Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan Modern.az-a verilən xəbərə görə, dekabrın 5-də keçirilən iclasda Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran 2 məsələ barədə məlumat verib:
1. 2012-ci ilin I yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi;
2. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək tədbirlərin müzakirəsi.
Fondun icrası direktoru Vüqar Səfərli KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının şərtlərinin 2009-cu ildə hazırlandığını, ötən il üç ildə ölkə mətbuatının müəyyən inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru bildirib ki, indiyədək maliyyə müsabiqəsində iştirak üçün qəzetlərin tirajının 1500, dövriyyəsinin isə 500 ədəd olması şərt kimi qoyulmuşdu. Ötən 3 ildə dövlət qayğısı nəticəsində ölkə mətbuatının maddi-texniki bazasının möhkəmləndiyini diqqətə çatdıran Vüqar Səfərli bununla əlaqədar müsabiqə elanının hazırkı şərtlərində müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurətini Şura üzvlərinin diqqətinə çatdırıb.
Müşahidə Şurasının üzvü Əflatun Amaşov çıxışında Fonddan böyük məbləğdə maliyyə dəstəyi alan ölkə qəzetlərinin tirajının və yayım imkanlarının ötən 3 ildə yüksəldiyini, problemlərinin böyük qisminin həllini tapdığını vurğulayıb. Şura üzvü bununla əlaqədar Fondun maliyyə müsabiqəsinə iştirak edəcək qəzetlərin tirajının 1500-dən 2000-ə, gündəlik yayımının isə 500-dən 750-ə qaldırılmasını təklif edib. Onun sözlərinə görə, bu addım əslində qəzetlərin inkişafına və onların məsuliyyətinin daha da artırılmasına xidmət edir.
Müşahidə Şurasının digər üzvləri çıxışlarında 2012-ci ilin dövlət büdcəsində Fonda ayrılmış maliyyə vəsaitinin artdığını nəzərə alaraq qəzetlər üçün nəzərdə tutulan maliyyə yardımının maksimal həddinin 40 min manatdan 50 min manata qaldırılmasını təklif ediblər.
Müzakirələrin yekunu kimi Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunmuş bu və digər dəyişiklikləri yekdilliklə qəbul ediblər.
Gündəlikdə olan ikinci məsələyə toxunan Fondun icrası direktoru Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə jurnalistlər üçün bayram tədbirinin keçirilməsi təklifi ilə çıxış edib. Müşahidə Şurasının üzvləri bu təklifi də yekdilliklə qəbul ediblər.
***
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə
ELANI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2012-ci ilin 1-ci yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb.
1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.
2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.
4. İctimai və dövlət maraqlarının müdafiəsi.
5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.
8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği
9. Azərbaycançılıq ideyasının təbliği.
10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.
11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.
13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.
14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
16. Elm və təhsilin inkişaf etdirilməsi.
17. Ekologiya və ətraf mühitin mühafizəsi.
18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:
– müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
– Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
– barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
– əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
– təsisçisi dini qurumlar və dini icmalar olanlar;
– xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
– xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
– təsisçiləri dövlət orqanları olanlar;
Maliyyə yardımının şərtləri:
– layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
– ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 50 000 (Əlli min) manat müəyyən edilib.
Hər KİV bir layihə təqdim edə bilər.
Hər istiqamət üzrə 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
Sənədlər dekabrın 6-dan 29-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Sənədlər fonda şəxsən təqdim edilməlidir.
Nəticələr dekabrın 30-dək elan ediləcək.