Ödəniş etmək asanlaşdı: İctimai yerlərdə “ASAN ödəniş” terminalları quraşdırılıb

“ASAN ödəniş” terminalları Bakının “Park bulvar”, “Metro Park”, “28 Mall” iri ticarət mərkəzlərində və “Baku Crystal Hall”da vətəndaşların istifadəsinə verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə bildiriblər ki, “ASAN ödəniş” sistemi vasitəsi ilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər.

İlkin mərhələdə yalnız yol hərəkəti qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür. “ASAN ödəniş” terminalları vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir. Bu günə qədər yalnız terminallar vasitəsi ilə 2000-ə yaxın ödəniş həyata keçirilib.

Qeyd edək ki, artıq istifadəçilər www.asanpay.az portalı üzərindən şəxsi kabinetə daxil olmaqla şəxsi məlumatlarını və onlara tətbiq olunmuş cərimə ballarını da izləyə bilərlər.

“ASAN ödəniş” sistemi “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda terminalların əhalinin çoxluq təşkil etdiyi digər ictimai yerlərdə quraşdırılması istiqamətində intensiv işlər aparılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO