Mətbuat Şurası monitorinq keçirib

Mətbuat Şurası “Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi” layihəsi üzrə apardığı monitorinqin üçüncü həftəsinə yekun vurub. Layihə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirilir.

“Media forum” saytının məlumatına görə, monitorinq ölkənin 60-dək gündəlik və həftəlik qəzetində aparılıb.

Noyabrın 24-dən 31-dək həmin qəzetlərdə 3037 material yayımlanıb ki, bu da ötən hesabat həftəsi ilə müqayisədə 27, ilk hesabat həftəsi ilə müqayisədə 77 material çoxdur. 3037 materialdan 2699-u gündəlik qəzetlərin, 338-i həftəlik qəzetlərin payına düşür. Əvvəlki həftə ərzində seçki ilə bağlı materiallar ümumi materialların 29.3, ikinci həftədə 33.4 faizini təşkil edirdisə, bu dəfə göstərici 39.9 faizdir. Həftə ərzində seçki ilə bağlı materiallarda “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”nın pozulmasına dair 158 fakt qeydə alınıb. Bunlardan 131-i gündəlik, 27-si həftəlik qəzetlərin payına düşür.

Monitorinq nəticəsində 19 materialda hüquqi nöqteyi-nəzərdən pozuntu olduğu ehtimalı müəyyən edilib. Bu rəqəm ilk hesabat həftəsində 12, ikinci həftədə 16 olub. 19 materialdan 10-da birbaşa diffamasiya (cinayət hüququ baxımından pozuntu) mövcuddur. Digər 9 materialda isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və “Kütləvi informasiya vasitələri haqqında” qanuna zidd olan, bəzi şəxslərin mənafeyinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr var.

Seçki ilə bağlı materialların mövzuları içərisində Mərkəzi Seçki Komissiyasının, siyasi partiyaların və bloklarının fəaliyyəti, namizədlərin təbliği və ya tənqidi, seçki maarifləndirilməsi, seçki məntəqələrinin vəziyyətinin təhlili, seçkidə beynəlxalq müşahidəçilərin iştirakı kimi məsələlərə xüsusi diqqət verilib. Burada daha üstün yeri MSK-nın fəaliyyətilə bağlı materiallar tutub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO