Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Toplantıda 8 qəzetlə bağlı materiallar araşdırılaraq rəylər çıxarılıb.
Komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müzakirə ediləcək məsələlər barədə məlumat verib. Bildirib ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasının son iclasında «Yeni axtarış» və «Polit press» qəzetləri ilə əlaqədar araşdırmaların aparılması üçün müvafiq sənədlər təqdim edilib. «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının üzvləri bu sənədlərlə tanışlıqdan sonra rəyə gəliblər ki, hər iki mətbu nəşrin fəaliyyətində «reket jurnalistika»ya xas cəhətlər özünü göstərməkdədir. Belə ki Azərbaycan Müəllimlər İnstitutunun Qazax filalının və Salyan Rayon İcra Hakimiyyətinin «Polit press», Ağdam Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin və rayondakı Sukanal İdarəsinin «Yeni axtarış» qəzetləri ilə bağlı müraciətlərində, həmçinin əldə olunmuş digər sənədlərdə bunu təsdiqləyən ciddi məqamlar var. Komissiya üzvləri Mətbuat Şurasının İdarə Heyətinə nəşrlərin adının MŞ-nin «qara siyahı»sına salınmasına dair təqdimatın ünvanlanmasını məqsədə müvafiq sayıblar.
İclasda məlumat verilib ki, Gəncədə çıxan «Düz xəbər» qəzetinin baş redaktorunun peşə səlahiyyətindən sui-istifadəyə yol verməsi, dələduzluğa görə saxlanılması da bu mətbu nəşr barədə müvafiq ölçü götürülməsinə əsaslar verir. Lakin komissiya üzvləri məsələyə hüquqi müstəvidə qiymət verildikdən sonra qayıdılmasını məqsədə müvafiq sayıblar.
İclasda adlarında «kriminal» sözü olan bir sıra mətbu orqanların peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri barədə Mətbuat Şurasına şikayətlərin daxil olduğu bildirilib. Komissiyanın və Şura Katibliyinin mövcud istiqamətdə araşdırmalar aparmasının zəruriliyi barədə rəyə gəlinib.
İclasda həmçinin adları Şuranın «qara siyahı»sında yer alan «reket nəşr»lərin fəaliyyətlərinin ayrı-ayrı vətəndaşlara vurduğu ziyanın ictimai motivlərinin daha geniş şəkildə çatdırılması üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.