Modern.az xəbər verir ki, Mətbuat Şurası iyunun 10-da vəfat etmiş idman jurnalisti Aqşin Kazımzadəyə nekroloq yazıb. Nekroloqda bildirlir:
– Mayın son günü Azərbaycan Mətbuat Şurasında Azərbaycan futbolunun 100 illik yubileyinə həsr edilmiş mərasimə ölkənin həmin növ üzrə yaşlı və gənc ən yaxşı 33 idman şərhçisindən biri kimi Aqşin Zəki oğlu Kazımzadə də dəvət olunmuşdu. Tədbirdə ona da bu sahədəki görkəmli xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının diplomu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yubiley hədiyyələri təqdim olundu. Mərasimin şərtlərinə əsasən veteran jurnalistlərdən biri Aqşin müəllimi xarakterizə etdi, o isə vaxtı ilə baş redaktoru olduğu “İdman” qəzetində hazırda eyni vəzifəni daşıyan gənc həmkarını səciyyələndirdi.
A.Kazımzadə barədə səslənən fikir Azərbaycanın idman, xüsusilə futbol jurnalistikasının önəmli simalarından olan şəxsin yaradıcılıq yolunu göz önündə canlandırdı. Onun müxtəlif janrlı yazıları, dili, üslubu və məzmunu ilə nümunə olan məqalələri əslində ölkənin bu sahədəki yaşantılarının canlı ensiklopediyası adlandırılmağa layiqdir. Yaşlı və orta nəslin Aqşin müəllimin yazıları dərc olunan qəzetləri daim maraqla izlədiklərinin çoxları şahididir.
A.Kazımzadə 74 il əvvəl Bakıda tanınmış ziyalı ailəsində anadan olmuşdu. Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyasında) təhsil alsa da jurnalistikaya həvəs həyat yolunun istiqamətini dəyişdi. 19 yaşından məqalələri dövri mətbuatda işıq üzü gördü, düz 55 il ömür-gününü idman jurnalistikasına həsr etdi. A.Kazımzadənin oçerk, reportaj və digər janrlarda qələmə aldığı yazıları oxuculara müxtəlif növlərə xas hiss, həyəcan və digər duyğuları yaşatması ilə yadda qalıb. “Molodyoj Azerbaydjana” qəzet ilə başlayan yaradıcılıq yolu “Sovetski sport”un Azərbaycan üzrə xüsusi müxbiri, “Bakinski raboçi”, “Panorama”, “Vışka” və digər mətbu nəşrlərin əməkdaşı kimi davam etdirib.
Aqşin müəllimin həyatında “İdman” qəzeti xüsusi yer tutub. Mətbuat Şurasında keçirilən mərasimdə onun həmin nəşrdə keçmiş ənənələrin bərpası üçün ciddi səy göstərildiyi barədə optimist fikirləri fərəh hissi ilə dilə gətirməsi başa düşülən idi. Azərbaycanın əməkdar jurnalisti, çoxsaylı mükafatlar laureatı A.Kazımzadənin tədbirdə üzünü yaşlı həmkarlarına tutaraq “mən elə bilirdim jurnalistikadan getmək asandır. Görürəm ki, bu mümükün deyil. Sizləri də son anadək təcrübənizi, potensialınızı sərf etməyə çağırıram” – dedi. Təəssüf ki, ölüm bu arzu və istəyi yarımçıq qoydu. Lakin Aqşin müəllim özü barədə xoş təəssüratlar və silinməz izi ilə əbədi olaraq könüllərdə qalacaq.
Allah rəhmət eləsin!