Mehriban Əliyeva: Avropa Oyunları müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir

“Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Oyunlarının atletləri, xanımlar və cənablar, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmişsiniz, ilk Avropa Oyunlarına xoş gəlmişsiniz! Birinci Avropa Oyunlarının açılışı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm!”

Trend-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

M.Əliyeva bildirib ki, bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir.

Birinci xanımın sözlərinə görə, müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır:

“Bu səhifəni biz yazırıq. Bu səhifəni Azərbaycan xalqı yazır. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Əziz dostlar, biz bu axşam Avropanın idman tarixində yeni fəslə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində alovlandırldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı. Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı. Məhz alovlanan ruh hamımızı bir araya gətirir.

Mən Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə minnətdarlığımı bildirmək istəyirəm. Bu minnətdarlıq onun həm ilk Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsinə, həm də yadda qalacaq belə bir tədbirin təşkilinə verdiyi dəstək və göstərdiyi yardımla bağlıdır. Mən, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Olimpiya ailəsinin üzvlərini salamlamaq istəyirəm. Azərbaycanda Olimpiya hərəkatlarına verdikləri davamlı dəstəyə görə onlara minnətdaram”.

Mehriban xanım Əliyeva vurğulayıb ki, Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik ölkədir: “Multikulturalizm və tolerantlıq, qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir”.

Birinci xanım qeyd edib: “Biz bu il Avropa Oyunlarını qəbul edirik. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir. Biz müstəqil dövlət kimi gəncik, cəmi 24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanması ilə üst-üstə düşür. Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə müşahidə olunur”.

Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri bildirib ki, Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirtmək imkanı yaradır: “İşə sadiqliyimiz və yorulmaz fəaliyyət nəticəsində vaxtın məhdud olduğunu qət edərək, bu Oyunları cəmi 2 il yarım ərzində hazırladıq. Mən Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin bütün beynəlxalq tərəfdaşlarımıza, bir çox yerli və xarici könüllülərə minnətdarlığımı bildirimək istəyirəm”.

Mehriban Əliyeva vurğulayıb ki, komandamız qarşılıqlı əməkdaşlığın, anlaşma və dostluğun bariz nümunəsidir: “Biz bu axşam Avropanın təqribən 6 min ən yaxşı atletini ölkəmizdə salamlayırıq. Hörmətli atletlər, bu Oyunlar sizin üçündür. Siz ilk iştirakçısınız, siz Avropa Oyunlarının ilk çempionları olacaqsınız. Bütün Azərbaycan xalqı sizə dəstək vermək üçün buraya gəlib. Bakı 17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq. Bu axşam mən xalqımızdan, əldə etdiyimiz bütün nailiyyətlərdən fərəh və iftixar hissi duyuram. Mən bu Oyunlara qəlbən bağlandığınıza görə hamınıza təşəkkürümü bildirirəm. Onu da bildirirəm ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və Bakı-2015-in parlaq ruhunun atəşi orada olacaq.

Avropa Oyunlarının atletləri, xanımlar və cənablar, əziz qonaqlar, sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmişsiniz!”

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO