Bu yaxınlarda Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabından tanıdığım Zakir Sadatlının “İraq olsun” kitabı Qanun nəşriyyatında işıq üzü görüb. Adətim üzrə, yeni çıxan kitabın üzərindən bir həftə ötməmiş, kitabı aldım. Onunla yanaşı bir neçə kitablar da almışdım. Amma nədənsə, kitabın adı və cildinin arxa hissəsində müəllifin tərcümeyi – hal əvəzinə olan qarğışları məni cəlb etdi. Kitabın ilk səhifəsini açıb, qeydlərimi apara – apara oxumağa başladım və bir də baxdım ki, bir neçə saat ötüb və mən kitabı bitirmişəm. Baxdım ki, qeyd dəftərimdə 144 səhifəlik kitabdan 8 səhifə qeydlərim var. Bu, mənim “İraq olsun” haqqında yazmağıma bir işarə idi. Çünki hər kitabdan bu qədər qeydlər aparmaq olmur.
Zakir Sadatlının “İraq olsun”u onun İraqa, ordan isə Kərkükə səfərindən bəhs edən sənədli povestdir (Daha doğrusu, romandı. Bəlkə, buna xatirə də demək olar- Z.Q). Əsərdə müəllifin operator Elxan ilə İraqa səfərindən orada onları Kərkükdən olan ziyalı Məhəmməd Mehdi Bayatın qarşılaması, müharibə və zillət içində olan şəhəri gəzdirməsi, bütün çətinliklərə baxmayaraq oradakı vəziyyəti kameranın yaddaşına köçürmələri, hətta bu arada silahlı dəstəyə əsir düşmələri, daha sonra pulla əsirlikdən çıxıb üzü Kərbəlaya, ordan isə Kərkükə getmələrindən bəhs olunur.
“İraq olsun” əsəri maraqlı fikirlər, aforizimlərlə zəngindir. Lakin müəllif kimdənsə sitat gətirmədən, özünün hikmətli sözlərini oxuculara çatdırır. Bu sözlərdən bir neçəsini sizə təqdim edirəm:
“İblis qarışdırmağı, insan barışdırmağı ilə öz tarixini yazır…”, “Bəşər necə danışırsa, elə də yaşayır”, “Bütləri Tanrı yıxır, heykəlləri isə insan. Bütlər yıxılanda bəşər üçün yeni mərhələ başlayır. Heykəllər yıxılanda cəmiyyət ardı-arası kəsilməyən faciələr silsiləsinə qədəm qoyur. Düşən heykəl yerində başqasını oturdur”, “Biz İraq boyu güllələnmiş heykəllər gördük. Bu sevilə-sevilə ucalanın, söyülə-söyülə yıxılmağı deyildi. İnsanın vaxtdan qisas almaq ehtirası idi”.
Kitrabda bu kimi hikmətli sözlər çoxdur. Mən isə əsas bu kitabın ideya qatından danışmaq istəyirəm. Adından da göründüyü kimi kitab müharibə həyatı (Amerika qoşunlarının İraqa daxil olması, Səddam Hüseynin devrilməsi – Z.Q) yaşayn İraq xalqından bəhs edir. Amma mənim baxışımla bu kitab bir türki elinin, bir türk xalqının ağrı-acısının həsrəti ilə yazılan əsərdi. Hansı ki, müəllif “İraq olsun, əgər bütün İraq yer üzündən silinsə, təkcə, “Kərkük” sözü onu özündə yaşatmaq gücündə və cazibəsindədir” və “Harda Türk var – orada Kərkük var” cümlələri ilə əslində bu torpaqların da qədim türk xalqına mənsub olduğunu göstərməklə, onların ağrı-acısını özününküləşdirib, bütün türklərin dərdi səviyyəsinə çatdırıb. Bunun da izahını “Bu məkan ölçüsünə sığmayan, amma əsrlərin, qərinələrin ayrılığına imza atan zaman məsafəsinin uzaqlığıdır. Tarixin oynadığı “Beşdaş” oyununun daşları kimi fırlanıb hərəmiz bir yana düşmüşük“ cümləsi ilə verir.
Əsərdə Kərkük xalqının yaranma tarixindən üzü bəri, xeyli maraqlı məlumatlar yer alıb.
Kərkük xatirələrini qələmə alan müəllif Kərkük eli və xalqını belə tərənnüm edir: “Bizdən xəbərsiz bizi soraqlayan, bizi anan insanlar – kərküklülər!!! Bizdən xəbərsiz bizim üçün yanan el – Kərkük!!!”.
Həmçinin “İraq olsun”da müharibə həyatı yaşayan kərküklülərin heç nəyə baxmayaraq, qonaqpərvərliyi, millətsevərliyi haqqında da geniş məlumat var.
Əsərin bədii dilinə gəldikdə isə çox oxunaqlı və səlis dili var. Elə buna görə də mən bu kitabı cəmisi bir neçə saatın içində oxuyub bitirdim.
Kitabın sonunda müəllifin “Salam baça” adlı hekayəsi də dərc olunub. Bu hekayə Əfqanıstan müharibəsinin bədii təsviridi. Amma düzünü deyəcəyəm, hekayə “İraq olsun” qədər mənə təsir etmədi. Mən “İraq olsun”la Kərkükü tanıdım, sevdim. İçimdə görmədiyim bir məkana həsrət yarandı.
Mən virtual şəbəkədə Məhəmməd Mehdi Bayatla dostam. Ara-sıra söhbətlərimiz, müzakirələrimiz olur. Amma bu kitabla tanışlıqdan sonra Məhəmməd Mehdi Bayatın nə qədər türk dünyasına bağlı, içi həsrətli biri olduğunu da bildim. Hətta, dəfələrlə, məni Kərkükə dəvət edən M.M.Bayatla tezliklə Kərkükdə görüşmək istəyim oyandı.Təki qismət olsun. Yolçu yolda gərək!