Romada “Baku” jurnalının təqdimat mərasimi olub

İtaliyanın paytaxtında “Baku” jurnalının təqdimat mərasimi olub.

SalamNews-un məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Romada “Baku” jurnalının təqdimat mərasimini İtaliyanın tanınmış teleaparıcısı Massimo Ginni açaraq, Azərbaycanın malik olduğu mədəni dəyərlər haqqında qonaqlara məlumat verib.

“Baku” jurnalını qədim Roma şəhərində təqdim etməkdən məmnunluq ifadə edən Leyla Əliyeva bildirib ki, jurnalı təsis edərkən əsas məqsədi beynəlxalq miqyaslı dərgi hazırlamaq olub.

Ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnalın hazırda Roma, Paris, Berlin və Nyu-Yorkda yayıldığını qeyd edən Leyla xanım Əliyeva deyib ki, “Baku”da Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və adət-ənənələri, həmçinin müxtəlif sənət adamları haqqında məlumat verilir.

O, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə də məlumat verib və bildirib ki, Fond Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi sahəsində böyük işlər görür və YUNESKO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə iri layihələr həyata keçirir.

Mərasim Azərbaycan incəsənət ustalarının çıxışı ilə davam edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO