Parlament jurnalistəri 2013-cü ilin fəal deputatlarının adlarını açıqladı

Parlament Jurnalistləri Birliyi (PJB) dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2013-cü ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB sədrinin müavini Aqil Aslan Modern.az-a bildirib ki, 50 jurnalistin iştirak etdiyi sorğunun nəticələrinə əsasən dörd nominasiya üzrə qaliblər müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə 15 deputat ilin ən fəalı seçiliblər.

«İlin fəal millət vəkili» nominasiyasının qalibləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sabir Rüstəmxanlı, İqbal Ağazadə, Əli Hüseynli və Elmira Axundova olub.

Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

«Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili» nominasiyasının qalibləri isə Mehriban Əliyeva, Qənirə Paşayeva və Vahid Əhmədov olub.

Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər.

«Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət vəkili» nominasiyasının qalibləri Bahar Muradova, Rövşən Rzayev və Fuad Muradovdur.

Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda – AŞ PA, ATƏT PA, Avronest PA-da fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili” nominasiyasının qalibləri isə Mehriban Əliyeva, Abel Məhərrəmov və Azay Quliyev olub.

Bu nominasiyanın qalibləri Milli Məslisin 2013-cü ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən ediliblər.

Sorğunun nəticələrindən göründüyü kimi Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iki nominasiya üzrə («Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili» və “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili”) qalib seçilib.

PJB sədrinin müavini deyib ki, Mehrban Əliyeva yeganə millət vəkilidir ki, iki nominasiya üzrə jurnalistlərin səsini qazanıb: “Parlament jurnalistlərinin böyük əksəriyyətinin qənaətincə Mehriban xanım nəinki təmsil etdiyi seçki dairəsində, bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir. Həmçinin ötən il mayın 7-də Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə Amnistiya haqqında qanun layihəsi qəbul olunub və bu amnistiya aktı 9 min nəfərə şamil olunub”.

Aqil Aslan həmçinin bildirib ki, sorğu nəticəsində parlamentin 2013-cü ildəki ümumi fəaliyyətinə və qurumun mətbuat xidmətinin fəaliyyətinə də qiymət verilib.

Belə ki, «Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü ildəki ümumi fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən parlament jurnalistlərinin 46 faizi «qənaətbəxş», 24 faizi «qeyri-qənaətbəxş», 30 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.

«Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti dövründə qurumun mətbuat xidmətinin fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən sorğu iştirakçılarının 68 faizi «qənaətbəxş», 10 faizi «qeyri-qənaətbəxş», 22 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.

Aqil Aslan onu da qeyd edib ki, bu, PJB-nin Milli Məclisdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sayca 9-cu sorğudur. “Millət vəkillərinin fəaliyyətinin qiymətləndirilməsi Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və layihəsidir.

Biz artıq 9-cu ildir ki, dörd nominasiya üzrə ilin fəal deputatlarını sorğu əsasında müəyyən edib onları cəmiyyətə təqdim edirik”, – deyə PJB sədrinin müavini bildirib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO