Ötən ay 1600-ə yaxın əmək qanunvericiliyinin pozulması faktı olub

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin may ayında əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilmiş ümumilikdə 1572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan hüquq pozuntularının işəgötürənlər tərəfindən aradan qaldırılması üçün tədbirlərin görülməsi təmin edilib. Ötən ay əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edilib və cərimələrin 55,83 faizi (191121 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin may ayına dair müvafiq göstərici ilə müqayisədə 42 997 manat və ya 29,02 faiz çoxdur.
Ümumilikdə cari ilin 5 ayında vətəndaşların əmək hüquqlarının təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması məqsədilə DƏMX tərəfindən həyata keçirilən təsirli tədbirlər ölkədə iş yerlərinin və məşğul əhalinin mütəmadi artımı şəraitində əmək qanunvericiliyinin pozulması hallarının getdikcə azalmasına şərait yaradıb. Belə ki, Xidmət tərəfindən aşkar edilən hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında 8,27 faiz, o cümlədən may ayında 15,34 faiz azalıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO