I Avropa Oyunları ilə əlaqədar FHN-dəki qərargahda müşavirə keçirilib

Birinci Avropa Oyunları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində yaradılmış qərargahda müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, bu gün nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində I Avropa Oyunları ilə əlaqədar FHN tərəfindən yaradılmış qərargahda toplantı keçirilib.

FHN-in təşkilatçılığı ilə keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər üzvləri, o cümlədən müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Nazir müavini E.Mirzəyev əvvəlcə tədbir iştirakçılarına I Avropa Oyunları ilə bağlı nazirlik tərəfindən yaradılan qərargah haqqında ətraflı məlumat verib. Bakı Olimpiya Stadionu və ətraf ərazinin taktiki-maketi ilə tanış olan tədbir iştirakçıları həm burada, həm də yarışların keçiriləcəyi digər idman arenalarında görülmüş təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıblar. Nazirlik baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün bütün zəruri tədbirləri görüb və bu istiqamətdə Avropa Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlıq edir.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru S.Kleq görülmüş işlərdən razılığını bildirərək I Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını ifadə edib.

Sonra Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO