Azərbaycanda bir çox hallarda jurnalistlərin hüquqları da pozulur. Bəzi məmurlar tərəfindən KİV nümayəndələrinə təzyiqlərin edilməsi halları getdikcə artır. Azərbaycanda media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya verilməsi də vəziyyəti dəyişmədi. Bir neçə ay öncə Sulutəpədə ARDNŞ əməkdaşlarının iki jurnalisti döyməsindən sonra media ombudsmanı heç bir iş görmədi. Onun fəaliyyəti yalnız döyülən jurnalisti xəstəxanada ziyarət etməklə bitdi. Bəzi jurnalistlər iddia edirlər ki, yeni yaradılan media ombudsmanının fəaliyyəti iflic vəziyyətdədir.
Media ombudsmanının fəaliyyəti hiss olunurmu?
Modern.az bu sualla jurnalistlərə müraciət edib.
Sorğumuzun ilk iştirakcısı Milli.az-ın əməkdaşı Anar Məmmədov sualımıza sualla cavab verdi: “Siz Elmira Suleymanovanı tanımırsınız? Onun hansı fəaliyyətini görmüşük ki, media ombudsmanı kimi də fəaliyyətindən danışım. Gözəl görüntü yaradır, şirin danışır, lazim olan anda insanların sevimlisi kimi özunu təqdim edə bilir. Amma fəaliyyətindən danışmağa dəyməz”.
“Kaspi” qəzetinin baş redaktor müavini İlham Quliyev hesab edir ki, media ombudsmanının yaradılması ideyası lazımlıdır. Xüsusilə də Azərbaycan kimi ölkədə belə bir strukturun olması vacibdir: “Media omudsmanı “İnformasiya əldə etmək haqında” qanuna əsasən nəzərdə tutulurdu. Heç kimə də sirr deyil ki, bizdə informasiyanın alınması sahəsində problemlər həddən artıq böyükdür. Qanuna görə jurnalist informasiyanı ala bilməyəndə, ona ombudsman kömək etməlidir. Hələlik informasiya ombudsmanı fəaliyyətə başlamayıb. Onun hüquqları insan hüquqları üzrə müvəkkilə verildi, o da öz aparatında şöbə yaratmalıdır. Yalnız bu şöbə yaradılandan sonra onun necə fəaliyyət göstərəcəyini görmək olar. Amma şəxsi qənaətim belədir ki, informasiya ombudsmanı ixtisasca hüquqşünas olan və böyük jurnalist təcrübəsinə malik şəxs olmayınca, onun fəaliyyəti effektiv olmayacaq. Hər halda yaşayarıq, görərik… Əsas olan qanunun necə icra olunmasıdır”.
Araşdırmaçı jurnalist Fərəh Sabirqızı da media ombudsmanının yaradılmasına ehtiyac olduğunu deyir. Onun sözlərinə görə, nə formada yaradılmasından asılı olmayaraq, media ombudsman institutuna ehtiyac vardı və qanun da bunu tələb edirdi: “Əslində, bizim media ombudsmanı adlandırdığımız vəzifə informasiya məsələləri üzrə müvəkkillik institutudur. Yəni, bu mediadan da daha artıq bir sferanı əhatə etməlidir. Lakin qanunun tələbinə əks olaraq, bu institut ayrıca qurum kimi yaradılmadı. Bəlkə də bu sahədə passivlik məhz bununla əlaqədardır”.
Jurnalistin fikrincə, indiki vəziyyətdə informasiya məsələləri üzrə müvəkkilliyin məhz Elmira Süleymanovaya verilməsi daha məqsədəuyğun olub: “Çünki son illərin praktikasına baxanda bu cür səs-küylə, bəh-bəhlə yaradılan, amma nəticədə fəaliyyətsiz qalan qurumların sayı çoxdur. Media ombudsmanı da belə bir institut olacaqdısa, onda hüquq müdafiəsi işində təcrübəsi olan, dəfələrlə həbsdə olan jurnalistlər, media sahəsində qalmaqallı məhkəmə proseslərinə dair mübahisələrinə dair öz sözünü deyən Elmira Süleymanovaya verilməsi daha məqsədəuyğun idi. Yəni, növbəti yarıtmaz bir qurum yaratmaqla Azərbaycanın götürdüyü öhdəliklərin qarşısına “quş” qoymaqdansa, azca da olsa işləyəcək bir mexanizm yaratmaq daha düzgündür”.
Jurnalist Zülfüqar Xeyirxəbər isə belə hesab edir ki, indi yaradılan qurumların əksəriyyəti daha çox öz mənafeyini güdür. O cümlədən, jurnalist təşkilatlarının əksəriyyəti də bu istiqamətdə fəaliyyət göstərdilər: “Ya qrant almaq, ya da populyarlaşıb hakimiyyətlə danışıqlara getmək, onların mənafeyinə uyğun olaraq fəaliyyət göstərib pul qazanmaq. Azərbaycanda QHT seuktoru faktiki olaraq bu iki istiqamətdə fəaliyyət göstərir. Artıq əksər jurnalistlərə bəllidir ki, qrant alan təşkilatlar da daha çox həmin vəsaiti öz şəxsi mənafeyləri üçün xərcləyirlər. Bununla belə mən yeni-yeni təşkilatların yaranmasının əleyhinə deyiləm. Təşkilatların fəaliyyətsizliyinə gəlincə, indiki siyasi rejimdə müstəqil fəaliyyət göstərmək böyük risq tələb edir. Çünki indi hakimiyyət jurnalistləri və onlara müxalif fikirli insanları öldürmürlər, rəzil edirlər, insaların ailəsinə soxulurlar, şəxsi işlərinə müdaxilə edirlər. necə deyərlər qurşaqdan aşağı zərbə vururlar”.
Media eksperti Azər Həsrət belə hesab edir ki, media ombudsmanı əvvəlcə sərbəst şəkildə təşkil edilməli idi: “Ancaq sonra qanun dəyişdirildi və bu məsələ Ombudsmanın səlahiyyətlərinə daxil edildi. Vəzifə olaraq isə insan haqları üzrə müvəkkilin – ombudsmanın informasiya məsələləri üzrə müavini təyin edilməliydi. Ancaq bu günə kimi təyin edilmədiyi üçün bu işlə faktiki heç kim məşğul olmur. Yəni bu vəzifə hələ də boş olduğu üçün təbii ki, deyiləcək bir sözümüz yoxdur”.
“Azadlıq” qəzetinin köşə yazarı Xaqani Əliyev media ombudsmanının hakimiyyət tərəfindən yaradılmasının əleyhinədir. Onun sözlərinə görə, Sulutəpədə döyülən jurnalistləri öldürsələr yasına da gedəcəkdilər, elə o da bu cür yekunlaşacaqdı: “Ciddi desəm, ombudsman cəsarətlə fikrini söyləyə bilmirsə, demək onu ciddiyə almaq da lazım deyil, hətta döyüləndə müraciət belə etmək yanlışlıqdı”.
“New Baku Post ” qəzetinin əməkdaşı Səbinə Əvəzqızı ideyanın çox maraqlı olduğunu deyir: “ Doğurdan da prosesləri maraqla gözləyirdik. Lakin proseslər heç də bizim istədiyimiz kimi olmadı. Ayrıca bir qurum və işi həqiqətən də bilən bir kimsə ombudsman olmalıydı. İndi isə heç nə dəyişmədi. Elmira Suleymanovadan düzü bundan artıq heş nə gözləmirdik. Heç nə dəyişmədi. Elmira xanım uzun illərdən bəri necə işləyirdisə, indi də elə fəaliyyət göstərir”.
Köşə yazarı Elçin Bayramlı ümumiyyətlə, Ombudsman Aparatının əleyhinə olduğunu deyir: “Guya əsas Ombudsman nə edir ki, media ombudsmanı da nə etsin? Heç bir təsir və təzyiq mexanizmi olmayan qurumdur, formal fəaliyyət göstərir. Bir ildir ki, Sovet İttifaqı Qəhrəmanı olmuş şəxsin nəvəsinin ürək xəstəliyindən, ailənin yoxsulluqdan və işsizlikdən əziyyət çəkdiyi haqda mətbuatda materiallarla çıxış edirəm, yalniz 1 ay qabaq Ombudsman Aparatından maraqlanıblar ki, indiyədək də maraqlanmaqdan irəli gedə bilməyiblər. Nə adama fəhlə işi verən var, nə də xəstə uşağın müalicəsinə kömək edən. Ölkədə qanunların icrasına nəzarət edilməsinə çalışmaq lazımdır. O zaman heç bir ombudsmana-filana ehtiyac olmaz. Normal məhkəmə-hüquq sistemi olsa, qanunlara əməl olunmasına və onların icrasına nəzarət yüksək səviyyədə təmin olunsa, heç kimin hüquqları pozula bilməz. Bunlar edilməsə istəyirsən 100 dənə insititut yarat, hər sahə üzrə ombudsman təyin elə, heç bir xeyir yoxdur, fəaliyyətləri elə kağız üzərində qalacaq”.