Misirin “Əl-Aləm əl-yaum ” qəzetində səfir Şahin Abdullayevin məqaləsi dərc edilib

Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı Misirin populyar “Əl-Aləm əl-yaum” qəzetində səfir Şahin Abdullayevin məqaləsi dərc edilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, məqalədə Azərbaycanın Konstitusiyasına uyğun olaraq seçkiqabağı kampaniyaya seçkilərin keçirilməsinə 60 gün qalmış start verildiyi, namizədlər üçün yaradılmış şərait və ölkədəki seçkiqabağı vəziyyətlə bağlı ətraflı məlumat verilib. Prezident seçkilərini müşahidə etmək məqsədilə bir çox beynəlxalq təşkilatlara (ATƏT, GUAM, MDB, BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı) dəvət göndərildiyi və çoxlu sayda beynəlxalq və yerli müşahidəçilərin iştirak etdiyi qeyd edilib.

Məqalədə Azərbaycanın 10 ildə əldə etdiyi uğurlar nəticəsində borc alan ölkədən borc verən ölkəyə çevrilməsi vurğulanıb. Müəllif Azərbaycan hökumətinin ötən 10 il ərzində həyata keçirmiş olduğu islahatlardan, ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərindən söz açıb və bütün bu nailiyyətlərin əsas səbəbi kimi ölkədəki daxili siyasi sabitliyin təmin olunmasını göstərib. Azərbaycanın neft-qaz ölkəsi kimi tanınması ilə yanaşı qeyri-neft sektorunun da inkişafından danışan səfir indi xarici valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyini, bununla da ötən il ərzində Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına yönəlmiş islahatlarının nəticəsi olaraq qeyri-neft sektorunda 2.7 dəfə real artımın olduğunu, 2003-2012-ci illər ərzində qeyri-neft sektorunda artımın dünyada ən yüksək göstəricilərdən birini təşkil edərək ildə orta hesabla 10% təşkil etdiyini, bundan əlavə olaraq ötən 10 il ərzində ölkədə açılan 1milyon 100 minə yaxın yeni iş yerlərinin 90 faizdən çoxunun qeyri-neft sektorunda açılmış olduğunu deyib.

Turizm sektorunun inkişafı ilə bağlı Ş.Abdullayev Azərbaycanın ötən 10 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar haqqında ətraflı məlumat verib, 2012-ci ildə Azərbaycana gələn xaricilərin sayının 2 milyondan çox olduğunu bildirib. Əhalinin sosial rifahı ilə bağlı məqalədə ötən 10 il ərzində sosial rifahın və həyat şəraitinin yüksədilməsi üçün 2003-cü ildə səhiyyəyə ayrılan xərclərin cəmi 69 milyon manat təşkil etdiyi, 2013-cü ildə səhiyyə xərclərinin 666.3 milyon manat təşkil etdiyi, təhsilə ayrılan xərclərin isə 2003-cü ildə 243 milyon manat təşkil etdiyi, 2013-cü ildə isə bu rəqəmin 1.5 milyard manat təşkil etdiyi yazılıb.

Məqalənin sonunda səfir elm və təhsilə, səhiyyəyə ayrılan diqqət və xərclərdən danışaraq ilbəil ölkənin inkişaf etməsilə bərabər sözügedən sahələrin də inkişafının davam etdiyini bildirib.

– See more at: http://salamnews.org/az/news/read/99978#sthash.7VrbZnxf.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO