Qeyri-ixtisaslı jurnalistlər: “Zəhmətimin bəhrəsini görmədim, ədalətsiz dünyadı” – RUBRİKA

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

Maaş azlığı jurnalist Arzu Abdullanın öz ixtisası üzrə işləməyinə mane olub: “İxtisasca filoloqam. Bakı Qızlar Universitetini bitirmişəm. 12 gün İlyas Əfəndiyev adına Gimnaziyada praktikada olmuşam, vəssalam. Amma elə tələbəlikdən jurnalist kimi çalışmışam. Öz ixtisasımı davam etdirməməyimə səbəb gimnaziyadakı uşaqların həddən artıq dəcəlliyi oldu (gülür). Doğrusu, gözüm qorxdu. Eyni zamanda müəllimlərin maaşının azlığı da əsas səbəblərdən oldu. Çünki kirayədə qalırdım və bu pul çox az idi.

Bütün kənd uşaqları kimi mənim də arzum müəllimə olmaq idi. Lakin ali məktəbə

çox gec qəbul olundum. Jurnalist olmaq istəyirdim. Və çox şükürlər olsun Allaha, deyəsən, bu alındı. İlk yazım “Faktor” qəzetində çıxdı. Qonşuluqda yaşayan 120 yaşlı, irəvanlı Püstə nənədən yazmışdım. Daha sonra yazım “Ədalət” qəzetində dərc olundu. Beləcə, mətbuata gəldim. “Nəbz”, “Azadlıq” qəzetlərinə, “Ulduz” jurnalına və sonra nə qədər gülməli olsa da, demək olar ki, bütün mətbu orqanlara yazdım.

Bu sahədə çox əziyyət çəkdim. Üstəlik, 6 aydır işsizəm. Bu isə jurnalistikada o qədər də arzuolunan biri olmadığımı anlatdı mənə. Yəni zəhmətimin bəhrəsini görmədim, layiq olduğum qiyməti görmədim. Neyləmək olar, ədalətsiz dünyadı”.

“Xəzər” TV-nin əməkdaşı Billurə Əmirova peşmançılıq sözünü sevmir“İxtisasca teatrşünasam. Amma hər zaman diplomat, yaxud telejurnalist olmaq istəmişəm. Xatırlayıram, atamın abunə olduğu bütün qəzetləri atamdan öncə oxuyardım. Xüsusilə, xəbərləri oxumağı, üstəlik səsli şəkildə, xüsusi həyəcanla oxumağı çox sevirdim. Sanki bizim yaşadığımız tarixi dövr, uşaqlığımın keçid dövrünə, müharibə illərinə təsadüf etməsi artıq mənim kim olacağım qərarını vermişdi. Xəbərçiliyi sevməsəm də, xəbər çatdırmağı çox sevirdim. Mirşahin Ağayev, Çingiz Mustafayev məndə jurnalistikaya maraq yaradan insanlardı. Hesab edirəm ki, jurnalistika həyat tərzidi, təcrübədi. İstər şəxsi keyfiyyətlərim – müşahidə etmək, analiz etmə qabiliyətim, maraqlarım, sual verməyi sevməm, araşdırmaya meyilliliyim, sosial-ictimai hadisələrin analizinə güclü marağım, istərsə də, aldığım ixtisasın zənginliyi, imkanları mənə bu sahəni seçməyə imkan verirdi. Ən əsası mənim jurnalistikaya xüsusi və bitməyən sevgim. Digər tərəfdən də qismət. Bunu mütləq vurğulamaq lazımdır. Təhsil aldıqdan sonra ilk iş yerim məhz qəzet oldu. “Bizim əsr” qəzeti ilə əməkdaşlıq etdim. Daha sonra “Lider” TV, sonra ANS TV, hazırda “Xəzər” TV. Hər bir media qurumu mənim üçün böyük təcrübə oldu. Çox şey öyrəndim. Güclü istək, bu sahəyə sevgi, zəhmət… Necə deyərlər, niyyətin hara mənzilin də ora. Mən işimi çox sevirəm. Hazırda “Xəzər”  TV-də çalışıram, müəyyən vəzifəm də var. Amma mənim üçün televiziyada müxbir, aparıcı, redaktor qədər doğma olan başqa bir iş yoxdur. Əvvəl xəbər sahəsində olsam da, hazırda işim verilişlərlə bağlıdır. Kadr arxasında qalsam da, canlı efirin hazırlanması, mövzu seçimi, yanaşma, qonaqların təyini, verilişin sona qədər maraqlı alınmasına qədər bütün yükü üzərimdə hiss edirəm və bu mənə həyəcan, məsuliyyətilə yanaşı, böyük zövq verir. Televiziyanı çox sevirəm, özümü mediadan kənar hər hansı bir sahədə, idarədə, müəssisədə təsəvvür edə bilmirəm. Bəlkə də bu mənim xarakterimlə bağlıdır. Həddindən artıq enerjili və hiperaktivəm. Dəyişikliyi, rəngarəngliyi, yeniliyi, dinamikanı, inkişaf etməyi, öz üzərimdə çalışmağı çox sevirəm. Jurnalistikaya gəldiyim üçün qətiyyən peşman deyiləm. Bu sözü sevmirəm. Əgər qədərdə yazılanı yaşayıramsa, peşmançılığın bir anlamı yoxdur. Bəlkə də o zaman peşman olardım ki, kollektivdə qeyri-səmimi münasibət olsun. Çalışdığım şirkətin rəhbərliyi, kollektivi, insani keyfiyyətlər mənim üçün önəmli məsələlərdir. Düşünürəm ki, bu cəhətdən bəxtim gətirib”.

“ANSpress” saytının redaktoru Zülfiyyə Qurbanova düşünür ki, jurnalistika qadın sənəti deyil“Öz ixtisasım pedaqojidir, yəni ixtisasca müəlliməyəm. Mirzə Ələkbər Sabir adına Pedaqoji Texnikumu və Pedaqoji İnstitutun İbtidai təhsilin metodikası fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə cəmi 7 ay işləmişəm. Xaçmaz rayonunun Çarxı kənd məktəbində dərs demişəm. Ailə qurduğum üçün Bakıya köçmüşəm və işi buraxmışam.

Uşaqlıqda heç vaxt müəllimə olmağı arzulamamışdım. Pedaqogikanı mən yox, ailəm seçib. 8-ci sinfi bitirdikdən sonra sənədlərimi pedaqoji texnikuma verməsəydilər, çətin ki, o peşəni seçərdim. Müəllimlik olduqca müqəddəs və ağır peşədir. Amma yaşıdlarımın çoxu kimi qoltuğumda jurnal sinfə girmək xəyalları qurmamışdım. Hüquqşünas olmaq istəyirdim, vəkil və ya müstəntiqlərə həsədlə baxırdım. Ümumiyyətlə, kişilərə xas sənətləri sevirdim. İndiki qızlar kimi müğənni və ya sənətçi olmaq ağlımdan keçməyib. Mən Sovet dövrünün yetirməsiyəm, uşaqlığım və yeniyetməlik çağlarım SSRİ-nin var olduğu illərə təsadüf edib. Bizim dövrün uşaqlarının kumirləri kosmonavtlar və qəhrəmanlar idi. Demək istədiyim budur ki, biz fərqli cəmiyyətdə, başqa dəyərlərin hökm sürdüyü zəmanədə böyümüşük.

Jurnalistikaya gəlişimə gəlincə isə, mən bunu həyatın qanunauyğunluğu hesab edirəm. Çünki insan gec və ya tez arzusuna çatır və buna bütün qəlbimlə inanıram. Çox qəzetlərdə və jurnallarda müxbir və redaktor vəzifələrində çalışmışam. İlk çalışdığım qəzet “Xalq nəzarəti” olub. Bu qəzetin adı sonradan reket qəzet olaraq “qara siyahı” ya düşdü. Təsisçi qəzeti başqa bir adam həvalə etdiyindən nəticəsi belə oldu. O qəzetdə işləyən elə jurnalistlər tanıyıram ki, indi ölkənin sayılıb-seçilən telekanallarında və digər media qurumlarında çalışırlar. Sonralar çox redaksiyalarda işləmişəm. Hamısını sadalasam uzun olar. Artıq çapı dayandırılmış “Kapital” adlı iqtisadiyyat jurnalında redaktor olmuşam. “Adəm və Həvva” jurnalında müxbir və redaktor, “Femida” jurnalında redaktor, “Şou Akademiya” qəzetində redaktor olmuşam. 2008-ci ilin əvvəlindən “ANSpress”dəyəm. Məşhur “İstiot” jurnalının çapı dayandırılana qədər redaksiyanın əməkdaşı olmuşam. 2010-cu ildən, yəni jurnal bağlanandan “ANSpress” saytındayam. Əvvəlcə müxbir, sonra isə redaktor vəzifəsinə təyin edilmişəm.

Müxtəlif mövzularda yazsam da, nədənsə şou yazar kimi tanındım. Əslində mənim jurnalistikaya gəldiyim dövrlərdə bütün Azərbaycan yalnız şou ilə maraqlanırdı, telekanallarda ancaq şou proqramlara baxılırdı və mən də medianın nümayəndəsi olaraq istəməyərəkdən bu axına düşdüm. Ciddi mövzularda deyə bilməyəcəyimi bu sahədə deyirdim. Peşman deyiləm. Çünki təvazökarlıqdan uzaq olsa da, şou yazarlar arasında fərqli reputasiyaya malikəm. Artıq yavaş-yavaş şoudan uzaqlaşıram, insan yaşlandıqca daha ciddi məsələlər barədə düşünmək istəyir və şou artıq məni maraqlandırmır. Artıq cəmiyyət də dəyişib, insanlar daha ciddi xəbərlər istəyirlər. Oxucularımızın səviyyəsi artıb, bunu xəbərlərin baxış sayına görə deyə bilərəm. Əvvəllər saytımızda şou, kriminal, idman və həyat tərzi rubrikaları çox oxunurdusa, indi siyasi və iqtisadi yazılar da onlardan geri qalmır.

Jurnalistikaya gəldiyim üçün heç vaxt peşman olmamışam desəm, yalan olar. Jurnalistika qadın peşəsi deyil, mənim düşüncəmə görə, mən əsl jurnalistikanı nəzərdə tuturam. Əsl jurnalistlər mənim nə demək istədiyimi anlayacaqlar…Yazmaq istədiyim çox şeylər var. Deyərdim ki, yazmadıqlarım yazdıqlarımdan daha çoxdur. Ömür imkan versə, qismət olsa, “YAZA BİLMƏDİKLƏRİM” adlı kitab yazacam. Mən qeyri-ixtisaslı jurnalist olsam da, özümə peşəkar jurnalist deməyə tam haqqım çatır. Çünki mən ən azından ANS məktəbi keçmişəm və illərdir Mais Məmmədov kimi jurnalistikanın magikanının iclaslarında otururam”. 

ANS TV-də “Cinayət işi” verilişinin rəhbəri, müəllifi və aparıcısı Rəşad Abbasov nə vaxtsa televiziyada işləyəcəyini düşünməyib“İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. İlk iş yerim ANS TV olub. 2004-cü ildə ANS-də reallaşdırılan ilk akademiyasına imtahanla qəbul oldum. Burada bir neçə ay oxudum, sonra bir neçə imtahandan keçərək, yüksək balla işə qəbul olundum.

Əslində müharibə illərindən ancaq ANS-i izləyirdim. Bu kanala böyük rəğbətim olub. Amma səmimi deyirəm ki, nə vaxtsa televiziyada işləyəcəyimi düşünməmişəm. Özümün ərzaq mağazam olub, ona nəzarət etmişəm. 2003-cü ildə əsgərlikdən gələndən sonra mağaza ilə yanaşı, artıq öz ixtisasıma uyğun iş də axtarmağa başladım. Amma variantlar maaş və iş cəhətdən sərf etmədi. Çünki ortada olan belə deyək, iş düzəltmə sözlərini verənlərə inanmırdım. Dəllallara inanmadım, tanışlara, qohumlara müraciət etdim, yenə də ixtisasıma uyğun iş tapmadım. Dedilər, staj olmalıdır. Mən də dedim, axı universiteti bitirib əsgərlik çəkmiş bir gəncin iş təcrübəsi hardan ola bilər? Nə isə, bir illik axtarışlar bir nəticə vermədi. Daha sonra evdə ANS ÇM radiosuna qulaq asırdım. Birdən bir elan eşitdim ki, ANS Akademiya yaradır- Jurnalistika Akademiyası. Əsgərlik çəkmişlər, universitet bitirmişlər müraciət edə bilər. Ancaq necə müraciət etməyi hər dəfə çatdırıb eşidə bilmirdim. Sonda bir e-mail deyilirdi, amma hər dəfə gecikirdim. Yadımdadı, elanı indiki millət vəkilimiz Qənirə Paşayeva səsləndirmişdi. Nəhayət, sənəd qəbulunun sonuncu günü günorta saatlarında elanı tam tuta bildim və gedib internet klubdan öz CV-mi göndərdim. Amma inanmırdım zəng ola mənə. Bir gün sonra çağırdılar, gəldim, seçimdən keçdim. Və bayaq dediyim kimi, bir neçə aylıq dərslər, sonra imtahanlar, praktika və nəhayət, işə götürüldüm. Vahid Mustafayev, Seyfulla Mustafayev, Mirşahin Ağayevdən dərs aldım. Bütün incəliklər və ANS konsepsiyası, o cümlədən digər bir çox müəllimlərdən başqa lazımı dərsləri öyrəndim. Yəni teleməkana təsadüf nəticəsində gəldim. Amma bu gün ANS məktəbini keçmiş və bu sahədə bir çox incəlikləri bilirəm. Hətta universitetdə oxuduqlarımdan daha çox biliyim var bu sahədə. ANS bunu mənə öyrəydi.

2005- 2006-cı ilin əvvəli “İç xəbər” verilişində reportyor oldum. 2006-dan 2009-a qədər “Növbətçi” verilişinin aparıcısı, 2009-da bu verilişin rəhbəri oldum. Elə bu ilin ortası “Cinayət işi” verilişi də mənə həvalə olundu. 
2013-cü ildə isə “İç xəbər” in rəhbəri və aparıcılığı da mənə verildi. 2014- cü ilin yanvarınadan isə ancaq “Cinayət işi” verilişinin rəhbəri, müəllifi və aparıcısıyam. Amma kömək olaraq “İç xəbər” və “Növbətçi” verilişlərini də aparıram.
Jurnalistikada çalışdığım üçün heç peşman deyiləm. Həyatın hər bir üzünü açıq göstərir bu sahə. Razıyam”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO