Rusiya və Azərbaycanın gənc ictimaiyyətçiləri vahid informasiya məkanı uğrunda çıxış ediblər

Sankt-Peterburqda keçirilən VII Rusiya-Azərbaycan Gənclər Forumu başa çatıb.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeddinci dəfə keçirilən tədbir bir çox iştirakçılar üçün ilk bu cür təcrübə olub. Forumun təşkilatçıları -RF Elm və Ali Təhsil Nazirliyinin və Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin dəstəyi ilə “Rusiyanın gənclər və uşaq birlikləri Milli Şurası”” İctimai Birliklər Assosiasiyası, həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurası bu faktı nəzərə alıblar. Üç gün ərzində onlar istər iki dost ölkə arasında vahid informasiya məkanının yaradılması barədə ciddi diskussiyaları, istər gənclərin biznes layihələrinin inkişafı təkliflərinin hazırlanmasını və qeyri-formal görüşlərin keçirilməsini, istərsə də Rusiyanın hamını heyran edən ən gözəl şəhərlərindən birinə ekskursiyanın təşkilini bir araya sığdıra biliblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Fəridə Əsgərzadə deyib: “Mən forumun təşkilatçılarına təşəkkürümü bildirmək istərdim. Bizim bütün təkliflərimiz nəzərə alındı. Biz “Gənclər üçün biznes və sosial sahibkarlıq” adlı bölməmizdə 2020-2021-ci illər üçün fəaliyyət planını hazırladıq və buradakı təkliflər diqqət və anlayışla qarşılandı. Ümumilikdə, bu günlər çox məhsuldar oldu, hətta biz istədiklərimizin hamısının müzakirəsini çatdıra bilmədik. Yaxşı ki, sosial media var və biz söhbətlərimizi davam etdirərək ideya mübadiləsi və layihələrin təqdimatını aparırıq. Azərbaycanda hər hansı Qərb təcrübəsi tətbiq edilməsindən asılı olmayaraq, Rusiya bizim üçün doğmadır. Çox xoşdur ki, yeni əlaqələrimiz yaranıb, bir-birimizi daha yaxından tanıyırıq və doğma insanlarla yeni bağlar əmələ gəlib.”

Bütün iştirakçılar forumda görüşlərin hər iki tərəf üçün faydalı və mühüm olduğunu bildiriblər. Əsas vəzifələrin arasında mədəniyyətlərarası dialoq üzrə iş təcrübəsinin öyrənilməsi və mübadilənin aparılması, müasir media məkanında fəaliyyətdir. Bu məqsədlə nümayəndə heyətlərinin mübadiləsi təklif edilib. Bu addımın iki ölkənin gəncləri arasında əlaqələri yaxşılaşdıracağı və dərinləşdirəcəyi heç kimdə şübhə doğurmur.

Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev forumun yekunlarının müzakirəsi vaxtı qeyd edib: “Burada yaxşı sözlər söyləndi – “təbii müttəfiqlər”. Rusiya və Azərbaycan həmişə qlobal məsələləri birlikdə müzakirə edirlər Avropada dəyirmi masaların arxasında heç də hamının düzgün başa düşmədiyi konsensus da əldə edirlər. Bizdə təkcə diplomatlar deyil, həm də ictimai strukturlar bir-birini çox yaxşı anlayırlar. Bizi keçdiyimiz uzun yol birləşdirir, Rusiya və Azərbaycan bu yolun bütün mərhələlərində birlikdə olublar. İndi siyasət, elm, mədəniyyət, ictimai münasibətlərdə bizim aramızda həqiqətən harmonik münasibətlər var və bu baxımdan gənclər forumunun da uğurla keçməsi təəccüblü deyil”.

Rusiya və Azərbaycan arasında vahid informasiya məkanının əhəmiyyətindən danışan Sankt-Peterburqdakı Azərbaycan Gənclər İttifaqının üzvü, tələbə Gülşən Amanulayeva deyib ki, hər iki ölkənin gənclərinin internet və sosial şəbəkələr dövründə bir-biri haqqında dolğun və doğru informasiyaya ehtiyacı var. Onun sözlərinə görə, bu, gənclərin bir-birini yaxşı başa düşməsi ilə yanaşı, həm də yanlış təsəvvürlərlə mübarizə aparmağa kömək edəcək.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya qeyd edib ki, vahid informasiya məkanının yaradılmasından regional mətbuat festivallarından tutmuş, hökumət müşavirələrindək bir çox səviyyələrdə söhbət gedir. “Bu, o deməkdir ki, Rusiya və Azərbaycan bir-birinə doğru daimi hərəkətində həm biznes, həm təhsil layihələrində, həm də sadə insani əlaqələrdə obyektiv məlumatlara ehtiyac duyurlar. Yəni ki, biz inteqrasiya amili kimi böyük informasiya meydançasının yaradılmasından danışa bilərik. Bu platforma ölkələrimizin iqtisadi və ictimai inkişafına kömək edəcək”.

Ekspert qeyd edib ki, bu istiqamətdə, habelə digər məsələlər üzrə gənclərin bütün təşəbbüslərini A.Qorçakov adına İctimai Diplomatiyaya Dıstək Fondu inkişaf etdirməyi vəd edib. Gənclərə Fondun qrantlarını almaq üçün öz layihələrini göndərmək təklif edilib.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dmitri Savelyev deyib: “Yeddi il əvvəl keçirilən Rusiya-Azərbaycan Gənclər Forumu elə-belə baş tutmadı. Gənclər bizim gələcəyimizdir və mühüm idi ki, dost ölkələrin gəncləri bu ənənəvi mehriban qonşuluğu qoruyub saxlasınlar, bir-biri ilə dialoq qursunlar, bir-birinin mədəniyyəti və həyatı barədə daha çox məlumata malik olsunlar. Eyni zamanda, bu təşəbbüs təkcə yuxarıdan gəlmirdi, bəlli idi ki, gənclər özləri də bu ünsiyyəti istəyirlər, onların informasiyaya, təcrübə mübadiləsinə ehtiyaclar var. İndi biz görürük ki, bu hərəkat ildən-ilə güclənir, dövlətlərimizə fayda verir, Rusiya və Azərbaycan arasında dostluq münasibətlərini möhkəmləndirir”, -deyə rusiyalı deputat vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO