Sərsəng su anbarı ilə bağlı tədbir keçirilib

Fevralın 19-da Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng – humanitar faciəsinin qarşısının alınması” adlı 18 aylıq layihəsi çərçivəsində görülən işlərin ardıcıllığının ictimailəşdirilməsinə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə müxtləif dövlət rəsmiləri və QHT-lərin nümayndələri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı əhalidən 3000 şikayət və müraciət daxil olduğunu bildirib.

Vitse-prezident Vəli Əlibəyov təmsil etdiyi təşkilatın adıçəkilən layihə çərçivəsində 1976-cı ildən istifadəyə verilmiş, hazırda ermənilərin nəzarətində olan Sərsəng su anbarının yarada biləcəyi fəsadlarla bağlı həm Bakıda, həm də Tərtər rayonunda keçirilən tədbirlər, yerli əhali ilə təmaslar və s. barədə ətraflı məlumat verib.

Daha sonra söz layihənin koordinatoru, ekoloq Samir İsayevə verilib. Samir İsayev çıxışında bildirib ki, layihə çərçivəsində problemin bilavasitə əhatə etdiyi 6 rayonda – Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Goranboy və Yevlaxda əhali arasında aparılan məlumatlandırma və izahat işləri zamanı yerli əhalidən yazılı şəkildə 3000-dən artıq şikayət, təklif və müraciətlər alıblar. Həmin müraciətlər sistemləşdirilərək bütün beynəlxalq təşkilatlara göndərilib. Nəticələr də artıq özünü göstərir. Koordinator buna misal olaraq, ötən ilin iyul ayında Şamaxıdan olan millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Avropa Şurası Parlament Assambleyasının problemlə bağlı artıq qətnamə qəbul etdiyini bildirib.

Dəyirmi masanın işinə qatılan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təmsilçisi Əjdər Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mütəllim Həsənov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov və başqaları ermənilərin Sərsəng su anbarı vasitəsilə ətraf rayonların əhalisini daim təhlükə altında saxladıqlarından, qış aylarında suyu açıb buraxaraq Tərtər çayını məcrasından çıxarmalarından, yay aylarında isə əksinə, həmin əraziləri susuz qoymalarından, aparılan monitorinqlər zamanı suyun çirkli və hətta suvarmaya belə yararsız hala salınması faktlarlarından danışıblar. Dəyirmi masanın yekununda AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov layihə çərçivəsində növbəti görülən işlər barədə də ictimaiyyəti mütəmadi məlumatlandıracaqlarını, AVCİYA-nın hazırda paralel olaraq Sərsəng su anbarı ilə bağlı jurnalistlər arasında yazı, rəssamlar arasında rəsm müsabiqələri apardığını da söyləyib.

Qeyd edək ki, tədbirdə Qətər, İraq və digər ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər.
– See more at: http://karabakhinfo.com/xeber/2517-karabakhnfotv-srsng-su-anbari-il-bagli-tdbir-kecirilib-vdeo.html#sthash.6JgZKLGb.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO