Jurnalistika fakültəsinə qəbul qaydalarının dəyişməsi və tələbələrin bu ixtisasa qabiliyyət imtahanı verərək daxil olması ilə bağlı zaman-zaman müzakirələr aparılsa da, hələ də bir nəticəyə gəlinməyib. Köhnə qaydada gənclər müxtəlif universitetlərin jurnalistika fakültələrinə daxil olurlar. Bir qrupda 30-50 tələbə oxuyur, universiteti bitirir, amma onlardan yalnız 2-3, ən yaxşı halda 5-6 nəfəri jurnalistika ilə məşğul olur.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə Modern.az-a açıqlamasında bildirib ki, onlarda bunun statistikası aparılmır. Fakültə dekanı qeyd edib ki, sovet dönəmində jurnalistika fakultələrinin tələbələri təyinatla işlə təmin olunduqları üçün bilinirdi ki, nec nəfər jurnalsit fəaliyyəti ilə məşğul olur: “Sovet dönəmində Mərkəzi Komitənin Təbliğat Şöbəsində qəzet bölməsi fəaliyyət göstərirdi və burada jurnalistikanı bitirənlərin bölgüsü aparılırdı. Onlar işlə təmin olunurdular. Amma bu gün bu sistem yoxdur və görünür ki, müvafiq qurumlar da bununla maraqlanmır”.
Yalçın Əlizadə hesab edir ki, istedadlı tələbə harada olsa özünə iş tapıb işləyəcək: “I kursda biz həmişə tələbələr arasında sorğu keçiririk və maraqlanırıq ki, onlardan neçəsi jurnalistikanı istəyərək bura gəlib. Məlum olur ki, onlardan yalnız 30-35 faizi jurnalistikada təhsil almaq üçün buranı seçiblər. Qalanları isə gələcəkdə jurnalist işləmək istəmirlər və topladıqları bal bu fakultəyə çatdığı üçün buradadırlar”.
Media eksperti, bir neçə universitetlərin jurnalistika fakültələrində dərs deyən professor Qulu Məhərrəmli də belə bir statistikanın aparılmadığını qeyd edib. O bildirib ki, həmin tələbələrin yalnız bir qismi diplom aldıqdan sonra bu istiqamətdə gedirlər: “Məsələn, IV-V kurslarda və ya magistraturada oxuyanlardan artıq işləyənlər var. Onlar ya jurnalistika sahəsində, ya da müxtəlif qurumların mətbuat xidmətlərində, piar xidməti göstərirlər”.
Ancaq Qulu Məhərrəmli deyib ki, son vaxtlar jurnalistika ixtisasını istəyərək seçənlərin sayı artmaqdadır: “Son 2-3 ildə mən bu tendensiyanı müşahidə edirəm. Düzdür, bu elə də çox deyil. Hələ də çox tələbə, jurnalistika fakültəsinə qəbul olanların 50 faizi gələcəkdə bu istiqamətdə fəaliyyətlərini davam etdirmək niyyətində olmurlar. Onlar sevmədən jurnalistika fakültəsinə daxil olur, sevmədən oxuyur və sevmədən də bitirib diplom alırlar. Bu da qəbulda olan problemlərdən irəli gəlir”.