Nəzirməmməd Zöhrablı:«Milli-mənəvi mövzularda İTV təbii ki, xalqın televiziyası missiyasını uğurla davam etdirir.

thumb=left]http://azfreespeech.az/az/uploads/posts/2013-04/1366012598_4dbcffa5-893c-48e6-b3fa-25ff5d0c8b9d_w270_s.jpg[/thumb]İctimai Televiziya və Radio Yayımları Şirkəti «İctimai televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti «İctimai Televiziya və Radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. 2005-ci il aprelin 16-da Yayım Şurasının 9 üzvünün 6 səsini qazanan İsmayıl Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib.
2005-ci il 29 avqust tarixində İTRYŞ-nin açılış mərasimi keçirilib. Bəs bu müddət ərzində İctimai Televiziya nələrdən keçib, hansı uğurları qazanıb?
Axtarış inkişaf deməkdir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirdi ki, İctimai Televiziya qısa müddət ərzində Azərbaycanın efir məkanında öz layiqli yerini tutmağı bacarıb: «Hesab edirəm ki, televiziyanın fəaliyyətində ən çox nəzərə çarpan cəhət tariximizə, folklorumuza, musiqimizə, ümumiyyətlə mədəniyyətimizin bütün sahələrinə əsl vətəndaş mövqeyindən yanaşılmasıdır.
Eyni zamanda, İctimai Televiziya və Radio Yayımları Şirkətinin verilişlərində Azərbaycan türklərinin milli-mənəvi bütövlüyünü təbliğ edən məqamlara geniş yer ayrılmasını, 50 milyonluq Azərbaycan xalqının mənəvi bütövlüyü uğrunda atdığınız addımları dəyərləndirir və rəğbətlə qarşılayırıq.
İctimai Televiziyanın ən uğurlu cəhətlərindən biri də onun qondarma dəyərlərə deyil, soy-kökümüzə, tarixi qaynaqlarımıza söykənərək axtarışda olmasıdır. Axtarış isə inkişaf deməkdir».
İTV-nin fundamenti düzgün qoyuldu
Millət vəkili, professor Fəzail İbrahimli isə açıqlamasında bildirib ki, İctimai Televiziya yaş etibarı ilə digər televiziyalardan daha gəncdir: «Amma yaşının az olmasına baxmayaraq, o, ağsaqqallıq statusuna sahib olan bir televiziya kimi hərəkət edir. Bu statusu qazanan telekanal demək olar ki, ictimai həyatın bütün sahələrini əhatə edən verilişlərilə diqqəti xüsusi cəlb edir. Həyatın bütün sahələri dedikdə ictimai sahə, mənəvi dəyərlərə söykənən və s. nəzərdə tutulur. Bunların içərisində daha çox diqqəti cəlb edən, xüsusilə də mənim üçün vacib amil sayılan məsələlərdən biri milli dəyərləri daim qoruyub saxlamaq məsələsidir. Çünki televiziya KİV içərisində insan beyninə, ruhuna, əxlaqına daha çox ciddi təsir edən bir vasitədir».
Fəzail İbrahimli hesab edir ki, bu cəhətdən İctimai Televiziya milli dəyərlərimizin qorunub saxlanması, gənclərin milli ruhda tərbiyə olunması sahəsində kifayət qədər ciddi addımlar atır: «Bu gün Azərbaycanda atəşkəs rejimi mövcud olsa da, ölkəmiz müharibə vəziyyətindədir. Eyni zamanda ideoloji müharibəmiz davam edir. Hər bir Azərbaycan insanı, hər bir qurum bu ideoloji müharibədə iştirak edir».
Fəzail İbrahimli aparılan ideoloji müharibədə İctimai Televiziyanın önəmli yer tutduğunu vurğulayıb. «Belə ki, təkcə onun reklam çarxında ərazimizin işğalı ilə bağlı göstərdiyi məqam ola bilər ki, çoxları tərəfindən bir fakt kimi görünür. Əslində burada bir necə məqam var. Azərbaycan torpağının işğal olunması haqqında dünyaya hər gün informasiya ötürür, ikincisi isə dünyada beynəlxalq hüququn yox, beynəlxalq zorun təsdiq rolu diqqətə çəkilir, üçüncüsü Azərbaycana qarşı ikili standartdan yanaşmanı dünya təşkilatlarına və insanlarına bəyanat etməsidir. Bu üç cəhəti birləşdirən reklam çarxı ideoloji müharibədə çox ciddi rol oynayır. Azərbaycanın dünya ilə əlaqəsi, telekörpülərin təşkili, dünya həmrəyliyi, cənub-şimala bir körpü atılması məsələsində də İctimai televiziyanın böyük rolu var. Ən əsası İTV-nin «Eurovision-2012″ Mahnı Müsabiqəsində rolunu qeyd etməmək mümkün deyil. İTV-nin fundamenti düzgün qoyuldu, sonradan onun üzərində tikilən mərtəbələri də təməl daşıya bildi və əzəmətli binaya bənzədi».
Əxlaqlı…
Millət vəkili Zahid Oruc hesab edir ki, Azərbaycan teleməkanında İctimai Televiziya çox mühüm yer tutur. Onun sözlərinə görə bu daha artıq dərəcədə insanların öz iradəsinin əsasında baş verir: «Heç kəsi hər hansı kanala baxmağa vadar etmək olmaz. Bu onların zövqü, mənəvi dəyərləri, müxtəlif məsələlərə müəyyənləşdirdikləri meyarlarla bağlıdır. İctimai Televiziya Azərbaycan cəmiyyətindən gələn impulsları qəbul etmək, onları nəzərə almaq və peşəkarlıqla öz efir məkanında reallaşdırmaq gücündədir. Yaxşı komanda formalaşıb, əksəriyyəti gənclərdən ibarətdir və yaradıcı axtarışdadırlar. Ən müxtəlif, istər ictimai, istərsə də siyasi verilişləri bu kanalda izləmək mümkündür. Azərbaycanın vahidliyi ilə bağlı məsələlər də dərin bir xətlə orada işlənir. «Körpü» verilişindən tutmuş bir sıra, hətta ədəbi bədii xarakterli verilişlərə qədər dediyimiz tendensiya özünü göstərir».
Zahid Oruc bildirib ki, İTV-ni əxlaqlı kanal saymaq olar, çünki doğurdan da Azərbaycanın ekranında buna ehtiyac var. «Nəzərə alsaq ki, televiziyalar millət quruculuğunda rol oynayır, millətin təşkilatlanması, dünyagörüşün formalaşması, oturuşması televiziyaların çox böyük önəmli rolu var, bu mənada İctimai televiziya həmin prinsipləri ödəyir».
Dəyərləri təbliğ edən…
Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədr müavini, «Ekspress» qəzetinin parlament müxbiri Aqil Aslan hesab edir ki, İctimai Televiziya Azərbaycanda yeganə milli televiziya kanaldır: «Bu kanalda bir türkçülük abu-havası var. İTV elə bir kanaldır ki, ailə içərisində, qonaq yanında pultu götürüb rahat şəkildə çevirib bu kanala baxmaq olur. Yəni İTV mədəniyyətimizə, milli dəyərlərə hörmətlə yanaşan, bu dəyərləri təbliğ edən bir televiziya kanalıdır. Eyni zamanda İTV-ni maarifləndirici bir kanal da hesab etmək olar. İTV fəaliyyət göstərdiyi dövrdə ucuz, əttökən şoulardan uzaqda oldu, efirə tamaşaçı zövqünü korlayan hansısa bir verilişlə çıxmadı. Bu baxımdan İTV-nin yayımından razıyam».
…Varlığına ehtiyac duyulan telekanal
DGTYB başqanı, şair — publisist Əkbər Qoşalının fikrincə İctimai Televiziya Azərbaycan teleməkanının Türk Dünyası teleməkanının ehtiyac duyulan bir hadisəsidir: » O olmasa bir boşluq olar yəqin. Özəlliklə, Türk Dünyası, aşıq-ozan sənəti, milli və dövlətçilik çıxarlarımızdan irəli gələn məsələlərin ekran həlli baxımından…
İTV mənimçün həm bu dediyim yönləri ilə həm də heç quşqusuz orada dəyərli dostlarım, həmkarlarım çalışdığı üçün doğmadır.
Doğmalıq isə elə bir mənəvi kateqoriyadır, artıq sən doğma dediyini, doğma bildiyini hər yönü ilə qəbul edirsən».
Xalqın televiziyası
Söz Azadlığını Müdafiə Fondunun (SAMF) eksperti Nəzirməmməd Zöhrablı hesab edir ki, İctimai televiziya verilişlərinin çəkisinə görə fərqli bir televiziya imici yarada bilib ətrafında: «Milli-mənəvi mövzularda İTV təbii ki, xalqın televiziyası missiyasını uğurla davam etdirir. Deməzdim ki, bu sondu, zirvədi. Amma hər halda İTV bu istiqamətdə öz sözünü deyir artıq. Eyni mövzunu başqa telekanalların işıqlandırması ilə müqayisəli təhlil edəndə mən hətta İTV-nin bu tipli verilişlərində müsahibi və təbii ki, paralel olaraq tamaşaçını yönləndirməmək, ona öz mövqesini zorən qəbul elətdirməmək kimi fərqli bir yanaşma görürəm. Bu, müsbət tendensiyadır. Həm də müasir dünya jurnalistikasının başlıca tələblərindəndir. İndi tamaşaçı ona televiziya ekranından, qəzet səhifəsindən, internet-mediadan, radio remarkalarından ağıl verilməsi kimi yanaşmaları qəbul etmək istəmir. Tamaşaçı informasiya istəyir, ona sərbəstlik verilməsini istəyir. «Ortaq məxrəc», «Səhər sovqatı» və s verilişlərdə bu var. Həm qonaq rahatdır, həm də tamaşaçı. Bu anlamda İctimai televiziya xalqın televiziyası funksiyasını yerinə yetirə bilir. Amma təbii ki, çatışmazlıqlar da var. Lakin Azərbaycanın teleməkan reallığında nələri etmək mümkündüsə, İsmayıl müəllim və kollektiv onları yarada bilib. Özü də sıfırdan. Nələri artıra bilərlər soruşursunuz Mənə elə gəlir ki, ən əvvəl xəbər proqramlarında digər telekanallardan fərqliliklərin çəkisini. Təbii ki, bir də müsbət qiymətləndirilən verilişlərinin sayını».
Politoloq Ərəstun Baxşəliyevin fikrincə əslində bu gün üçün Azərbaycan kanallları içərisində baxıla biləcək kanal varsa onlardan da biri elə İctimai Televiziyadır: «Çünki digər kanallarda cəmiyyətiməzə hansısa mənəvi dəyərlərimizi aşılaya biləcə elə də müstəsna əhəmiyyətli verlişlər demək olar ki, qalmayıb. Doğrudur bu televiziyada da çatışmayan cəhətlər vardır. Ancaq bu kimi çatışmamazlıqlar bəlkə də zamanla düzələr deyə fikirləşirəm. Bu gün tək İctimai televiziyada yox, digər kanallarda da deyərdim ki, hərbi vətənpərvərlik qəbildən olan verilişlərin yayılmasına daha çox ehtiyac var. Cəmiyyətin maariflənməsi, ailə problemləri, gəncliyin inkişafı və s bu kimi verlişlərin də mütəmadi şəkildə işıqlandırılmasına düşünürəm ki, böyük ehtiyac var. Körpələr üçün bayağı cizgi filmləri deyil də, mənəvi dəyərlər aşılayan cizgi filmləri daha çox sərgilənməlidir. Digər tərəfdən sənədli filmlər hazırlanmalı və bu filmlərdə ölkə tarixini əks etdirən məqamlar işıqlandırılmalıdır. Bu filmlərə isə gənc nəslin cəlb olunması daha effektli nəticələr verə bilər».
Yazıçı-publisist Hafiz Mirzə hesab edir ki, Azərbaycan telekanallarının əksəriyyəti ictimai şüurun korlanması sahəsində «müstəsna xidmətlər» göstəriblər: «Amma İTV-ni fərqləndirən ən mühüm cəhət odur ki, İTV abırsız deyil, milli-mənəvi dəyərlərə daha çox sadiqdir və onun efiri ucuz şoudan uzaqdır. İTV ictimai televiziyadır, o hər bir məsələyə ictimai rəyi öyrənməli, ictimai münasibəti təqdim etməli, ictimaiyyətin bütün zümrələrinin üzünə açıq olmalıdır. Ötən dövrə görə İTV mənim nəzərimdə «Evrovizion» yarışmasında qazanılan uğurlarda əsas pay sahiblərindən biri olaraq qalır».
CASCFEN sədri Azər Həsrətin fikrincə İctimai televiziya bir milli kanal olmaı bacarıb: «Azərbaycandakı TV kanalları arasında özünün dəsti-xətti ilə seçilmək üçün bu kanala elə də çox zaman lazım olmadı. Çox qısa bir müddət ərzində hər bir evdə sevilən, gözlənən bir kanala çevrilə bildi. Bundan başqa, Azərbaycan televizyonçuluğunun beynəlxalq əlaqələrinin qurulmasında İTV demək olar ki, bütün digər kanalları kölgədə qoydu. Bu da ondan xəbər verir ki, həm onun dövlətə və millətə fayda verməsi baxımından, həm də iddialı bir kanala çevrilməsi baxımından İTV rəhbərliyi yetərincə məsuliyyətli davrana bilir. Daha nələrin edilə biləcəyinə gəlincə, məncə, canlı efir vaxtının artırılması, həm də daha geniş fikir plüralizminə yer verilməsi yaxşı olardı».
NTV Azərbaycan internet televiziyasının baş redaktoru Şöhrət Eldəniz hesab edir ki, əgər İTV-nin texniki yayımını nəzərdə tutulursa vəziyyət o qədər də pis deyil: «Yaradıcılıq tərəfini nəzərdə tutursansa, onda həm yaxşı, həm də yaxşı olmayan məqamlarla yadda qalıb. İTV başqa televiziyalarda olmayan bir işi uğurla yerinə yetirir. Hamının dediyi, amma əməl etmədiyi maarifləndirmə işlərinə xüsusi yer ayırır. Və bu gün kanalda marifləndirici verilişlərin sayı kifayət qədərdir. O cümlədən beynəlxalq əlaqələri uğurludur, Türkiyə ilə Avropa ilə uğurlu layihələr həyata keçirə bildilər».
Yazar Babək Göyüşün fikrincə İctimai televiziya Azərbaycanda yoxdan yaranan televiziya adını qazanıb: «İstər televiziya mütəxəssisləri, istərsə də televiziyalarda çalışan yaradıcı kollektivlər çox gözəl bilir ki, onun indiki durumuna gətirilməsində İsmayıl Ömərov və onun komandasının böyük rolu olub. İctimai televiziya Azərbaycan tamaşaçısında Avroviziya kimi nüfuzlu musiqi yarışmasının təşkilatçısı kimi qalıb. Və onlar bu işi yaxşı bacarırlar».
Hüquqi və Demorkatuik İslahatlar Mərkəzinin sədri İlham Əliyev düşünür ki, 8 il bundan öncə İctimai Televiziyanın yaradılması günün tələbi olmaqla, ictimai maraqları əhatə edə biləcək teleradio yaradılmış oldu: «Qısa müddətdə İctimai Televiziya rəngarəng verlişləri, doğru-dürüst informasiyaları ilə nəinki Azərbaycanda ümumilikdə dünya teleməkanında tanınan və qəbu olunan televiziyaya çevrildi. Televiziyanın elm, təhsil, mədəniyyət, dini və milli tolerantlığa, adət-ənənələrimizi, tariximizi özündə əks etdirən və Türk dilli ölkələrlə bağlı verilişləri xüsusi diqqətə və maraqa səbəb olur. Görünən odur ki, bu gün İTV-də İnformasiya departamenti, analitik verilişlər, musiqi, bədii və əyləncəli proqramlar, səhər proqramları, gənclər, elm və təhsil verilişləri, kino və dublyaj, hüquq və beynəlxalq əlaqələr üzrə redaksiyalar yüksək peşəkarlıqla fəaliyyət göstərirlər. Hər bir tamaşaçısı bütün bunları görür və İTV-nin keçdiyi qısa amma, qürurverici yolu yüksək hörmətlə dəyərləndirir.
Söz yox ki, 8 illik tarix o qədər də böyük zaman deyil. Bu baxımda demək olar ki, İTV-nin uğurları hələ də qabaqdadır. Əminik ki, gözəl, peşəkar kollektivin yaradıcılığı hesabına İTV bundan sonra yeni-yeni layihələrlə Azərbaycan xalqına, dövlətinə, müasirliyə və inkişafa öz töhfələrini verəcək».
İTV səviyyəni qoruyub saxlaya bilib
Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid deyir ki, İctimai TV yarandığı gündən diqqətində olan, izlədiyi və bəyəndiyi kanaldır: «Çətin rəqabət mühitində və qısa bir vaxt ərzində yarandığına baxmayaraq öz səviyyəsilə ciddi tamaşaçı kütləsinin dəstəyini qazanan İTV sonrakı illərdə də bu səviyyəni qoruyub saxlaya bildi. Mənim Azərbaycan TV məkanında ən çox qiymətləndirdiyim iki veriliş var və bunlar da məhz İTV-nin layihələridir: «Bakinskie taynı» və «Bir mahnının tarixçəsi» verilişləri.
İndi də İTV öz maraqlı layihələri, əhatəliliyi, səviyyəsi ilə seçilir. İtv-nin «Yeni gün» proqramı səhər proqramları içərisində ən dinamiki, ən maraqlısı və əhatəlisidir.
TRT Avazla birgə layihələr isə xüsusilə böyük əhəmiyyət daşıyır. İctimai TV-nin həm Eurovision yarışmalarında, həm son Olimpiya çempionatında göstərdiyi peşəkarlıq, operativlik, əhatəlilik tamaşaçıları kanalı dəyişməməyə vadar etdi.
İTV-nin analitik proqramları səviyyəsi ilə seçilir. «Çarpaz baxış», «Aktual», «Ortaq məxrəc» verilişləri də cəmiyyətin bir sıra sahələrdə mövcud olan problemlərini ictimai müzakirəyə çıxarır və ən fərqli fikirlərə yer ayırır. İTV-nin mədəniyyətimizə, ədəbiyyatımıza və tariximizə həsr edilən verilişləri də əhəmiyyətlidi, öz orijinal yanaşması ilə seçilir. İctimai TV-nin kadr potensialı da güclüdü. Bu kanala rəhbərlik edənlər TV sahəsində uzun illər çalışmış, bu işin incəliklərinə bələd olan insanlardı. Gənclər də məhz bu mühitdə püxtələşir, öyrənir və sürətlə peşə sirlərinə yiyələnə bilirlər.
Mən inanıram ki, uzun illər İctimai TV bu tempini, bu peşəkarlığını, bu maraqlılığını qoruyub saxlayacaq.
İctimai TV-də Azərbaycan mediasının problemləri vaxtaşırı müzakirə olunur. Yazılı medianın ən fərqli düşərgələrinin nümayəndələri İTV-nin efirindən öz sözlərini çatdıra, mediamızın qarşılaşdığı problemləri bölüşə bilirlər. İctimai Televiziya gənc kanaldır. Bu gənclik illərində göstərdiyi mərifəti ilə ictimaiyyət tərəfindən ailəvi kanal statusu almış bir televiziyadır. Müdrik gənclik dövrü yaşayan İctimai Televiziya verilişləri ilə də cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə öz töhfəsini verir. İctimai həyatın bütün sahələrində öz sözünü deyən İctimai TV xüsusilə də milli-mənəvi dəyərlərin efir məkanında nümayiş etdirilməsində başqa kanallardan fərqlənir. Bu fərqlərdən biri də dini məzmunlu həftəlik yeganə verilişin də məhz bu kanalın «alnına» yazılmasıdır. Müstəqil medianın inkişafında aparıcı rollardan birini oynayan İctimai Televiziyanın fərqləndirici xüsusiyyətlərindən biri kimi hər cür fikrə açıq olması və deyilən açıqlamaları açıq-aşkar efirində nümayiş etdirməsidir. Şəxsən dəvət edildiyim verilişlərdə bunun şahidi olmuşam. Hətta aparıcılara «Belə bir mövzunu necə işıqlandıra bilirsiniz?», «Bu veriliş efirə gedəcəkmi?» kimi suallarla dəfələrlə təəccübümü bildirmiş, veriliş efirə gedəndə isə şübhələrimin yersiz olduğunun şahidi olmuşam. Bəli, mən ictimaiyyətin sifarişi əsasında qurulan bu kanalı səviyyəli və ailəvi kanal halına gətirənlərə təşəkkür edirəm».
Öyrədir, maarifləndirir, məlumat verir…
«Olaylar» İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzun fikrincə İctimai Televiziyanın yaranması günün tələbi idi: «Buna görə də 2004-cü il sentyabrın 11-də «İctimai Televiziya və Radio Yayımı haqqında» Azərbaycan Respublikası qanununun qəbul edilməsilə şəffaflıq, qərəzsizlik və ictimai maraq prinsiplərini önə çəkən İctimai Teleradionun yaradılmasına start verildi. Qanun İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını, plüralizmi, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmək prinsiplərini əsas götürür. İctimai Televiziya daxil olduğu teleməkanda rəqabət apararkən uğur üçün keyfiyyəti qurban verməməli, dini və milli tolerantlığı təbliğ etməli, etnik mədəniyyətlərə hörmət hissləri aşılamalı, informasiyalı cəmiyyətin qurucusu olmalı idi. 2005-ci il 29 avqust tarixində İTRYŞ-nın açılış mərasimi gerçəkləşdi. İTV qoyulan tələblərə əməl prinsipi ilə işə başladı. Bu gün hər bir Azərbaycan tamaşaçısı İTV-nin nələrə nail olduğunu bilmək üçün tarixə nəzər sala bilər. Qoyulan şərtlərə hansı şəkildə əməl olunduğunu bilmək üçün əvvəlcə tamaşaçı olmaq, sonra fikir söyləmək lazımdır. Bu gün İTV-də İnformasiya departamenti, analitik verilişlər, musiqi, bədii və əyləncəli proqramlar, səhər proqramları, gənclər, elm və təhsil verilişləri, kino və dublyaj, «Carçı film» yaradıcılıq birliyi, hüquq və beynəlxalq əlaqələr departamenti fəaliyyət göstərir. Bir Televiziya üçün vacib şərtlərdən olan xəbərlər İTV-də daim qərəzsiz, cəmiyyətin ümumi maraqlarına xidmət göstərir. Hadisələrə olduğu kimi yanaşmaq, şərh etmək İctimai televiziyanın xəbərlərində həmişə hiss olunur. Televiziya analitik proqramları ilə də hər zaman hadisələrin fonunda hərtərəfli, dəqiq mövqeyi ilə tamaşaçıların qarşısına çıxır. İTV hansısa bir qurumun, şəxslərin deyil, xalqın mənafeyini müdafiə edir. Tamaşaçılara təqdim etdiyi bütün verilişlərində də bunu sübut edir. Adət-ənənələrimizi, tariximizi, milli zənginliyimizi özündə əks etdirən verilişlərlə gənclərə, gələcək nəslə yol göstərmiş, işıq tutmuş olur. Bu gün İTV-də yayımlanan verilişlər həm müasir, həm qədim tarixi özündə əks etdirir. Bu gün xalqın sevə-sevə baxdığı verilişlərdən biri «Yeni gün» proqramıdır. Veriliş səhər-səhər insanlara xoş ovqat bəxş etməklə qalmır. Öyrədir, maarifləndirir, məlumat verir. İTV bu gün milli azlıqların adət-ənənələrini, xalqın özünəməxsusluğunu əks etdirən verilişlərlə də tamaşaçılarına xidmət edir. Gənclər üçün verilişlər, elm və təhsillə bağlı proqramlar hazırlanır. İTV tərəfindən son zamanlar yaxşı filmlər də çəkilir. Televiziya xaricdə yaşayan soydaşlarımızı da unutmur. «Qərib axşamlar» verilişi vətəndən uzaqda yaşayan insanlarınızın problem və istəklərini, uğurlarını bölüşür. Və ən nəhayət İTV beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə hazırlığı ilə tarixə düşür. «Eurovizion» mahnı yarışmasına neçə illərdir ki, yüksək səviyyədə həyata keçirilən hazırlıq və ən nəhayət keçən il ölkəmizdə yarışmanın keçirilməsində İTV tərəfindən sərgilənən peşəkarlıq bir daha sübüt edir ki, İTV ona bəslənən ümüdləri doğrultmaq iqtidarındadır. Televiziyanın yayımında müasir günümüzün texnologiyasından istifadə olunur ki, bu da izləyicilərə verilişlərin daha keyfiyyətli təqdim olunmasına şərait yaradır. Telekanalın keçdiyi zaman dilimi o qədər də böyük zaman deyil. Ümüd edirik ki, bundan sonra İTV ortaya çıxan çatışmazlıqları aradan qaldıracaq, yeni-yeni layihələrlə Azərbaycan xalqına, ədalətə, müasirliyə və inkişafa öz töhfələrini vermiş olacaq».

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO