Mətbuat Şurası mütəmadi olaraq hansısa qəzetləri “reket nəşr” elan edərək onları özünün “qara siyahısı”na salır. Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin verdiyi ən son məlumata görə, indiyədək 89 qəzet və jurnal “reket nəşr” elan olunub.
Sirr deyil ki, jurnalistikamızda standart qanunlar çərçivəsindən kənara çıxanlar arasında (“reket jurnalistlər”) qadınlar da az deyil. Belədə maraqlıdır, “reket qəzet” adlandırılan mətbu orqanların işçiləri arasında qadınlar çoxdur, yoxsa kişilər?
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyanın sədri Vüqar Rəhimzadə Modern.az saytına açıqlamasında bildirib ki, “reket jurnalistika” ilə məşğul olan şəxslər arasında müxtəlif formalarda həm qadınlar, həm də kişilər var. Onun sözlərinə görə, “qara siyahı”ya düşən nəşrlərin işçiləri arasında kişilər qadınlara nisbətən üstünlük təşkil edir.
“Reket jurnalistika”da xarici görünüşcə gözəgəlimli qadınlardan müəyyən məqsədlər üçün istifadə edilməsi və buna görə də onların çoxluq təşkil etməsi barədə deyilənlərə gəlincə, Vüqar Rəhimzadə bu cür situasiyaların da olduğunu təsdiqləyib.
“Peşə-davranış qaydalarının pozulmasında, bəli, qadınlardan istifadə edilməsi halları ilə də rastlaşırıq. Onları daha çox rayonlara göndərirlər. Amma böhtan, şərəf və ləyaqətin alçaldılması və bu kimi digər məsələlərlə bağlı kişilər üstünlük təşkil edir”.