“Mətbuat ayı”nda jurnalistlərin binasında jurnalistin toyu olacaq

Bu xəbəri eşidəndə öncə iki məqamın dəqiqləşdirilməsinə ehtiyac hiss etdik. Birinci: işlətdiyimiz təqvimdə “Mətbuat günü” ifadəsi olsa da, “mətbuat ayı” ifadəsini təzə eşidirdik. Sən demə, jurnalistlər son on ildə iyul ayında o qədər seviniblər ki, indi artıq onlara iyulun bir günü bəs eləmir. Ona görə də, təqvimin yeddinci ayını başdan-başa “mətbuat ayı” adlandırırlar.  Yeri gəlmişkən,  deyilənə görə jurnalistlərin ən çox sevinəcyi iyul gələn ilin  yeddinci ayı olacaq. 

Modern.az-ın dəqiqləşdirmək istədiyi ikinci məqam isə ondan ibarət idi ki,  bildiyimizə görə KİV təmsilçiləri üçün tikilmiş birinci binada  mənzil almış jurnalistlər arasında ailə qurmayan oğlan yoxdu. Bəs elə isə toyu olan jurnalist kimdir?

Dəqiqləşdirdik və öyrəndik ki, “mətbuat ayı” ərəfəsində – iyunun 6-da toyu olan  jurnalist – “Azərbaycan müəllimi” qəzetinin gənc müxbiri  Sadiq Qaçayev  “Xalq qəzeti”nin qocaman əməkdaşı, Əməkdar jurnalist İttifaq Mirzəbəylinin oğludur. Sən demə, adı kimi özü də  müxtəlif dəyərlərə sadiq olan bu gənc  formalaşmış ailə ənənəsini sədaqətlə davam etdirirmiş. Maraqlı olan məqamlardan biri də odur ki, Sadiq bəyin toyu paytaxtın Bakıxanov qəsəbəsindəki “Həyat yolu” adlı şadlıq sarayında olacaq. Yaxşı  “yol başlanğıcı”dır. Üstəlik, bu gənc jurnalistin toyunda ölkənin tanınmış qələm sahiblərinin və media kapitanlarının əksəriyyəti iştirak edəcək. Deməli,  həmin gün qurulacaq yeni ailənin  şahidlərinin böyük əksəriyyəti söz, qələm əhli olacaq. Əsl qələm isə fələklərin əlindədir. Allah yollarını yaxşı yazsın!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO