“İncəsənətdə Nəsimi obrazı” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Dekabrın 2-də AMEA-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “İncəsənətdə Nəsimi obrazı” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, Özbəkistan və Qazaxıstandan nümayəndələr iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, məhz bu Sərəncamın icrası istiqamətində həm respublikamızda, həm də onun hüdudlarından kənarda şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində ötən il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Nəsiminin büstünün açılışı olub, cari ildə isə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ədibin heykəli ucaldılıb.

Nəsimi ilə bağlı AMEA-da təşkil olunan tədbirlərdən danışan İ.Həbibbəyli bildirib ki, Humanitar Elmlər Bölməsinin elmi müəssisə və təşkilatlarında şairə həsr edilən konfrans və elmi sessiyalar keçirilib, mətbuatda ədibin yaradıcılığı geniş təbliğ olunub.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib, şairlə bağlı beynəlxalq tədbirlər keçirilib, araşdırma və tədqiqat işləri aparılıb.

Mütəfəkkir şairin Azərbaycan ədəbiyyatında mövqeyindən danışan İ.Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, müstəqillik dövründə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynayır. AMEA-nın vitse-prezidenti ötən il ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin davamçısı Məhəmməd Cövdət Nəsiminin və ailəsinin Azərbaycana gəldiyini, onların ata-baba yurdu olan Şamaxı şəhərini ziyarət etdiklərini və ölkəmizdə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalında iştirak etdiklərini xatırladıb.

“Nəsimi kamil insan konsepsiyasının ədəbiyyatdakı ən böyük yaradıcılarından biridir”, – deyə bildirən İ.Həbibbəyli vurğulayıb ki, şairin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Böyük mütəfəkkirin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini vurğulayan alim qeyd edib ki, Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib.

Konfransda Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev və Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov çıxış edərək bütövlükdə türk dünyasının dahi şairi və mütəfəkkiri olan Nəsimi ilə bağlı keçirilən konfransı yüksək qiymətləndirib, bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd ediblər.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə “Heykəltəraşlıq sənətində Nəsimi obrazı” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan incəsənətində Nəsiminin bədii obrazının yaradılmasının milli mədəniyyətimizə ən gözəl töhfə olduğunu vurğulayan Ərtegin Salamzadə qeyd edib ki, Nəsimi obrazı təkcə heykəltəraşlıqda yox, eləcə də rəngkarlıqda, xalça sənətində öz əksini tapıb.

Konfrans çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Dekabrın 3-dək davam edəcək konfransda “İmadəddin Nəsimi və Azərbaycan musiqisi”, “Qazaxıstan təsviri sənətində Abay obrazı”, “Nəsimi yaradıcılığı kitab qrafikasında”, “Nəsimi poeziyası muğam-ozan ifaçılığı kontekstində”, “Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü” və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO