İRS jurnalının növbəti buraxılışında Xocalı soyqırımı ilə bağlı məqalə çap olunub

Azərbaycanın Misirdəki Səfirliyinin təşkilatçılığı ilə ərəb dilində çap olunan İRS jurnalının növbəti buraxılışında, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı və turizm imkanları barədə məlumat verilib.
SalamNews-un verdiyi məlumata görə, jurnal həm də ərəb dünyasını Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.
Jurnalın bu sayında “20 Yanvar” faciəsi və Xocalı soyqırımı ilə əlaqədar məqalələr işıqlandırılıb, 1990-cı ilin 20 yanvar tarixində ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar əməllərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, misli görünməmiş faciəyə gətirib çıxaran səbəblərdən danışılıb. Bildirilib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Azərbaycanın Xocalı şəhərini zəbt edərək, şəhəri yandırıb və şəhər əhalisindən 613 nəfər qətlə yetirib.
Jurnalda, həmçinin Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçəri Şəhər, orta əsr ərəb mənbələrində Xəzər dənizinin həcmi və mövqeyi, həmçinin Qarabağın mahir silah mühəndisləri barədə məlumatları əks etdirən məqalələr çap olunub. Bütün ərəb dünyasında yayılacaq jurnalın mütəmadi çap etdirilməsi nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO