Uzun müddətdir ki, jurnalistika ixtisası üçün xüsusi qabiliyyət imtahanı məsələsi gündəmdədir. Lakin hələ ki, bu problem öz həllini tapmamış qalır. İstər jurnalistikada dərs deyən müəllimlər, istərsə də təsadüfü olaraq bu fakültəyə daxil olan tələbələr hazırkı durumdan narazıdır.
Ümumiyyətlə, son illərdə yeni nəsil jurnalistlərin təhsili və hazırkı durumla bağlı məlumat əldə etmək üçün Modern.az-ın əməkdaşı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə ilə görüşüb. Y. Əlizadə Jurnalistika fakültəsinin hazırkı durumun o qədər də ürəkaçan olmadığını bildirib.
“Hazırda durum o qədər də yaxşı deyil. Biz uzun illərdir ki, fakültəyə qəbul imtahanları zamanı əlavə qabiliyyət imtahanını keçirilməsini TQDK-dan istəyirik. Amma hələ ki bir nəticəsi yoxdur. Hətta məndə Məleykə Abbaszadənin bir məktubu da var. Yazıb ki, riyaziyyat, təbiət elmləri və jurnalistikada qabiliyyət imtahanını məqsədəuyğun hesab etmir. Bu heç bir məntiqə sığmır. Axı jurnalistikanı digərləri ilə müqayisə etmək olmaz”.
Jurnalistika üçün qabiliyyətin olmasının zəruriliyinə toxunan Y. Əlizadə hesab edir ki, jurnalist oxucu qəlbinin mühəndisi olmalıdır.
“Gərək mühəndislik sənətini də biləsən. Yoxsa hər yoldan keçən gəlib jurnalist ola bilməz. Bu mindən, milyondan bir olur. Bizdə bu təcrübə olub. Bunu inkar etmirəm. Məsələn, Azad Şərifov olub ki, hələ Sovet dönəmində “İzvestiya” qəzetinin guruldayan vaxtında Yaxın Şərq və Türkiyə üzrə müxbir işləyib. Halbuki, onun jurnalist təhsili olmayıb. Yaxud Valid Sənani, onun ixtisası coğrafiya idi. Amma indi bunu kütləvi hala salıblar. Kim gəldi özünü jurnalist adlandırır. Bunun da səbəbi odur ki, söz və mətbuat azadlığını atmışıq ortaya və təbiidir ki, bundan istifadə edənlər var”.
Yalçın Əlizadə bu sahədə də müəyyən planların olduğunu bildirib.
“Bu ildən fikirləşirik ki, başqa fakültələrin tələbələrini, xüsusən də təbiət üzrə oxuyanları 1 illiyə bizim fakültəyə gətirək. Jurnalistikaya meylli olanları cəlb eləmək istəyirik. Çünki bu sahələrin özlərinin kifayət qədər problemləri var ki, bəzən bizim jurnalistlər bunu yaza bilmir. Burada jurnalisti də qınamaq olmaz. Gərək bu sahənin mütəxəssisi olasan. Ona görə də belə bir fikrimiz var və artıq rektorluqla razılaşdırıb ki, müxtəlif fakültələrin tələbələrindən ibarət seçmə qrup yaradılsın”.
Fakültədə cavanlaşma getdiyini bildirən Y.Əlizadə ötən illərlə müqayisədə yeni cavan müəllimlərin cəlb olunduğunu açıqlayıb.
“Bu yaxınlarda universitetin Elmi Şurasında maraqlı bir statistika açıqlandı. Belə ki, əgər 2000-ci ildə jurnalistikada müəllimlərin orta yaşı 60 idisə, 2007-ci ildə 58, indi isə artıq 56-dır. Düzdür zəif olsa da gedir. Həmçinin, proqramda müəyyən dəyişikliklər var.”
Y. Əlizadə maddi-texniki bazanın zəif olduğunu və bu səbəbdən də tədrisin daha keyfiyyətli olmadığını da qeyd edib.
“Avadanlığımız yoxdur. Peşəkar jurnalistin istədiyi səviyyədə maddi-texniki bazamız yoxdur. Mühazirə ilə jurnalist yetişdirmək olmaz. Əgər 20 faiz mühazirə olmalıdırsa, 80 faiz də tələbə təcrübədə olmalıdır. Amma təəssüf ki, bu tərs mütənasibdir”.
Jurnalistika nəzəriyyəsi ilə bağlı irəliləyişin olduğunu deyən dekan yeni kitablardan da danışıb.
“Müəyyən kitablar nəşr olunub. Nəzəriyyə-təcrübə, teleradio ilə bağlı yeni kitablar var. Amma məsələn, tələbələrin təcrübəsi ilə bağlı problemlər mövcuddur. İndi bazar iqtisadiyyatı olduğundan biz tələbələri hansısa yerə təcrübəyə göndərəndə bunu üçün xərc tələb olunur ki, onu da hələlik universitet verə bilmir. Hələlik ancaq müəyyən kontaktlarla bunu edə bilirik. Məsələn, bu fakültəni bitirən tələbələrimiz var ki, hardasa rəhbər vəzifədədir ona ərkimiz çatır söz deyə bilirik. Onsuz da hər il 25 tələbədən 5-6-sı, maksimum 7 tələbə peşəkar jurnalist ola bilir”.