“Eurovision”a artıq sayılı günlər qalıb. Müsabiqədə isə 42 ölkənin iştirakı rəsmən təsdiqlənib. Və bir çoxlarının artıq favorit ölkələri var. Bəs mədəniyyət yazarları bu ölkələrin təmsilçilərini necə qiymətləndirir? Jurnalistlərin bəyəndikləri ifalar və iştirakçılar hansılardır? Bununla bağlı Modern.az saytının əməkdaşı jurnalistlər arasında sorğu keçirib.
“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı qeyd edib ki, builki təmsilçilərin demək olar ki, çoxu ilə tanışdır. Amma Azərbaycanı təmsil edən Səbinə Babayevanın mahnısını daha çox bəyənir. Bunun isə vətənpərvərlik hissləri ilə bağlı olduğunu söyləyən C.Səlimqızı bildirib ki, daha çox yadda qalan ölkə Rusiya və Türkiyədir.
“Xüsusilə qeyd etmək istərdim ki, qardaş ölkə olan Türkiyəyə səs verəcəm. Çünki Can Bonomonun ifasını daha çox bəyənirəm”.
“Milli.az” xəbər portalının əməkdaşı Şahin Cavadsoy qeyd edib ki, 42 ölkənin hər bir təmsilçisini yadda saxlamaq, tam detallarla öyrənmək qeyri-mümkündür. Amma favorit ölkələri olduğunu bildirən Ş.Cavadsoy bildirib ki, Azərbaycanı təmsil edən Səbinə Babayevanın ifası çox möhtəşəmdir, onun hər bir ifası rezonansa səbəb olur. Jurnalistin digər favoritləri isə Rusiyanı təmsil edən nənələrdir.
“Mən internetdə araşdırma apardığım zaman məlum oldu ki, nənələr bütün dünyanın diqqətini cəlb edir” deyə, o bildirib.
Türkiyəni təmsil edən Can Bonomo Ş.Cavadsoyun əsas favoritlərindəndir. O qeyd edib ki, Can Bonomo müsabiqədə öz müxtəlifliyi ilə seçiləcək. Şahin Cavadsoyun sözlərinə görə, Azərbaycana səs verə bilməsə də, Səbinə Babayevanı dəstəkləyir.
“Dünya mediası, eləcə də bukmekerlər Səbinə Babayevanı favoritlər sırasında görür” deyə jurnalist qeyd edib. Şahin Cavadsoy bildirib ki, qardaş ölkə Türkiyəyə səs verəcək.
“Lent.az” xəbər saytının əməkdaşı Jalə bildirib ki, bütün ölkələrin mahnıları ilə tanış deyil. “Amma bir neçə favorit ölkələr var. Böyük Britanıya, Yunuanistan, Fransanın təmsilçiləri və mahnılarını bəyənirəm. Amma Türkiyə qardaş ölkə olsa da, o qədər də bəyənmədim. Düzünü desəm, “Eurorvison” mahnı müsabiqsəinin bu il bizim ölkəmizdə olmasına baxmayaraq, nədənsə ölkələrin təbliğatı o qədər də güclü deyiil. O ki, qalsı səs verməyə, Türkiyəyə səs verməyi düşünürəm”.
APA-nın əməkdaşı Ülkər Qasımova deyib ki, Azərbaycan paytaxtında baş tutacaq 57-ci “Eurovision” yarışması bir çox tərəflərdən müsabiqə tarixinə düşəcək.
”Bu il müsabiqədə təmsil olunan 42 ölkənin demək olar ki, tam yarısı Bakı səhnəsində öz dilində mahnı səsləndirəcək. Son illər müsabiqə tarixində belə fakta rast gəlinməyib”.
Ü. Qasımovanın fikrincə, müsabiqənin digər fərqli və qeyd olunması gərəkli faktı müsabiqə təmsilçilərinin yaş fərqliliyidir ki, builki müsabiqənin ən azyaşlı təmsilçisinin 16, ən qocamanınsa 76 yaşı var.
Jurnalist bildirib ki, “Eurovision-2012” mahnı müsabiqəsində təmsil olunacaq 42 ölkənin hər birinin təmsilçisi və mahnısı ilə tanışdır.Onun sözlərinə görə, Azərbaycan təmsilçisi Səbinə Babayevaya azarkeşlik edir. Favorit ölkə təmsilçiləri arasında isə İsveçdən olan Loreen, Böyük Britaniyadan olan Engelbert Hamperdink, Fransadan olan Anggun, Almaniyadan olan Roman Lob, Türkiyədən olan Can Bonomo, Rumıniyanın “Mandinga” qrupu, İsveçrə təmsilçisi “Sinplus”, Kipr təmsilçisi İvi Adamio, Malta adından çıxış edəcək Kurt Kallejanı, Serbiya təmsilçisi Zeljko Yoksimoviçi çox bəyənir.
“Ümumiyyətlə, bir faktı qeyd etmək istərdim ki, builki mahnıların hamısı xoşuma gəlir və çox fərqlidir. Hər mahnı bir mövzunu əhatə edir və bu da tamaşaçılara seçim şansı verir”- deyə, Ü. Qasımova əlavə edib.
Səsə gəlincə isə Ü.Qasımova qeyd edib ki, Azərbaycana səs verə bilmək şansımız olmadığı üçün, səsini qalib olacağını güman etdiyi İsveçə verəcək.
“Anspress.com”un əməkdaşı Zülfiyyə Qurbanova qeyd edib ki, bütün ölkələrin təmsilçilərini elə də yaxşı tanımır. Amma Litva, Rusiya və Böyük Britaniyanın təmsilçilərinin ifalarını dinləyib. Z. Qurbanova etiraf edib ki, hələ indiyə kimi heç vaxt səs verməyib, bundan sonra da səs verəcəyini düşünmür.
“Şərq” qəzetinin əməkdaşı İzolda xanım da, digər həmkarları kimi heç də bütün təmsilçiləri yaxşı tanımır. Amma qeyd edib ki, favorit ölkə Türkiyədir. Və səs vermə vaxtı ancaq Türkiyəyə səs verəcək.
“Oxu məni” qəzetinin əməkdaşı Şəlalə Nəriman bildirib ki, bir çox ölkələri bəyənir. İlk yerlərdə isə Türkiyəni, Yunanistanı görür. Jurnalist Rusiyanın “Nənələr” qrupunu o qədər bəyənməsə də, onların şansının böyük olduğunu qeyd edib.
Səbinə Babayevanı isə jurnralist 5-ci, 7-ci yerlərdə görür. Həmkarımız səsvermədə Türkiyəyə səs verəcəyini deyib.