Prezident 60 jurnalisti qəbul etdi və söz verdi…

“Jurnalistlərin problemlərilə yaxından maraqlanacağam”

Türkiyə Qəzetçilər Federasiyasının Ankaraya toplaşan 60-a yaxın üzvünü prezident Abdulla Gül qəbul edib. Görüşdə jurnalistlər prezidentdən mətbuat azadlığı önündəki maneələrin qaldırıllmasını tələb ediblər.

Gül jurnalistlərin problemlərilə yaxından maraqlanacağına söz verib.

Modern.az Türkiyə Qəzetçilər Federasiyasına istinadən bildirir ki, qurumun sədri Atilla Sertel prezidentin dövləti təmsil etdiyini deyərək jurnalistlərin problemləri üçün dəstək istədiklərini dilə gətirib. Sertel “1961-ci ildə əldə etdiyimiz haqlar tək-tək geri alındı. İctimai haqlar ortadan qalxdı. Keçmişdə jurnalistlər başı dik bir şəkildə cəmiyyət içində gəzir, cəmiyyətə nümunə göstərilir, ailəsini də aldığı maaşla dolandıra bilirdi. Ancaq bu gün məsələ çox çətindir” deyə Gülə müraciət edib.

A.Sertel “hörmətli Prezident, biz jurnalistlər köhnəlmirik. Vanda zəlzələdə ölürük. Xəbər təqiblərində can verə bilirik. Bir çox qarşıdurmanın ortasında qalıb bibər qazı yeyə bilirik, yaralana bilirik. 2008-ci ilə qədər var olan haqqımızı 2008-ci ildə çox təəssüf ki, itirdik. Bu haqqın geri verilməsini istəyirik” deyə danışıb.

Jurnalistlərin rəhbəri Avropa Birliyinin hesabatlarında Türkiyənin söz azadlığıyla əlaqədar tənqidlərə məruz qalmasından qayğılandıqlarını da dilə gətirib: “Türkiyənin yaşadığı bu durum xaricdə müsbət qarşılanmır. Bunları həll edəcək tək yer parlamentdir. Sizdən jurnalistlərin haqlarını müdafiə etmədə dəstək gözləyirik”.

Abdulla Gül jurnalistlərin yaşadığı problemləri izlədiyini və Türkiyə Qəzetçilər Federasiyasının bu problemləri davamlı olaraq dilə gətirməsinin də böyük əhəmiyyət daşıdığını söyləyib. Dilə gətirilən mövzularla əlaqədar nazirlərlə görüşəcəyini ifadə edən Gül “yazıya, düşüncəyə görə mühakimə olmamalıdır. Uzunmüddətli həbs vicdanları yaralayır. Həbs müddətlərinin cəzaya çevrilməməsi mövzusunda həssasam. Baş nazirin müavini Bülənt Arınç da daxil olmaqla jurnalistlərin ictimai haqlarının qaytarılması üçün nazirlərlə görüşlər keçirəcəm” deyə bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO