“Korrupsiya və bəşəriyyət ” qəzetinin əməkdaşları iş başında tutulublar

Bakı şəhəri 36 saylı Texniki yaradıcılıq mərkəzinin direktoru Dilarə Əliyevanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, mayın 7-də “Korrupsiya və bəşəriyyət” qəzetinin müxbiri Xəyyam Qurbanlı və həmin qəzetin şöbə müdiri Rizvan Mirmövsümov Bakı şəhəri, Çobanzadə küçəsi 49 saylı ünvanda yerləşən 36 saylı Texniki yaradıcılıq mərkəzinə gələrək özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra mərkəzdə yoxlama apacaqlarını bildirərək orada ayrı-ayrı sənədlərin fotoşəkillərini çəkmiş və müəllimlərin işə davamiyyəti ilə əlaqədar iradlarını bildirərək aşkar edilmiş nöqsanlarla bağlı tədbir görülməməsi müqabilində 300 manat məbləğində pul tələb ediblər.
Mayın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində qeyd edilən məbləğdə pulu mərkəzin direktoru D.Əliyevadan alarkən hər iki şəxs cinayət başında yaxalanıblar. R.Mirmövsümovun idarə etdiyi “Opel Vita” markalı, 90-MF-574 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı ibtidai istintaq üçün zəruri olan sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb, həmçinin avtomaşının qabaq şüşəsinə KORRUPSİYA sözləri yazılmış lövhənin yapışdırıldığı müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb, X.Qurbanlı və R.Mirmövsümov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxslər tərəfindən törədilmiş digər cinayətlərin müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

– See more at: http://az.salamnews.org/az/news/read/75181/korrupsiya-ve-besheriyyet-qezetinin-emekdashlari-ish-bashinda-tutulublar/#sthash.VH49A4R4.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO