Jurnalistlərin çox zaman hər hansı informasiyanı dəqiqləşdirmək və ya müəyyən məsələyə rəy öyrənmək üçün dövlət qurumlarına etdikləri müraciətləri cavabsız qalır. Ən yaxşı halda jurnalistlərdən kağız daışıyıcıda rəsmi formada müraciət etmələri istənilir. Həmin sorğu bir-iki günə poçtla dövlət qurumuna çatır. Göndərilən cavab da təxminən eyni zaman alır. Nəticədə zamanında çox gərəkli olan məlumat gecikdiyindən “ölü” informasiyaya çevrilir. Hansı ki, həmin sorğuya yerindəcə cavab verilə bilər.
Zaman baxımdan jurnalistə cavab vermək sualdan asılıdır
Media Hüquqlari İnsitutunun direktoru Rəşid Hacılı bildirib ki, “İnformasiya əldə etmək haqqında” Qanuna görə, dövlət qurumlarına sorğu ilə müraciət edən jurnalistlərə cavab verilməlidir. Əgər müəyyən araşdırma məsələsi tələb olunursa bu müddət 24, xüsusi hallarda 48 saata və s. qədər uzana bilər.
“Əgər sorğu jurnalistlərdən yazılı tələb olunursa, ola bilsin ki, onlar üçün sual aydın deyil və ya həmin suala cavab verilməsi ilə bağlı xüsusi prosedur tələb olunur. Ona görə onlar daxili prosedur qaydalarına uyğun olaraq həmin sualları yazılı istəyirlər ki, ona uyğun olaraq cavab əldə edib verə bilsinlər. Ancaq ümumi qayda belədir ki, jurnalistin sorğusunda mümkün qədər tez cavab verilməlidir”.
R.Hacılı jurnalistə tez zamanda cavab verilməsinin vəziyyətdən və konkret olaraq sualdan asılı olduğunu deyib. Onun sözlərinə görə, sorğuya cavab elə məlumat ola bilər ki, onu dövlət qurumu sizə verməsin: “Əgər dövlət qurumu jurnalistə konkret məsələ ilə bağlı məlumat vermirsə, sadəcə, həmin xəbər verilməyəcək. Jurnalist hesab edir ki, bu məlumat tez yayılmalıdır, o zaman yazısında qeyd edir ki, “filan qurumndan suala cavab ala bilmədik”.
Hüquqi baxmından məsələyə yanaşıldıqda isə müsahibimiz hesab edir ki, jurnalist məhkəməyə getməli və sübut etməlidir ki, onun sorğusuna cavab olan və tez verilməsi mümkün olan məlumat verilməyib.
Dövlət qurumlarının sorğunu yalnız kağız daşıyıcıda istəməsinə gəlincə isə Rəşid Hacılı bildirib ki, sorğu elektron formada verilə bilər. “Informasiya əldə etmək haqqında” Qanunda da nəzərdə tutulub ki, sorğu eyni zamanda elektron poçt və ya faksla verilə bilər.
“Əgər dövlət məmuru sorğunu kağız formada istəyirsə, bu qanunun tələbini pozmaq deməkdir”.
Jurnalistə operativ cavab vermək lazımdır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə hesab edir ki, dövlət qurumlarına sorğu ilə müraciət edən jurnalistə informasiyalar operativ formada çatdırılmalıdır: “Müasir texnologiyaların inkişaf etdiyi bir zamanda elektron xidmətlərlə-elektron poçtla, ən köhnəlmiş variant faksla həmin məlumat tez bir zamanda jurnalistə ötürülməlidir. Elektron xidmətlərdən istifadə həm informasiya verən üçün əlverişlidir, onun işini sadələşdirir, həm də informasiya əldə edən şəxs-jurnalist operativ şəkildə istədiyi məlumatı alır”.
Əngəl yaratamaq lazım deyil
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun fikrincə sorğu ilə dövlət orqanına müraciət edən jurnalistə nə qədər tez cavab verilsə bir o qədər yaşıdır. Onun sözlərinə görə, jurnalistlərlə əməkdaşlıq etmək lazımdır, rəsmi sənəd tələb etməklə əngəllər yaratmaq lazım deyil: “Amma elə məsələlər də ola bilər ki, onu dövlət qurumunun rəhbərliyinin görməsi vacib ola bilər. Bu zaman rəsmi sənəd tələb olunur. Amma bizim nazirliyin mətbuat xidmətinin işçiləri hər zaman çalışır ki, sorğu ilə müraciət edən jurnalistlərə tez zamanda cavab versinlər. Ümumiyyətlə, hesab edirəm ki, hər bir məsələ ilə bağlı jurnalistlərdən rəsmi sənədlər tələb etmək, əngəllər yaratamaq lazım deyil. Amma ola bilər ki,digər dövlət qurumlarının iş prinsipləri başqadır və onlar rəsmi sənədlər tələb edirlər”.
Jurnalistlərin sorğusuna cavab vermək dövlət qurumlarını vəzifəsidir
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Elman Cəfərli bildirib ki, dövlət qurumları jurnalistlərin sorğusuna gecikdirmədən cavab verməlidirlər. Bu, onların vəzifəsidir.
“Kütləvi İnformaiya Vasitələri haqqında” Qanunun 35-ci maddəsinə əsasən jurnalistin informasiya əldə etmək hüququ var. Bu hüquqa hörmət olunmalıdır. Dövlət qurumlarının mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri var. Bəs bu qurumu niyə yaradıblar? Nəzərə almalıdırlar ki, informasiya əldə etmək də jurnalistlərin işidir. Dövlət qurumları məlumat verməkdə xəsislik edəndə dövrüyəyə dezinformasiyalar girir. Ən yaxşısı o olardı ki, dövlət qurumları jurnalistlərin sorğusunu ən çoxu yarım günə kimi cavablandırsınlar.
Sual ölkənin milli təhlükəsizliyi ilə bağlıdırsa, o zaman jurnalistin sualına cavab gecikə bilər”.
Qanun hər cür müraciət və cavab formalarından istifadə etməyə imkan verir…
Araşdırmaçı jurnalist Fərəh Sabirqızı “Əslində, qanun hər cür müraciət və cavab formalarından istifadə etməyə imkan verir. Jurnalist suallarını həm şifahi, həm də yazılı formada göndərə bilər. Mətbuat xidmətləri də həmçinin, hər formada cavab verə bilərlər. Yəni onların yazılı şəkildə sorğu tələbləri qanunidir” deyə qeyd edib.
.Ancaq o da bu fikirlər razıdır ki, hər dəfə yazılı formada rəsmi məktubla sual göndərmək çox vaxt aparır. Belə sorğu praktikası informasiya agentliklərinə qətiyyən yaramır: “Amma araşdırma hazırlayanda, belə variant daha məqbuldur. Şəxsən təcili yazı olmayanda, mən özüm də yazılı formada sorğulara üstünlük verirəm. Çünki belə olanda jurnalistin əlində tam yazılı sübut olur və sonradan hansısa qurumun mətbuat katibinin “mən belə deməmişdim, fikirlərim təhrif olunub” kimi bəhanələr gətirməsi mümkün olmur”.
Fərəh Sabirqızının fikrincə, çox vaxt bu, şəxsi əlaqələrə bağlı olur: “Mətbuat xidmətinin rəhbəri səni şəxsən tanıyırsa, neçə illik əməkdaşlıq varsa, onda sorğulara, suallara dərhal şifahi cavab almaq mümkündür”.