Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili?

Hazırda Azərbaycan milli ideologyası problemi ilə bağlı mübahisəli məsələlərdən biri də milli kimlik və milli dilin adı ilə bağlıdır. Belə ki, azərbaycançılıq ideologiyası əsaslandırılarkən, «Azərbaycan dili»nin və «Azərbaycan milləti»nin vacibliyi irəli sürülür və o, bu zaman müəyyən mənada türk dilinə və türk millətinə qarşı qoyulur. Fikrimizcə, milli ideologiyanın hər hansı bir adla («türkçülük», «azərbaycançılıq», «islamçılıq» və s.) adlandırılması müəyyən əhəmiyyət kəsb etsə də, bununla yanaşı iki vacib faktor: 1) millətin adı; və 2) dilin adı məsələsi də var. Əslində millət və dilin adı ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra, bütün hallarda milli ideologiya, hətta müəyyən kənara çıxmalar olsa da, bütövlükdə bu amillər əsasında təşəkkül tapacaqdır. Yəni bir xalqın etnik kimliyi və milli dili nədirsə, müəyyən mənada onun milli ideologiyası da odur.

Bu baxımdan bəzi alimlərin (N.Cəfərov, Ə.Daş­dəmirov, S.Xəlilov və b.) azərbaycançılığın mahiyyətinə uyğun olaraq Azərbay­can­ milləti və Azərbaycan dilini müdafiə etmələri başa düşüləndir. Çünki «Azərbaycan dili»nin varlığı və Konstitusiyada öz əksini tapması «azərbaycançılıq» ideologiyasının mövcudluğun­dan bəhs etmək üçün ən vacib ideoloji silahlardan biridir. AMEA-nın müxbir üzvü Səlahədin Xəlilov qeyd edir ki, «Azərbaycan dili» «azərbaycan­çılığ»ın şah damarı­dır. Əməkdar elm xadimi Nizami Cəfərovun fikrincə isə, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur. Eyni zamanda, o iddia edir ki, qeyri-türk mənşəli xalqlar, etnoslar «Azərbaycan dili»nin «türk dili» adlanmasından narahatdır.

«Tarixin hökmü ilə Azərbaycan etnikliyinin başlıca indikatoru (göstəricisi) məhz dil olmuşdur» deyən, akademik Əfrand Daşdəmirov da milli dilin adı məsələsində türk dilindən və Azərbaycan dilindən çıxış edənlərin hər ikisinin bu və ya digər dərəcədə haqlı olduğu söyləsə də, nəticədə üstünlüyü sounuculara vermişdir: «Etnomədəni diskursun (mülahizələrin) mərkəzində əsrin əvvəllərində olduğu kimi, yenidən dil problemi özünün etnik identifikasiyasında çıxmışdır. Onu necə adlandırmalı: türk, yoxsa Azərbaycan dili? Bu mübahisələrin mahiyyətinə və təfərrüatına varmadan qeyd edilməlidir ki, tərəflərdən hər birinin öz güclü arqumentləri var, və bəlkə də, tərəflərdən hər biri bu və ya digər dərəcədə haqlıdır. Məsələ də elə bundadır ki, real həyatın gedişi ilə bu mübahisə əslində, həll olunmuşdur, özü də azərbaycançılıq konsepsiyasının, etnotarixi mötəbərliyə, etnomədəni, etnosiyasi özünəmüəyyənliyə azərbaycançılıq mövqeyindən yanaşmanın xeyrinə həll edilmişdir».

Maraqlıdır ki, akademik milli dilin adı məsələsində türk dili və Azərbaycan dili variantından çıxış edən hər iki tərəfin eyni dərəcədə haqlı olduğunu söyləsə də, Konstitutsiyada «Azərbaycan dili»nin öz əksini tapmasını «real həyatın gedişi» ilə bağlayır. Halbuki bir millətin dilinin mahiyyətinin yüzdə-yüz türk olduğu halda, adının «Azərbaycan dili» kimi müəyyənləşdirilməsi «real həyatın gedişi» ilə həll oluna bilməzdi. Ümumiyyətlə, milli dilin adı məsələsi ilə bağlı akademik «real həyatın gedişi» dedikdə konkret nəyi nəzərdə tutmuşdur, məlum deyildir. Ancaq Ə.Daşdəmirovun daha sonra qeyd etməsi ki, milli dilin adı məsələsi azərbaycançılıq konsepsiyasının xeyrinə həll edilmişdir, bu zaman müəyyən suallar ortaya çıxır. Yəni Ə.Daşdəmirovun bu yanaşmasından belə nəticə çıxarmalıyıq ki, türk dilinin Azərbaycan dili ilə əvəz olunması azərbaycançılıq konsepsiyasını əsaslandırmaq üçün baş vermişdir. Bu doğrudan da məhz belə olmuşdursa, deməli Azərbaycan türklərinin türk dili ilə azərbaycançılıq bir-birinə zidddir. Əgər türk dili və azərbaycançılıq ziddiyyət təşkil edirsə, Azərbaycan türklərinin türk kimliyi ilə azərbaycançılıq da belə olmalıdır. Ancaq bütün bunlar doğrdanmı belədir? Şübhəsiz ki, yox. Əgər türk dili və türk kimliyi azərbaycançılığa zidd olsaydı, Azərbaycan türk ideoloqları nə «Azərbaycan» adına müraciət edər, nə də bir türk dövlətinə Azərbaycan Cümhuriyyəti adını verməzdilər.

«Azərbaycançılıq» və «türkçülüy»ün sintezindən çıxış edən bəzi tədqiqatçılar (H.Həsənov, Y.Qarayev, K.Abdulla, Anar, Q.Kazımov, R.Əhmədli və b.) isə hesab edirlər ki, «Azərbaycan dili» türk dili, «Azərbaycan türk dili», «Azəri türk dili», «Azərbaycan türkcəsi» şəkildə öz ifadəsini tapsaydı daha yaxşı olardı. Məsələn, tarixçi alim Həsən Həsənov (Əzizoğlu) və Rafail Əhmədlinin daha çox Azərbaycan dövlətinin rəsmi dilinin türk dili olması tərəfdarıdırlar. Onlardan fərqli olaraq Kamal Abdulla bu məsələ ilə bağlı bir neçə variant irəli sürür və fikrimizcə, o qədər də məqbul olmayan belə bir nəticəyə gəlir: «Dilimiz, əlbəttə ki, türk dilidir… Amma bəlkə onu Azərbaycan dili adlandıraq, daha düzgün olar?! Elədir ki, var, dilimiz həm də Azərbaycan dilidir. Azərbaycan türk dili necə? Şübhəsiz, o da doğrudur. Dilimiz Azərbaycan türk dilidir… Eyni dilin üç adı? Təəccüblənməyə tələsməyək. Niyə də yox?! Bu adların heç biri digərini inkar etmir». Fikrimizcə, bir millətin həyatı üçün müstəsna əhəmiyyətə malik olan dil məsələsinə, yəni milli dilin adının hansı şəkildə müəyyənləşməsi ilə bağlı problemə bu cür yanaşma qətiyyən doğru deyildir. Bəlkə də, coğrafi ərazi, yaxud da dövlət adının hansı adla adlandırılmasıyla bağlı bir neçə variant olsaydı, bunu haradasa da təbii qəbul etmək olardı. Buna örnək olaraq, indiki dövlətimizin vaxtilə hansı adla adlandırmasıyla bağlı bir neçə variantın (Xəzər, Azərbaycan, Cənubi Qafqaz Türk və b.) irəli sürülməsini də xatırlatmaq yerinə düşərdi. Ancaq milli dilin adı ilə bağlı bir neçə variantın (Azərbaycan dili, türk dili, Azərbaycan türk dili) irəli sürülməsi, üstəlik onların hər birinin eyni mənanı ifadə etməsi ilə bağlı K.Abdulanın yuxarıda irəli sürdüyü fikirlərlə əsasən, razılşamırıq.

Biz burada Kamal Abdulanın o fikri ilə müəyyən dərəcədə razılaşırıq ki, Azərbaycan dövlətinin dilinin türk dili ilə yanaşı, Azərbaycan türk dili kimi də ifadə olunması mümkündür. Bizə elə gəlir ki, bu isə bir dilin iki adı olmasından daha çox, eyni dili paylaşan bir millətin yalnız ləhcə və qrammatika fərqlərini göstərmək üçün lazımdır. Hər halda ən azı elmi ictimaiyyətə məlumdur ki, bir çox obyektiv səbəblərə görə Azərbaycan və Türkiyə türklərinin minilliklər boyu paylaşdıqları türk dili, sonralar müəyyən dərəcədə müxtəlif istiqamətlərdə inkişaf etmişdir. Bu isə daha çox ədəbi dilin formalaşmasında öz təsirini göstərmişdir. Halbuki, ədəbi dilin fərqli istiqamətdə inkişaf etdiyi dövrdə belə Türkiyə ilə Azərbaycan ictimaiyyətinin əksər təbəqləri arasında dil ayrılığı olmamışdır, bu gün də belə bir hal yoxdur.

Bu baxımdan, Türkiyə türk dilinin Türkiyə türkcəsi, Azərbaycan türk dilinin isə Azərbaycan türkcəsi kimi ifadə olunmasını mümkün hesab edir, bu mənada xalq yazıçısı Anarın (Anar Rzayevin) milli dilin adı ilə bağlı aşağıdakı fikirlərinə qatılırıq: «Mən yenə də əvvəllərdə olduğu kimi, dilimizin Azərbaycan türkcəsi, yaxud Azəri türkcəsi adlanmasının tərəfdarıyam. «Azərbaycan türk dili», «Azəri türk dili» söz birləşmələrini də məqbul sayıram. Bu söz birləşmələrində «türk» kəlməsi dilimizin əsrlərdən gələn ənənəvi adıyla bağlıdırsa, «Azərbaycan», yaxud «Azəri» kəlmələri dilimizi Türkiyə türkcəsindən fərqləndirmək üçündür». Ancaq onun daha sonra Azərbaycan və Türkiyə türklərinin dillərini bir-birindən müəyyən qədər fərqlənən ləhcələr kimi deyil, müstəqil dillər kimi qəbul edilməlidir mülahizəsi ilə razılaşmırıq. Çünki bizə elə gəlir ki, digər türksoylu xalqlarla da müqayisədə, bir-birinə son dərəcə yaxınlıq baxımından Türkiyə və Azərbaycan türklərinin (buraya Güney Azərbaycan türkləri, Türkmən türkləri, Kərkük türkləri, Borçalı türkləri, Dərbənd türkləri, Şimali Kipr türkləri və başqaları da aiddir) dilinin bir adı var: türk dili. Bu da, şübhəsiz onların türk millətinin Oğuz nəsilindən olması ilə bağlıdır. Ancaq ümumilikdə qazax, özbək, qırğız, tatar, başqırd, yakut, qaraqalpaq, krım və başqa türksoylu etnosların dillərinin də kökü türk dili ilə bağlıdır.

Bu baxımdan, müəyyən zamanlarda aryı-aryı türksoylu etnosların türk dili əvəzinə bəzən tayfa və yaxud hakim sülalə adlarından (uyğur, özbək, qazax, osmanlı, tatar, başqırd və b.) istifadə etmələri də təbiidir, indi də bu amildən yararlanan türk dövlətləri (Qazaxıstan, Özbəkistan və b.) vardır. Maraqlıdır ki, hazırda rəsmi dili türk dili olan Türkiyə Cümhuriyyətinin sələfi Osmanlı dövlətinin dili osmanlı dili olduğu halda, indi dövlət dil Azərbaycan dili olan Azərbaycan Respublikasının sələfləri Azərbaycan Cümuhriyyəti və Azərbaycan Səfəvi İmperiyasının dövlət dili türk dili olmuşdur. Özəlliklə, türk cümhuriyyətləri arasında ilk dəfə, Azərbaycan Cümhuriyyətinin dövlət dilinin türk dili olması, Azərbaycan türklərinin türk dilinə verdiyi önəminin və milliyyət hissinin üst səviyyədə olmasının göstəricisidir. Ancaq burada məsələni birinci və ya da ikinci olaraq hansı türk dövlətinin dilini türk adlandırılması şəklində qoymaqda doğru deyildir. Bu baxımdan Azərbaycanın dövlət dilinin türk dili adlandırılmasının müstəqilliyə təhlükə kimi dəyərləndirilməsi də mənasızdır. Çünki İngiltərənin dövlət dilinin ingilis dili olduğu halda, ABŞ-ın da həmin dili rəsmi şəkildə qəbul etməsi nə qədər təbiidirsə, Azərbaycan və Türkiyə dövlətlərinin də eyni dili paylaşmaları bir o qədər təbiidir. Başqa sözlə, ABŞ-da milli ideologiya kimi amerikançılıq-amerikanizm geniş yayılıb onun siyasi-ideoloji həyatında aparıcı yer tutması ilə yanaşı, bu ölkədə milliliyi-etnikliyi ifadə edən «ingilis» anlayışı (ingilis dili, ingilis mədəniyyəti və s.) da özünəməxsus yer tutur. Bunu, müəyyən mənada Azərbaycan və Türkiyə dövlətlərinə də aid etmək olar. Yəni Azərbaycan və Türkiyə müstəqil dövlətlər olsalar da, ortaq tərəfləri (soykök, dil, mədəniyyət, din və s.) vardır. Bu, hər iki dövlətin başçıları tərəfindən də dəfələrlə bəyan edilmişdir. Bu birlik mesajları da daima ümumi tarixi, mədəni, soykök, dil və s. məsələlər üzərində qurulur.

Hazırda faktiki olaraq başda Azərbaycan türkləri olmaqla, bütün Azərbaycan xalqının yazı və danışıq dili Azərbaycan tükcəsi (Azərbaycan türk dili) olmasına baxmayaraq, bu dil Konstitusiyada «Azərbaycan dili» kimi öz ifadəsini tapmışdır. Halbuki, «Azərbaycan dili» adlanan Azərbaycan türkcəsini ana dil kimi, birmənalı şəkildə Azərbaycan türkləri qəbul edirlər. Bu mənada qeyri türklər, yəni azsaylı etnik qruplar – talışlar, ləzgilər, udinlər, tatlar, avarlar, kürdlər və başqaları «Azərbaycan dili»ni türk dili hesab edərək, doğma dillərini də unutmurlar. Bu da təbiidir. Çünki etnik azlıqların dillərinin demək olar ki, Azərbaycan türk dili ilə heç bir qohumluq əlaqəsi yoxdur. Onlar ya «Qafqazdilli», ya da «İrandilli» dil ailəsinə daxildirlər. Deməli, bir millətin varlığı üçün son dərəcədə önəmli olan dilin adı məsələsində də faktiki olaraq güzəştə gedən, yəni doğma türk dilinin «Azərbaycan dili» adlandırılmasına etiraz etməyən Azərbaycan türkləri olmuşdur.

Bütün bunlara baxmayaraq, hətta bəzi əsərlərdə, məqalələrdə «Azərbaycan dili»nin əslində bir türk dili, Azərbaycan mədəniyyətinin həm də bir türk mədəniyyəti, Azərbaycan tarixinin həm də bir türk tarixi, Azərbaycan dövlətinin həm də bir türk dövləti, azərbaycanlıların əksəriyyətinin isə türk olmaları ilə bağlı fikirlər dərhal ciddi tənqidə məruz qalır. Bu isə o deməkdir ki, xüsusilə milli məsələlərdə tolerantlıqdan, xoşgörüdən, bəşərilikdən çıxış etməyin də müəyyən həddi olmalıdır. Əks təqdirdə həmin millətin özünün assimilyasiya olunaraq tarix səhnəsindən getməsi qaçılmazdır. Əgər bir dövlətin yaradıcısı olan bir millət tarix səhnəsindən gedəcəksə, fikrimcə, o zaman həmin dövləti azsaylı etnik qruplarla saxlamaq da mümkün olmayacaqdır. Bu baxımdan Azərbaycan türklərinin sözün həqiqi mənasında milli kimliyinə və milli dilinə sahib çıxmaları onların təbii haqlarıdır

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO