının son günədək sağ olduğuna inanır və hər zaman onun canına and içərdi…

***

Bu bir həyat hekayəsiydi. Səriyyənin həyatının bir parçası. Onu hələ qarşıda çətin sınaqlar gözləyirdi…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO