Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) respublikada DVB-T rəqəmli TV yayımının tətbiqi ilə bağlı görülən işlərə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, müzakirədə nazir Əli Abbasov TV yayımına keçidlə əlaqədar NK-nın 10 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”na əsasən, hazırda ölkə əhalisinin 85%-nin Rəqəmli TV proqramlarını qəbul etdiyini və cari ilin sonuna kimi bütün ölkə ərazisində qəbulun təmin olunması üçün aparılan işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, analoq yayımından fərqli olaraq rəqəmli yayıma keçid paytaxtda seyr olunan bütün TV proqramların ölkənin istənilən yaşayış məntəqələrində efir vasitəsilə yüksək keyfiyyətlə qəbulunu mümkün edir.
Eyni zamanda qarşıya qoyulan məqsədə çatmaq üçün rəqəmli yayımın üstünlükləri və keçidin həyata keçirilməsi ilə bağlı əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, müzakirələrdə rəqəmli TV yayımının stimullaşdırılması üçün ölkəyə rəqəmli televizor və çevirici qurğuların gətirilməsi və ölkədə istehsalı ilə bağlı zəruri tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması qeyd olunub.
Müzakirələr zamanı Rəqəmli TV yayıma keçidlə əlaqədar tezliklərdən səmərəli istifadə edilməklə regional TV şirkətlərinin də rəqəmli yayıma keçidi ilə bağlı tədbirlərin görülməsi tapşırılıb. Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmaqla cari ilin sonunadək TV yayımının mərhələlərlə dayandırılmasının məqsədəuyğunluğu söylənilib.