Musa Yaqub: «Ad dövləti verdiyi paydır versələr sağ olsunlar, verməsələr də özləri bilərlər»
Zənnimcə, Musa Yaqubu əşədü təqdim etməyə ehtiyaca yoxdur. O şeirimizdə öz səsi olan şairdir. Amma çoxdandır ki, onunla əlaqə saxlaya bilmirdik, sağ olsun Zaur Qəriboğlunun. Onun köməkliyi ilə Musa müəllimlə əlaqə saxladıq. Musa müəllim o qədər yavaş-yavaş danışır ki, diktofon yazmaqdan yorulur, evə gəlib yazını kompuyuterə köçürəndə görürsən ki, cəmi bir səhifəlik yazı da alınmır. Nə də mövzulara o qədər dəqiq yanaşır ki, onu danışdırmaq üçün bir-iki cümlə deyib keçir. Razılaşdığı məqama isə bircə “hə” deməklə kifayətlənir. İndi di gəl oğulsansa, əyləş, 45 dəqiqəlik söhbətdən gör nə qədər az söhbət qalır ortada.
– Musa müəllim, bu gün xeyli sayda bədii əsərlər, romanlar yazılır. Oxucuların olmadığı, ədəbiyyatın zəiflədiyi dövrdə bu qədər əsər sizə çox görünmür ki?
– Sovet dövründə əsərlər cürbəcür şuralardan keçirdi, müzakirə olunurdu, redaktorların əlindən keçirdi, rəyçilərə verilirdi. Bir romanı bir neçə yazıçı, rəyçi fikrini bildirirdi. Sonra dövlət planına daxil olunurdu, nəhayət kitab çap olunurdu. Bu gün söz azaddır deyə, qələm tutan başlayır şeir, yazmağa. Nəşriyyatlar da təsərrüfat hesabına işləyən müəssisə olduğuna görə hər cür əsəri qəbul edir. Hərə də öz yazdığını vurur qoltuğuna ki, kitab yazmışam. Mən o vaxt deyirdim ki, hər nəşriyyatın öz kitab dükanı olsun. İndi zəif əsərlər qarışıq qüvvətli əsərə, oxucular da acığından heç bir əsəri oxumurlar. Əslində ciddi ədəbiyyat çox az çap olunur. Bu mənada məncə, əsərlər demək olmaz ki, çox tələb olunur. Əsər oxunmaq üçün gərək əsl ciddi ədəbiyyat nümunəsi olsun.
– R.Rövşən yaxın vaxtlarda verdiyi müsahibələrin birində demişdi ki, xalq şairi adı Zəlimxan Yaqubdan əvvəl Musa Yaquba verilsəydi daha yaxşı olardı? Ümumiyyətlə, ad almaq məsələsinə münasibətiniz necədir?
– Mənim fikrim budur ki, ad paydır. Payı istəməzlər, payı verərlər. Versələr alarıq, verməsələr yox. Özü də mən ad gözləmirəm ki, ad versinlər. R.Rövşənin özü də ad almağa layiq şairdir. Mən qarşı-qarşıya qoymaq istəmirəm, elə adamlar var ki, R.Rövşəndən yaradıcılıq baxımından çox zəifdir, amma neçə adı var. Dövlət ədəbiyyata münasibət gözüylə baxmamalıdırlar. İctimai rəy nəzərə alınmalıdır. Kimə münasibət yaxşıdırsa, kimdən yarına bilirlərsə, ona da ad verirlər. Ad verirlər, yenə də çox sağ olsunlar. Gərək özün də o adı istəyəsən. Gərək xidmətlərini təqdim edəsən, Azərbaycan Yazıçılar Birliyi də təqdim eləməlidir. Biz də ziyalı adamlarıq gedib deməyəcəyik ki, bizə xalq şairi adı verin. Yenə də deyirəm, ad dövlətin verdiyi paydır. versələr sağ olsunlar, verməsələr də özləri bilərlər.
– AYB-nin qurultayının uzanması barədə nə fikirləşirsiniz. İki ildir ki, növbəti ilə qaldı deyərək uzadırlar qurultayı?
– Əslində qurultayın bədii hissəsi bitib, məruzələr dinlənilib. Rəyasət heyətində təmsil olunsam da qarışmıram, maraqlanmıram. Gərək seçki düzgün aparılsın. Kimi seçərlər, seçərlər. Əvvəl AYB-nin əlində xeyli imkanlar var idi. İndi isə ictimai qurum kimi fəaliyyət göstərir. Ümumiyyətlə, yazıçının başqa bi yazıçının halına ağlaması çox çətin məsələdir.
– “Şeir şəhərləşməsi” ədəbiyyatımızı bürüyüb. Ədəbiyyatımızın demək olar ki, paytaxtda cəmləndiyinə görə, daha şeirlərdə yüksək ruhlu təbiət təsvirləri yoxdur. Bu da ədəbiyyatı loru desək bir qədər boz göstərir. Necə fikirləşirsiniz?
– Bilirsiniz, ədəbiyyat insan ömrü kimi bir şeydir. İnsan min illər öncə necə yaşayıbsa elə da yaşayır. Üç min il əvvəl yaşamış insanla bugünkü insan arasında elə də böyük hiss, duyğu fərqi yoxdur. Hələ bizim eradan əvvəl necə böyük ədəbiyyat olub, deməli onlarda, o hiss, o duyğu olub da. Ədəbiyyatda hoqqabazlıq eləmək lazım deyil. Məsələn, oturub otaqda fikirləşim ki, necə eləyim ki, nə oxucu başa düşsün, nə də mənə adi baxmasınlar, desinlər gör nə intellektualdır. Bu barədə fikirləşmək lazım deyil. Könlünü ilhama mindirən, qəlbini riqqətə gətirən, adi məişət, səni dəbərdən, tərpədən çağdan yazmalısan. Söz də, şeirdə torpağa atılmış dəndir. Sünbül dolu da ola bilər, zəif də. Azərbaycan dili qədər zəngin dil yoxdur. O fikir yoxdur ki, onu bizim dillə ifadə eləmək mümkün olmasın. Könlündə nə fikir varsa onların hamısını təsvir edib oxucuya çatdırmaq imkanın var. Tofiq Bayramın yaxşı bir fikir var, o deyir ki, “şair zəifləyəndə, oxucu şairləşir”. Yəni oxucu oxuyur və deyir ki, burda nə var ki, mən də bunu yazaram da. Poeziya heç kəsin ağlına gəlməyən sözlər yaşayır. Mən təbiətin qoynun da olduğuma görə təbiətdən yazmışam. Şəhərdən də yazmaq olar, maşından da, amma yaxşı yazmaq lazımdır.
– Gənc dostumla bir dəfə bir eksperiment apardıq. Yol boyu şeir oxuya-oxuya getdik. Əvvəl öz şeirlərimizi oxuduq. Gördük yanımızdan keçən adamların biri də bizə baxmır. Sonra isə başqa şairlərin, bu gün sevilib oxunanların və klassiklərin şeirlərini yol boyunca deyə-deyə getdik. Yenə də heç kim bizə baxmadı. Şeir cəmiyyətin həyatında təsirini itirməsi nə ilə bağlıdır?
– Orta məktəblərdə şeirlər yaxşı keçirilirdi. İndi heç kəs kitab oxumaq istəmir. O qədər ucuz söhbət yaranıbdır ki, onun içində poetik sözü axtarıb seçmək çox çətinidir. Mən bir dəfə də demişdim ki, mədəniyyətimizin özündə də sevgimizdə də deformasiyalar var. O hisslər məhv olduqca poeziya da itir insanların həyatından . Əvvəllər məktublar yazılırdı. Yazırdıq ki, ürəyimin ən dərin guşələrindəki gizlin sözləri yazıram. Dünyanın ən gözəl sözləri məktublarda idi. İndi qulaq telefonları çıxandan sonra məktuba ehtiyac var? Texnikalar icad olunduqca hisslərimiz də duyğularımız da korlaşdı. Artıq poemalar oxumağa oxucuların səbri çatmır. Bu da bir dövrdür. Elə ola bilər ki, yenə böyük həcmli şeirlərə və poemalara qayıdış olsun.
– Axundovun Füzuliyə, Tolstoyun Şekspirə qarşı müsbət yaradıcı münasibəti olmayıb. Sizcə bu nəylə bağlıdır?
– Axundov Füzulini deməzim ki, sevmirdi. Sadəcə Axundov daha ciddi ədəbiyyatı təmsil olunmağını istəyirdi. Sadəcə bütün şairlər kəpənək kimi düşmüşdülər Füzulinin dövrəsinə ancaq orda fırlanırdılar. Deyirdi ki, milləti komediya, nəsr dilini Füzulidən öyrəniblər. Məhəbbət dilini Füzulidən öyrənmişdilər, ictimai fikirisə Axundov təklif edirdi. Amma Tolstoy üçün ədəbiyyat başqa amal idi. Tolstoy nəhəng ədəbiyyatı sevirdi, deyirdi ki, həyata daha bağlı şeyləri yazmaq lazımdı. Tolstoya görə ədəbiyyat hər şeyi göstərməli idi, adi şeylərlə baş qatmaq, dramalarla ədəbiyyatı qapamaq olmazdı. Füzuli bu gün də başımızın tacıdır. Axundov çağırırdı ki, ədəbiyyat iki nəfərin münasibəti ilə yekunlaşmamalıdır. Ədəbiyyat ictimai mövqeyi də təmsil etməlidir.
– 1910-cu ildə, 81 yaşında, Lev Tolstoy evindən gedir və yolda, Astapovo stansiyasında ölür. Amma ölümündən əvvəl evinə məktub yazır ki, Dostoyevskinin “Karamazov Qardaşları” romanını mənə göndərin. Əgər hər şeydən imtina edib getsəniz kimin kitabları üçün evə məktub yazardınız.
– Maraqlıdı. Konkret bir müəllif deyə bilmərəm. Füzulinin, Məmməd Arazın kitablarını deyərdim. Amma mən poeziyanı çox sevirəm. Ona görə şeir kitablarını deyərdim.
– 5 il müddətində millət vəkili oldunuz. Beş ildən sonra çəkildiniz. Sanki elə təsir bağışladı ki, başınızı götürüb qaçdınız ordan. Kürsüdən ayrılmaq çətin olmadı ki?
– Mən seçilməməyimi beş il qabaqdan bilirdim. Milli Məclisin işi tam başqa şeydir. Uyğunlaşa bilmədim. Mənimçün çətin olmayıb, təəssüflənmirəm. Özüm istəsəydim siz də bilirdiniz ki, seçilə bilərdim. Amma istəmədim. Susa bilmədim. Bir şeirimdə də var.
Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim.
Ha üç badam. bir qoz dedim
Qoşdular bu xora məni.
Konkret deyim ki, mən xorda oxuya bilmədim. Öz səsi olan xorda oxuya bilməz.