Mətbuat Şurasından xəbərlər: bir qrup qəzet “qara siyahı “ya salındı, bir qrup isə ordan çıxarıldı

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. Şuradan Modern.az-a bildirilib ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Gündəlikdə duran ilk məsələnin müzakirəsi ilə bağlı MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə oktyabrın 27-30-u aralığında Bakıda Türkdilli Xalqların II Media Forumunu keçirmək niyyətindədir. Ə.Amaşov bunun üçün artıq Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin səfirliklərinə məktublar göndərildiyini, bu işdə Azərbaycanın Rusiyadakı Səfirliyinin də aktiv iştirak etdiyini vurğulayıb.

Şura sədri forumda iştirakla bağlı bəzi ölkələrdən razılıq məktublarının daxil olduğunu və ümumən iştirakçıların siyahısının dəqiqləşdirilməsi istiqamətində işin getdiyini bildirib. Ə.Amaşov toplantının gündəlik və reqlamentinin hazırlanması istiqamətində də intensiv iş aparıldığını diqqətə çatdırıb. İclasda MŞ İdarə Heyətinin üzvlərindən ibarət foruma hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

****

Müzakirə edilən ikinci məsələ «Dövlət müstəqilliyimiz və media» mövzusunda ümumrespublika konfransına hazırlıq olub. Ə.Amaşov deyib ki, Mətbuat Şurasının Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil edəcəyi konfransın oktyabrın ilk ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində görüləcək işlərdən söhbət açan MŞ sədri eyni zamanda bildirib ki, milli müstəqilliyimizin qazanılmasında müstəsna xidmətləri olan kütləvi informasiya vasitələrinin və jurnalistlərin fəxri diplomlarla, mükafatlarla təltifi plaşlaşdırılıb.

****

Gündəlikdə duran növbəti məsələ Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının, «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının, həmçinin Şuranın «apellyasiya qrupu»nun rəyləri əsasında qərarların qəbulu olub.

İlk olaraq Şikayətlər üzrə Komissiyanın «Azadlıq» qəzeti ilə bağlı rəyi müzakirə edilib. Bildirilib ki, bu nəşrdə Yeni Azərbaycan Partiyası ilə bağlı gedən mətbu materialda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra bəndlərinin tələblərinə sayğısız yanaşılıb. Buna görə də qəzetə təkzib, yaxud qarşı tərəfin mövqeyini əks etdirən məktubunun dərci tövsiyyə olunub.

İclasda «Yeni Azərbaycan naminə» qəzeti ilə bağlı iki qərar çıxarılıb. Bunların birincisində nəşrin «Yeni Azərbaycan» qəzetinin loqosundan sui-istifadəyə yol verdiyi bildirilərək nəşrə belə praktikadan imtina tövsiyyə olunub. Digərində isə iki il əvvəl təkzib verdiyi, üzr istədiyi bir məsələni olduğu kimi yenidən səhifəyə çıxartdığına görə qəzetə MŞ-nin xəbərdarlığı elan edilib.

«Yeni Tərtər», «Korrupsiya və dövlətçilik», «Yeni xəbər» qəzetləri, «bölgəxəbər» internet portalı ilə bağlı qərarlarda isə bu KİV-lərin balans prinsipinin tələblərini gözləmədikləri nəzərə çatdırılıb.

***

«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların qəbulu zamanı ilk olaraq «Xural» qəzeti ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, komissiya bu nəşrin adının Şuranın «qara siyahı»sına salınması üçün MŞ-nin Şikayətlər üzrə Komissiyasının rəyini və toplanmış materialları araşdırıb və məqbul qiymətləndirib. İH bunu nəzərə alaraq «Xural» qəzeti barədə xüsusi rəyin çıxarılmasını məqsədə müvafiq sayıb. Həmin rəyə əsasən nəşrin adı Şuranın «qara siyahı»sına daxil edilib.

İdarə Heyəti daha 2 mətbu nəşr haqqında da oxşar qərar çıxarıb. Bunlar «Qanun: izah və şərhlər» və «Azərbaycan gündəmi» qəzetləridir.

****

İclasda MŞ-nin «apellyasiya qrupu»nun «qara siyahı»dan çıxarılma ilə bağlı rəyləri müzakirə edilərkən bildirilib ki, burada başlıca tələb Şuranın «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»ındakı şərtlərin nə dərəcədə yerinə yetirilməsidir. Əgər siyahıdan çıxan hər hansı KİV barədə Şuraya əsaslı şikayət daxil olacaqsa, o zaman nəşrin adı yenidən həmin siyahıya qaytarılacaq. Amma elə nəşrlər də var ki, onlar fəaliyyətlərini tamamilə dayandırdıqlarından «qara siyahı»da qalmalarına ehtiyac yoxdur. Bu baxımdan «Kadr və tərəqqi» qəzetini göstərmək mümkündür. «Azad Azərbaycan», «Pressinq», «Tolerant Azərbaycan», «Qanun çərçivəsi», «Press inform», «Bizim Vətən» qəzetləri isə təlimatda göstərilən şərtlərə əməl etdikləri üçün onların adlarının «qara siyahı»dan çıxarılması barədə qərara gəlinib.

****

Sonda MŞ sıralarına yeni üzvlər qəbul edilib. Bunlar «Unikal», «Araz», «İşgüzar» qəzetləri, «İqtisadiyyat və həyat», «Mingəçevir leysanı» jurnalları və «Xpress – Elita» MMC-dir.

Mətbuat Şurasının “apellyasiya qrupu” iclasını keçirib

Bu gün Azərbaycan Mətbuat Şurasının “apellyasiya qrupu”nun iclası keçirilib. İclasda 21 qəzetin Mətbuat Şurasının “qara siyahı”sından adlarının çıxarılması ilə bağlı müraciətinə baxılıb. Qrupun sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə həmin mətbu orqanların müraciətləri ilə bağlı aparılan araşdırmalar barədə ətraflı məlumat verib. O bildirib ki, siyahıdan çıxarılmada başlıca prinsip kimi MŞ-nin islahedici missiyası götürülür. Günahlılar olduğu kimi, günahını anlayanlar və tənqidlərdən nəticə çıxaranlar da var. Bu baxımdan, həm də digərlərinə örnək olmaq üçün özlərini təsdiqləyənlərə şans verilməsi mütləqdir. Lakin onlar fəaliyyətlərində diqqətli olmalıdırlar. Çünki “qara siyahı”dan çıxmaq ora yenidən qayıtmaqdan sığortalamır.

İclasda bildirilib ki, bir qrup qəzetlər barədə Şuranın ictimai qınağı tətbiq olunduqdan sonra onlar haqqında quruma heç bir şikayət ünvanlanmayıb. “Apellyasiya qrupu”nun iclası fəaliyyətlərində dönüş yaratdıqları, MŞ-nin tövsiyələrindən nəticə çıxartdıqlarını nəzərə alaraq “Azad Azərbaycan”, “Press inform”, “Pressinq”, “Qanun çərçivəsi”, “Bizim Vətən” və “Tolerant Azərbaycan” qəzetlərinin adlarının MŞ-nin “qara siyahı”sından çıxarılması üçün təkliflərini Mətbuat Şurasının İdarə Heyətinə təqdim etməyi qərara alıb. Təsisçisi və baş redaktoru vəfat etmiş “Kadr və tərəqqi” qəzeti barədə eyni rəyə gəlinib.

«Turizmin inkişafı media müstəvisində» mövzusunda «dəyirmi masa» keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin və Mətbuat Şurasının təşəbbüsü ilə «Turizmin inkişafı media müstəvisində» mövzusunda «dəyirmi masa» keçiriləcək. Tədbir sentyabrın 20-də saat 11.00-da Şuranın ofisində baş tutacaq.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin də qatılacağı «dəyirmi masa»da MŞ İdarə Heyətinin üzvlərinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycanda «Turizm ili» elan olunub. Buna uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görülüb ki, bunların içərisində «2011-ci il Turizm ilidir» devizi altında proqramların və xüsusi verilişlərin təşkili mühüm yer tutub. Prosesə çap mediasının, o cümlədən qəzet və jurnalların cəlb edilməsi üçün ayrıca rubrikaların və mövzuların da müəyyənləşdirilməsi zəruridir. «Azərbaycanda turizmin inkişafı media müstəvisində» mövzusunda «dəyirmi masa»da bu kimi məsələlər ətarfında müzakirələr aparılacaq, təklif və təşəbbüslər səslənəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO