Ən çox oxunan əsərlər içərisində tərcümə ədəbiyyatı xüsusi yer tutur desək, yanılmarıq.
Modern.az saytının əməkdaşı nəşriyyatlarda kimlərin tərcümə edildiyini, hansı kitabların hazırda çap olunduğunu öyrənib.
“Altun” kitab nəşrlər evinin baş redaktoru Svetlana Quliyeva uşaq ədəbiyyatı seriyasından yeni kitabların çap olunucağını bildirib: “Bizim nəşiriyyatda Dünya ədəbiyatindan seçmələr seriyasında tanınmış dünya yazıçılarının əsərləri adaptasiya olunaraq nəşr olunur və 9-14 yaşlı uşaqlar üçün nəzərdə tutulur”.
S. Quliyeva bildirib ki, burada süjet və obrazlar olduğu kimi saxlanılır, əsasən təsvirlər çıxarılır, uzun və çətin anlaşıqlı cümlələr sadələşdirilir.
Adaptorların sayının çox olduğunu qeyd edən baş redaktor “İsmayıl Umudlu, İbrahim İlyaslı, Fəxri Uğurlu, Elnur Astanbəyli, Saday Budaqlı, Rafiq İsmayılov, Şəfa Kazımova, Elnaz Eyvazlı və s adaptorlar əsərləri yaxşı adaptsiya edə bilir” deyə qeyd edib.
Yeni çap olunancaq kitablar haqqında məlumat verən Svetlana Quliyeva bildirib ki, aprel-may aylarında Mixail Lermantovun “Zəmanəmizin qəhramanı”, Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion”, Aleksandr Belyayevin “Professor Douelin başı”, Ceyms Oldricin “Diplomat”, Charles Dikkensin “Oliver Tvistin macəraları”, Evel Lilian Voynichin “Ovod” əsərləri çapdan çıxacaq.
S. Quliyeva yeni tərcümə olunacaq kitablar haqqında da danışıb: “Nəşriyyatımızda yeni tərcümələr də var. Bu yaxınlarda Türkiyənin “Timaş” nəşriyyatında 19 kitabın müəlliflik hüququnu almışıq və kitabların çoxu artıq tərcümə olunub, amma bu kitablar bədii ədəbiyat deyil, məktəblilər üçün nəzərdə tutlmuş özünütərbiyə, texniki bacarıqları artırma və dünya görüşünü genişləndirməni ehtiva edir. Bilim seriyamız üçün isə Britaniyanın “Scholastic Ltd” nəşriyyatı ilə 10 kitabın müəlliflik hüququnun alınması üzrə danışıqlar gedir”.
Zəif tərcümələrdən danışan baş redaktor bildirib ki, “Dünya Ədəbiyyatından Seçmələr seriyası adaptasiya şəklində olduğu üçün bütün tərcümələr üzərində əvvəlcə adaptor, sonra isə redaktorlar işləyirlər, ona görə də əsərlərimiz maksimal şəkildə oxunaqlı və maraqlı alınır: “Tərcümənin zəif olması kitab satışına mane olur. Hər bir nəşriyyat işlədikləri tərcüməçilər və redaktorlarla bağlı çox diqqətli olmalıdır”.
S. Quliyeva “Altun” nəşrlər evinin daha çox Oktay Hacımusalı, İbrahim İlyaslı və Dilruba Rzayeva kimi tərcüməçilərlə işlədiyini bildirib.
“Əli və Nino” nəşriyyat evinin rəhbəri Nigar Köçərli bildirib ki, artıq onlar bir ildən artıqdır ki, “Qanun” nəşriyyatı ilə birgə layihələr həyata keçirirlər: “Klassiklər seriyasında Fyodor Dostoyevskinin, Cerom Sellincerin, Servantesin, Voyniçin, İlf və Petrov və digərlərinin kitablarını tərcümə edərək buraxmışıq. Hazırda bu seriyada Dostoyevskinin başqa əsərləri çapa hazırlanır”.
N. Köçərli bildirib ki, “Əli Və Nino” nəşriyyat evində Dünya Uşaq Kitabxanası seriyasıda var. Bu seriyada Heminqueyin, Orxan Pamukun, Ekzüperinin kitabları çap olunub və hazırda Mark Tvenin kitabı çapa hazırlanır: “Uşaqlar üçün yeni kitabların tərcümə olunacaq. Onlar üçün yeni seriya hazırlamışıq – Sevimli nağıllar. Bu seriyada Şarl Perronun, Qrim Qardaşlarının və Andersenin kitabları tərcümə olunacaq”.
Ən uğurlu tərcümə olunan kitablardan danışan N. Köçərli bildirib ki, ötən il Xədicə İsmayıl məşhur Amerika yazıçısı Xaled Hosseyninin kitabını tərcümə edib: “Həm kitabın özü çox gözəldir, həm də tərcüməsi həddsiz keyfiyyətli alınıb. Belə yaxşı tərcüməçilərlə işləmək daha gözəldir”.
“Qanun” Nəşrlər evinin satış meneceri Səlcuq Elçin bildirib ki, hazırda Nitşenin “Zərdüşt belə deyirdi”, Haruki Murakaminin “Norveç Meşəsi”, Elif Şafak “Eşq” və s tərcümələri çapdan çıxıb: “Yaxın vaxtlarda Azərbaycanda indiyədək tərcümə olunmayan dünya romanlarının çap olunacaq. Nəşriyyat artıq Elif Şafak, Paolo Koelho, İsgəndər Palanın, Orxan Pamuk kimi yazarların yayım haqlarını alıb. Yaxın zaman ərzində bu və ya digər dünyada tanınan və oxunan yazarlarının əsərlərini Azərbaycan türkcəmizə tərcümə edecəyik”.
Kitabların maksimum dərəcədə uğurlu tərcümə olunduğunu bildirən Səlcuq Elçin qeyd edib ki, özlərinin nəşrlərini zəif tərcümə hesab etmir: “Yetərincə orijinala uyğundur. Amma elə tərcümələr var ki, bir az zəif görünə bilər. Bu da qaçılmazdır. Biz kitabın ilk nəşrində elədiyimiz səhvləri mütləq ikinci nəşrdə düzələdirik. İstəmirik ki, zəif tərcüməylə oxucuların qarşısına çıxaq. Ən uğurlu tərcümə “Yüz ilin tənhalığı” əsəridir. “Qanun” nəşriyyatı dahha çox Nəriman Əbdülrəhmanlı, Mahir Qarayev, Günel Mövlud kimi tərcüməçilərlə işləməyə üstanlük verir”.