Aprelin 18-də Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti (ARDNŞ) işçilərinin sənədsiz evləri sökməsi zamanı hadisəni izləyən jurnalistlər İdrak Abbasov (“Ayna-Zerkalo” qəzeti) və Günay Musayeva (“Yeni Musavat” qəzeti) döyülüb, təhqir olunublar. Jurnalistlər Dövlət Neft Şirkətinin işçiləri tərəfindən döyüldüklərini bildiriblər.
Modern.az jurnalist təşkilatlarının rəhbərlərindən münasibət öyrənib.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev belə hesab edir ki, bu, Azərbaycanda cəzasız qalan praktikanın göstəricisidir. Və bu cür hallara bəyənatlarla reyaksiya vermək artıq ciddi təsir göstərmir: “Artıq bu adi hala çevrilib. Belə getsə, buna görə daha ciddi etiraz addımları atılmasına ehtiyac yaranır. Bununla bağlı sabah “Zerkalo” qəzetinin redaksiyasında toplanıb iclas keçirəcəyik”.
Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, bu hadisə bütövlükdə hər bir jurnalist üçün həyəcan siqnalı olmalıdır: “Söhbət ondan gedir ki, jurnalistlər Neft Şirkətinin işçilərinin insanlara necə zülm etdiklərini lentə alırmışlar. Demək ki, onlar sırf öz peşələri ilə məşğul olublar. Ancaq baş vermiş olay onu göstərir ki, bizdə jurnalist peşəsi ilə məşğul olmağa imkan vermirlər. Bunu qarşısının alınmasının yolunu jurnalist həmrəyliyində görürəm. Əks halda, proses bu şəkildə davam edəcək, jurnalist kimi öz peşəsi ilə məşğul olmaq mümkün olmayacaq. Biz bu hadisəni qəti şəkidə pisləyir, müvafiq qurumlardan jurnalistlərə qarşı vandallıq etmiş şəxslərin və onlara göstəriş vermiş məmurların cəzalandırılmasını tələb edirik”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bunu jurnalistikanın əsas problemi adlandırıb. Bildirib ki, jurnalist İdrak Abbasovu bu gün elə döyüblər ki, az qala reanimasiyaya düşsün: “Biabırçılıq bundadır ki, istənilən dövlət qurumu özünə bir qoşun dəstəsi düzəldib və kim çıxdı qabağına ayaqlayıb, tapdalayırlar. Problem bax bundadır”. E.Şıxlının sözlərinə görə. İ.Abbasov döyüləndə onun əynində üzərinə “Press” sözü yazılmış jurnalist gödəkcəsi də olub, amma qoluzorlular buna da əhəmiyyət verməyiblər.
Jurnalist Həmkarlar İttifaqının rəhbəri Müşviq Ələsgərli də isə bu fikirdədir ki, umumiyyətlə jurnalist əməyi toxunulmazdır: “Nəzərə alaq ki, bu sıradan bir hal deyil. Buna görə də biz Jurnalist Həmkarlar İttifaqı olaraq bəyanat yaymışıq və vəziyyəti pisləmişik. İdrakla bağlı ilk hadisə deyil. Bir neçə ay əvvəl də belə bir hadisə baş vermişdi. Həmin vaxt Mətbuat Şurasının sədri Əflatun Amaşov Daxili İşlər Nazirliyinə müraciət etmişdi və nazirlə görüş keçirilmişdi. Nazir də bu məsələnin araşdırılacağına söz vermişdi. Düzü bu olayın yenidən baş verməsi təəssüf doğurur. Hüqüq-mühafizə orqanları dərhal buna reaksiya verməlidir. Onların cavab bəyanatından sonra jurnalistlərin də cavab addımı olacaq”.
Məsələyə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da reaksiya verib. O, “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva və jurnalist İdrak Abbasovun (“Zerkalo” qəzeti) peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb.