Müstəqil Azərbaycan mətbuatının tarixində özünəməxsus istedadı, yazı tərzi, fərqli üslubu ilə oxucu rəğbəti qazanmış bir sıra tanınmış imza sahibi bu gün aramızda deyil. Dünyasını dəyişsələr də, onların yazıları hər zaman xatırlanır… Məmməd Nazimoğlu, Adil Qaçayoğlu, Hüseyn Əfəndi, Elçin Səlcuq, Elmar Hüseynov, Aqşin Kazımzadə, Rafiq Tağı… Siyahını xeyli uzatmaq olar…
Modern.az saytının “Mərhum jurnalistlərdən seçmələr” adlı bu rubrikasında dünyasını dəyişən tanınmış imza sahiblərinin qələmindən süzülən yazılar oxucuların ixtiyarına verilir.
Beləliklə, Hüseyn Əfəndi yazırdı
Azadlıq pampersi 1
O tərəfin camaatı təəssüflənəndə “bə” eləyir, bu tərəfin camaatı “iŞŞŞ…” Birincilərin vəziyyəti yüngüldü, çünki “Ə” deyirsən qurtarır. Amma bu zəhrimar “Ş” qurtarmır ki, qurtarmır.
SavaŞ – dedilər, savaŞdıq, savaŞ bitdi, Ş bitmədi, dalınca barıŞ gəldi, onun da dalınca, budu, yürüŞ gəlir. YürüŞ də gəlib gedəcək, bir Allah bilir, daha sonra nələrin qabağı açılacaq.
“Ş” belə Şıdı – yəni, biz beləyik – Şad və Şən, bir az da iŞpion! O günü Qəniməti də aparıb ilişdiriblər İranın Şərinə və deyiblər: di dur burda. Beləcə, qalmışıq Şərqlə Şimalın arasında dişlərimizi Şaqqıldada-Şaqqıldada.
Dünyada nə ki pis və yaxşı fellər var, hamısını ürəyinizdə sadalayın, (əlbəttə, əmr şəklində) görün qafanız partlayır, ya partlamır.
2
Mən lap uşaqlıqdan fikirləşirdim ki, niyə eŞŞək sözündə iki “Ş” var. Axı anadolu türkləri bunun birini işlədirlər. Çox fikirləşirdim, ortaya bir şey qoya bilmirdim. Çünki bu “Ş”-nın bu qədər qəliz bir hərf olduğunu anlamırdım. Mayın 8-də ŞuŞanın iŞğalı günündə hökumət yürüŞün qabağına Şpal uzadanda hər zadı qandım və bildim ki, dədələrimiz, iki Ş-nı o sözün ortasında işlətməsəydi ürəkləri soyumazdı…
Mən isə “Ş”-nı bir az da çoxaldıram (sözün axırında yox, ortasında, yəni, köhnə kişilər kimi) ürəyim soyumaqdansa, tay da qısılır.
Ayaz Mütəlibov deyir ki, “Qarabağa dinc yürüŞün siyasi nöqteyi-nəzərdən yeri var. Həqiqətən də, bu problem heç vaxt yaddan çıxmamalıdır…”.
Yaqub Məmmədov isə deyir ki, “Yatanlar oyanmalıdır. Qarabağa gedən yol Bakıdan, bütün azərbaycanlıların mənliyindən, kiŞiliyindən, birliyindən başlanır”.
Nə qədər gözəl və Şavaxlı!
Nə qədər Şərafətli!
Amma ağalar, bəs, mən 8 may filanıncı ildə ŞuŞanı Məhəmmədhəsən əminin eŞŞŞŞəyinə yükləyib üzü bəri daşıyanda siz hansı mərtəbənin ŞüŞəbəndindən tamaŞa eləyirdiniz?
Və hara?
Bu bir yana, o biri yan da ibarət olsun ondan ki, “Qarabağa dinc yürüŞ” eləmək, eşşəyə minib, düşüb, dübarə minmək qədər ayıb bir işdir.
Ayıb olsun Sizə, yəni bizə…
3
“Azadlıq” meydanında mitinq keçirməyə söz vermişdilər. Biz də dənizin qırağında dayanıb gözümüzün qırağıyla baxırdıq, görək, özündən deyənlər, özündən yeməyənlərə qələbə çala biləcəkmi, yəni ki, meydana girəcəklərmi, girməyəcəklərmi. Çox durub oturduq, oturub durduq… Heç bulvardakı ağacların yarpaqları da tərpənmirdi. Hardansa bir gəlin peyda oldu, düz Azadlığın ortasında, iki yaşlı oğlunun şalvarını aşağı çəkib aldı qucağına və eşidə bilməyəcəyimiz tərzdə, bir az da hikkəylə dedi: “Di çiş elə qurtar da bə!”. Oğlan yaşına uyğun olmayan bicliklə anasının üzünə baxıb gülümsədi və nəsə dedi. Amma bunu eşitmədik. Anası yüngülcə onun toppuş yambızlarını şappıldatdı və təzədən dilləndi” “Bayaqdan başımı dəng eləmisən ki, çiŞim var… di, çiŞin var, elə…”.
Uşaq çiŞ eləmədi.
Gəlin yanımızdan gəlib keçəndə ona demək istədik ki, gedib pampers alsın. Amma utandığımızdan demədik. Sakitcə, uşağa göz vurduq…