Regional Jurnalistika Məktəbi başladı

Bu gün Bakıda Regional Araşdırmaçı Jurnalistika Məktəbinin ilk toplantısı başlayıb. 3 gün davam edəcək tədbirdə Azərbaycandan əlavə 3 ölkənin – Qazaxıstan, Gürcüstan və Ukraynadan olan jurnalistlər dəvət edilib.

Təlimlərdə nüfuzlu jurnalist mükafatlarının laureatları, araşdırma jurnalistikasında yüksək nailiyyət əldə edən media nümayəndələri iştirak edir. Trenerlər arasında yerli ekspertlərlə yanaşı, Qərb ölkələrindəki müxtəlif media institutlarının təmsilçiləri var.

Təlimini ilk günündə Revenue Watch İnstitutunun məruzəçisi İnqilab Əhmədov və iqtisadçı İlham Şaban neft gəlirlərinin şəffaflığı ilə bağlı araşdırma üsullarından danışıblar. Bu günün ikinci yarısında İNSEAD Sosial Təşəbbüslər Mərkəzindən Mark Li Hanter araşdırma jurnalistikasının əsasları barədə iştirakçılara xəbər verəcək.

Təlimin növbəti günlərində Brunyel və Vestminster Universitetinin məruzəçisi Murrey Dik onlayn araşdırmanın üstünlüklərindən danışacaq. Danimarkanın SCOOP mərkəzinin təmsilçisi Tom Heinmann isə əsasən qarşılıqlı jurnalist araşdırmalarının növləri haqqında söz açacaq.

Regional Araşdırmaçı Jurnalistika Məktəbi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun təşəbbüsü ilə keçirilir. Hər ölkədə məktəbdə iştirak üçün müraciət edən jurnalistlər arasında seçim aparılandan sonra onlardan yalnız 5 nəfəri treninqə dəvət edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO