Mətbuat katiblərinin yeni şakəri – JURNALİSTİN SUALINA CAVABI PRESS-RELİZ KİMİ YAYIRLAR

Jurnalistlərin dövlət qurumlarının mətbuat xidmətlərindən narazılığına səbəb olacaq yeni məsələ ortaya çıxıb. Belə ki, hər hansı məsələ ilə bağlı jurnalist dövlət qurumuna müraciət edir, cavabında bir-iki saat gözləməyi məsləhət alır. Bir-iki saatdan sonra jurnalistin sualları əsasında mətbuat xidmətləri press-reliz formasında cavab hazırlayıb bütün mətbuat orqanlarına göndərirlər.

Bununla da o jurnalistin hazırlayacağı yazının özəlliyi itir. Bəlkə də bununla əslində fəaliyyətsiz olan mətbuat xidmətləri bir növ işlədiklərini göstərmək istəyirlər.

Demək olar ki, bu, son vaxtlar dövlət qurumlarının və ya müəyən təşkilatlarının mətbuat xidmətlərində dəb halını alıb.

“Jurnalistin fərdi müraciətinə fərdi şəkildə cavab verilməlidir”

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı buna belə qiymət verib: “Dünyanın heç bir yerində belə əcayib hadisələr baş vermir. Mən heç yerdə eşitməmişəm ki, hansısa bir jurnalist sual verir, iki saatdan sonra hansısa dövlət qurumu həmin sualı əsasında press-reliz yayıb hamıya paylayır”.

O hesab edir ki, jurnalist mətbuat xidmətinə zəng edib sual verirsə onun sualı yerində və konkret cavablandırılmalıdır: “Əgər onlar bu gün belə işlər görürsə, nə deyim, bura Azərbaycandır, azərbaycançılıqdır, nəyə təəccüblənirik?”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə bu çox yalnış davranışdır və faktiki olaraq qanuna ziddir: “Çünki qanunda göstərilir ki, jurnalistin fərdi müraciətinə fərdi qaydada cavab verilməlidir. Bu, əlbəttə, jurnalistin işinə ciddi maneçilik törədir. Çünki hər şəxs öz materialı ilə bağlı müraciət edir. Onun üçün də informasiya yayımlayır. Bu çox anlaşılmaz və tamamilə yanlış hərkətdir”.

“İnformasiya ictimaiyyət üçün maraqlıdırsa onun nə fərqi var bütün KİV-lərə yayıldı, yoxsa birində getdi”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov onların iş prinsipinin jurnalistlərin sorğusunu vaxtında cavablandırmaq olduğunu bildirib. O hesab edir ki, informasiya lazıımsız, istifadəsiz hala düşdükdən sonra onun cavablandırılması yaxşı hal deyil: “İnformasiyanı vaxtında almaq və vermək çox gözəl olardı. Biz bu prinsipə əməl edirik. Jurnalistlərin də sualını çalışıram ya özüm cavablandırım, özüm cavablandıra bilməsəm onda jurnalisti aidiyatı üzrə müüvafiq şöbə və ya mütəxəssisə yönləndirəm ki, onun sualı operativ cavablandırılsın”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov qeyd edib ki, əgər hər hansı informasiya ictimaiyyət üçün maraqlıdırsa, nazirlik mətbuat xidməti və ya qurumun rəsmi saytı vasitəsilə açıqlama verir: “Amma konkret hansısa jurnalistin, müxbirin fərdi şəkildə sualı olursa, o da müvafiq qaydada dəqiqləşdirilib cavablandırmalıdır”.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də belə bir hal ilə rastlaşmadıqlarını deyir. Onun sözlərinə görə İqtisadi İnkişaf Nazirliyində bu cür məsələlərlə bağlı danışmaqq absurddur: “Hər gün nazirliyin səlahiyyətlərinə aid olan, onun tabeliyində olan qurumların, eləcə də nazirliyin xətti ilə keçrilən tədbirlər haqqında mütəmadi qayda da özümüz informasiya yayırıq. Məlumatlar həm saytımızda yerləşdirilir, həm də Kütləvi İnformasiya Vasitələrinin elektron ünvanlarıına göndərilir. Bütünlükdə İqtisadi İnkişaf Nazirliyi mətbuata kifayət qədər açıq nazirlikdir”.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, nazirliyə daxil olan informasiya sorğuları bilavasitə sorğuçunun ünvanına göndərilməklə cavablandırılır, daha hər hansı KİV-də yayılmaqla yox.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “bizə müraciətlər daxil olanda əgər onu cavablandıra biliriksə, anındaca deyirik, amma hər hansı mütəxəssis bunu cavablandırmalıdırsa, biz o zaman onu aidiyatı üzrə yönləndiririk” deyə vurğulayıb.

O qeyd edib ki, elə bir məlumat olmayıb ki, sırf jurnalist sorğusu əsasında press-reliz hazırlanıb sayta qoyulsun və ya hamıya yayılsın: “Jurnalistə bir saatdan sonra zəng etməyi xahiş etməyimiz onun sualının dəqiq cavablandırılması ilə əlaqədardır. Bəli, bizdə belə olub ki, jurnalistin sualı cavablandırıldıqdan bir müddət sonra biz onu saytda qoyuruq, amma o məlumat artıq jurnalistin işlədiyi təşkilatda verildikdən bir müddət sonra biz bunu edirik.

Ümumiyyətlə, mətbuat xidmətləri və jurnalistin işi ictimaiyyəti məlumatlandırmaqdır. Burada məncə elə bir fərq yoxdur ki, informasiya bütün KİV-lərə yayıldı, yoxsa birində getdi. Əsas odur ki, suallar cavablandırılır və ictimaiyyət məlumatlandırılır. Ancaq qeyd edim ki, belə bir hal hələ bizdə müşahidə edilməyib”.

“Bununla jurnalistin əməyi yerə vurulur və onun məlumatının özəlliyi itir”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə bu cür hadisələrlə çox rastlaşdığını deyir. O qeyd edib ki, bu, nəinki onun, işlədiyi təşkilatıın bütün əməkdaşlarının başına gəlmiş məsələdir: “Bir neçə dövlət orqanın mətbuat xidmətinin rəhbərinə ya redaktorun tapşırığı, ya jurnalistin özünün hazırladığı ayrıca mövzu ilə əlaqədar müraciət edilir. Amma həmin mətbuat xidmətləri o suala birbaşa cavab vermək əvəzinə bunu press-reliz və ya elektron məktub formasında hazırlayır və bütün mətbuat orqanlarına göndərir”.

Həmkarımız hesab edir ki, bununla jurnalistin fərdi əməyi yerə vurulur və onun onun məlumatının özəlliyi, ayrıcalığı itir.

“Niyə belə olmalıdır? Bunun başqa variantı da var. Belə ki, jurnalistin sualı anındaca cavablandırılsın və ya mətbuat xidməti bunu yazılı formada yayırsa elə sualı ünvanlandıran jurnalistə məlumatı göndərsin”.

İ.Əlizadə qeyd edib ki, burada digər problem mətbuat xidmətlərinin jurnalistə birbaşa cavab verə bilməmələri ilə bağlıdır: “Mütləq verəcəyi məlumatı yazıb kiməsə göstərməli, ondan sonra ona razılıq verməlidir. Üçüncüsü, istəyirlər ki, məlumat bütün mətbuat orqanlarında getsin və onların fəaliyəti kimi görünsün”.

Həmkarımız bunun Azərbaycan mətbuatında son zamanlar yaranmış bir məsələ olduğunu deyir.

“Eyni zamanda bir məsələ də yaranıb ki, əvvəllər jurnalistlər mətbuat xidmətlərinin rəhbərləri, işçiləri ilə dost olanda adətən daha çox informasiya alırdılar. Amma indi hər hansı mövzunu işləmək üçün müraciət edəndə deyirlər ki, “neynirsən bu məsələni qoy qalsın”. Bu da jurnalistin işinə problem yaradan ikinci bir məsələdir”.

İmdad Əlizadə vurğulayıb ki, jurnalistin məlumatının özəlliyi, ekskluzivliyi olmalıdır. Onun sözlərinə görə, hamı hər şeydən eyni formada yazanda bu, oxucu üçün də maraqsız olar.

“Yeni Musavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı isə həmkarından fərqli olaraq belə bir situasiya ilə rastlaşmadığını deyir: “Təcrübəmdə belə hal yaşamamışam. Ona görə bu məsələ ilə bağlı şərh verə bilmərəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO