Heydər Əliyev Fondu: Ulu Öndərin ideyalarını yaşadan 15 illik zəngin fəaliyyət

Fəaliyyətində dahi şəxsiyyət Heydər Əliyev ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, İKT, ətraf mühitin qorunması və digər sahələrdə həyata keçirilən önəmli layihələrlə mühüm nailiyyətlərə imza atan, Azərbaycanda, regionda, eləcə də bütün dünyada böyük rəğbət qazanan Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 15 il ötür. Ulu Öndərin zəngin mənəvi irsini, onun Azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir.

Böyük şəxsiyyət Heydər Əliyev gərgin və yorulmaz fəaliyyəti ilə Azərbaycanı qısa müddətdə dinamik inkişaf yoluna çıxardı. Ulu Öndər müasir müstəqil Azərbaycanın parlaq gələcəyinin koordinatlarını, milli həmrəyliyin, müstəqilliyin qorunması, onun firavan həyatının, inkişafının təmin olunması yollarını, strategiyasını müəyyənləşdirdi. Ulu Öndərin tarixi xidmətlərini hər zaman böyük minnətdarlıqla xatırlayan xalqımız Heydər Əliyev ideyalarını ölkəmizin gələcək inkişafının təminatçısı kimi qəbul edir və Ümummilli Liderin müəyyənləşdirdiyi yolu dəstəkləyir. Ona görə də dahi şəxsiyyət Heydər Əliyevin ideyaları, fəlsəfəsi, ictimai və siyasi fəaliyyətinin hər dövrü araşdırılmalı və gələcək nəsillərə təqdim olunmalıdır.

“…Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır”. Bu fikirləri Prezident İlham Əliyev 2004-cü ildə Heydər Əliyev Fondunun açılış mərasimindəki nitqində bildirib. Dövlətimizin başçısının qeyd etdiyi bu fikirlər ötən 15 il ərzində Heydər Əliyev Fondunun fəaliyyətində öz əksini tapdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond ötən müddət ərzində ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirib, insanlara, ehtiyacı olanlara kömək əlini uzadıb, onlara sevinc bəxş edib. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından çox-çox uzaqlarda insanların böyük sevgisini qazanıb.

AZƏRTAC Heydər Əliyev Fondunun 15 illik fəaliyyətinin əsas istiqamətlərinə nəzər salır.

Heydər Əliyev ideyalarının reallaşmasına dəstək

Heydər Əliyev Fondu Ümummilli Liderin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, xalqımızın maddi rifahının yaxşılaşdırılması, sağlam, təhsilli Azərbaycan cəmiyyətinin formalaşması naminə müəyyən etdiyi ideyaların reallaşmasına hər zaman böyük dəstək verir. Son 15 ildə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində və digər istiqamətlərdə Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atıb.

Ulu Öndər hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərir, onların müstəqil Azərbaycanın gələcəyinin təmin olunmasındakı roluna diqqət çəkərək deyirdi: “Gənclərimizə arzu edirəm ki, onlar həmişə sağlam olsunlar, yaxşı təhsil alsınlar, yaxşı tərbiyə alsınlar, cəmiyyətdə öz yerlərini tuta bilsinlər, cəmiyyət üçün faydalı ola bilsinlər, bizim milli ənənələrimizi həmişə yaşatsınlar, valideynlərinə sadiq olsunlar, həmişə valideynlərinə hörmət etsinlər, məktəbdə, ictimai yerlərdə yüksək mədəniyyət nümayiş etdirsinlər”.

Yeniləşən Azərbaycana yeni məktəb

Əlbəttə ki, ölkəmizin müasir təhsil sisteminin qurulması, gənclərimizin yüksək şəraitə malik təhsil ocaqlarında oxumaları Ümummilli Liderin ideyalarının tərkib hissəsi idi. Bu gün Azərbaycanın hər bir bölgəsində təhsil müəssisələri əsaslı şəkildə bərpa edilir və ya yenidən inşa edilir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin təhsil sisteminin müasirləşdirilməsi, gənclərin daha keyfiyyətli təhsil almaları istiqamətində görülən bütün işlərə Heydər Əliyev Fondu da öz dəstəyini verir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu istiqamətdə əldə olunan uğurlara ciddi töhfələr verir. Fondun reallaşdırdığı “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar çərçivəsində Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə görülən işlərin miqyasına nəzər salaq.

2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriyalar, kitabxanalar, yeməkxanalar, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları, geniş meydançalar yaradılıb.

“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkə ərazisində 39 uşaq müəssisəsi əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Həmçinin bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları inşa olunub. Fond, eyni zamanda, uşaq evlərinə və internatlara daim xüsusi diqqət göstərir, burada təhsil alanların asudə vaxtlarının səmərəli keçirilməsi, onlara vətənpərvərlik hissinin aşılanması məqsədi ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir. Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına da daim xüsusi diqqət və qayğı göstərilir. Fondun reallaşdırdığı “Təhsilə dəstək “ proqramı çərçivəsində mütəmadi olaraq qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəb ləvazimatları hədiyyə olunur.

Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə respublika üzrə bir sıra uşaq bağçaları əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib, həmçinin məktəbəqədər müəssisələrə mütəmadi olaraq müxtəlif əyani vəsaitlər paylanılır.

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də məktəblər yenidən qurulmuş və əsaslı təmir olunub. Bu sırada Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası, Gürcüstanda həyata keçirilən layihələr və bu kimi digər addımlar Fondun xoş məramının göstəricisidir.

Fond tərəfindən reallaşdırılan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində isə paytaxtla yanaşı, bölgələrimizdə yüksək standartlara cavab verən 175 körpələr evi-uşaq bağçasının inşası nəzərdə tutulur.

Səhiyyə sahəsində bənzərsiz layihələr

Ümummilli lider Heydər Əliyev hər zaman səhiyyə sahəsində çalışanlara böyük hörmət və ehtiramla yanaşaraq “Həyatını tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar həqiqətən çox yüksək hörmət və ehtirama layiq olan insanlardır” deyirdi. Heydər Əliyev Azərbaycanda səhiyyə sistemini dünyanın bu sahədə qabaqcıl ölkələrindəki səviyyəyə qaldırmağı qarşıya əsas vəzifə kimi qoymuşdu.

Ölkəmizdə bu sahənin inkişafına dövlətimizin başçısı İlham Əliyev də xüsusi diqqət və qayğı göstərir. Bu gün paytaxt Bakıda və ölkəmizin bütün bölgələrində yüksək standartlara cavab verən, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri istifadəyə verilir, peşəkar kadrlar hazırlanır, əhali pulsuz müayinələrə cəlb olunur.

Heydər Əliyev Fondu da dövlətimiz tərəfindən bu sahədə görülən işlərə hər zaman öz dəstəyini verir. Fond tərəfindən həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları Ümummilli Liderimizin bu sahə ilə bağlı ideyalarının reallaşması istiqamətində atılan addımlara mühüm töhfələrdir. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikilib. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Heydər Əliyev Fondunun bu sahədə reallaşdırdığı layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya-Herseqovinada, Rusiyada, Gürcüstanda icra edilən layihələr bütün dünyaya Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın simasında Azərbaycan xalqının insanpərvərliyini, nəcibliyini nümayiş etdirir.

Mədəniyyətimizə hamilik missiyası

Ulu öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edir, hər zaman bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Tez-tez mədəniyyət xadimləri ilə görüşən Ümummilli Lider onlarla səmimi söhbət edər, mövcud problemlərlə maraqlanardı. Müstəqilliyin ilk illərində tənəzzül dövrünü yaşayan mədəniyyətimiz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra yeni inkişaf yoluna qədəm qoydu, bağlanmış teatrlar, muzeylər öz qapılarını yenidən insanların üzünə açdı, ölkəni tərk etmiş istedadlı incəsənət adamları Vətənə geri döndülər. Bu gün də Azərbaycan mədəniyyəti həmin qayğıdan bəhrələnərək yeni-yeni uğurlara imza atır. Cari il martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimlərinin bir qrupu ilə görüşü, onlarla aparılan səmimi söhbət, mövcud problemlər və həlli yolları ilə bağlı aparılan müzakirələr də ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulmuş bu qayğının davamlı olduğunu bir daha təsdiq edir. Tarixi-mədəni abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə bu sahənin çiçəklənməsini, yeni-yeni uğurların qazanılmasını şərtləndirən əsas amillərdir.

Bu sahədə də əldə olunan nailiyyətlərdə Heydər Əliyev Fondunun mühüm töhfəsi xüsusi qeyd olunmalıdır. Fond həyata keçirdiyi layihələrlə daim Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Bu xüsusda tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsini qeyd etmək lazımdır. Ötən 15 ildə Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, “Qu quşları” fəvvarə kompleksinin bərpası, Müasir İncəsənət, “Tullantıdan sənətə”, “XX-XXI əsr Azərbaycan rəngkarlığı”, Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun bu sahədə gördüyü irimiqyaslı işlərin tərkib hissəsidir. Həmçinin Fondun təşkilatçılığı ilə keçirilən və ənənə halını alan müxtəlif musiqi layihələrini, o cümlədən Qəbələ, Aşıq, “Muğam aləmi”, Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini, çoxlu sayda konsertləri xüsusi qeyd etmək lazımdır. 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə Heydər Əliyev Fondunun yüksək tərəfdaşlığı ilə bu müsabiqəyə uğurla ev sahibliyi etdi. Ümumiyyətlə, Heydər Əliyev Fondunun reallaşdırdığı hər bir layihə yüksək təşkilatçılığı, kütləviliyi, zəngin mədəniyyətimizə istinad olunması ilə seçilməklə maariflənməni, sülhü, bəşəri dəyərlərə hörməti təbliğ edir. Ötən il Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı da özündə məhz bu dəyərləri ehtiva edirdi. Fond tərəfindən təşkil edilən çoxsaylı mədəni layihələr, keçirilən tədbirlər, o cümlədən simpoziumlar, sərgilər, konsertlər, tamaşalar cəmiyyətimiz tərəfindən böyük rəğbətlə, məhəbbətlə qarşılanır və böyük auditoriya toplayır. Məhz bu görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanı həm də mədəniyyətimizin hamisi kimi qəbul edir.

Azərbaycanın dünyada təbliği işinə dəyərli töhfələr

“Azərbaycan xalqı dünya xalqları içərisində öz yüksək mədəniyyəti ilə, elmi, zəkası ilə seçilən bir xalqdır. Bizim – bugünkü nəsillərin, gələcək nəsillərin vəzifəsi bunu dünyaya göstərmək sonrakı nəsillərə çatdırmaqdan ibarətdir”,- deyən Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının qarşısında ciddi vəzifələr qoyurdu. Fəaliyyətində Ulu Öndərin ideyalarına, qarşımıza qoyduğu vəzifələrə söykənən Heydər Əliyev Fondu bu istiqamətdə də ciddi işlər görür. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği işinə yönəlib. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə dolğun çatdırılması, Xocalı soyqırımının tanıdılması, mədəniyyətimizin, tariximizin, təbiətimizin, dövlətçilik ənənələrimizin xaricdə təbliği işinin düzgün qurulması nəticəsində artıq ciddi nailiyyətlər də əldə olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar tanıyıb. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.

Parisdə, Romada, Vatikanda, Berlində, Londonda, Varşavada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həmçinin dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlərin təşkili Fondun ölkəmizin, zəngin dövlətçilik ənənələrimizin dünyada tanıdılması işinə əvəzsiz töhfələrindəndir.

Azərbaycanın bənzərsiz mədəniyyətinin dünyada təbliği missiyasını da Heydər Əliyev Fondu müvəffəqiyyətlə icra edir. Fondun təşkilatçılığı ilə mötəbər beynəlxalq qurumlarda, dünyanın möhtəşəm şəhərlərində ölkəmizlə bağlı sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Misal olaraq, Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda dünyanın bir sıra digər ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Qərbin mədəniyyət beşiyi hesab olunan Fransanın paytaxtında Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını göstərmək olar. Londonda, Parisdə, Berlində təşkil olunan “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgiləri, həmçinin dünyanın müxtəlif şəhərlərində təşkil olunan “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərgilər, Venesiya Biennalesində təşkil olunan Azərbaycan pavilyonlarındakı sərgilər Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətindəki xüsusi əhəmiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin də ölkəmizə olan marağının daha da artmasına xidmət edib.

Sərhəd tanımayan xeyirxah təşəbbüslər

Ulu Öndərin ideallarını yaşadaraq ümumbəşəri dəyərlərə mühüm töhfələr verən Mehriban Əliyeva bu xoş məramı ilə beynəlxalq ictimaiyyətin də böyük hörmət və rəğbətini qazanmağı bacarıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sərhəd tanımayan xeyirxah təşəbbüsləri ona dünyada böyük nüfuz qazandırıb.

Fond tərəfindən Pakistanda, Cibutidə, Bosniya və Herseqovina, Misir, Hindistan, Haiti və digər ölkələrdə həyata keçirilən xoşməramlı aksiyalar dünyada Azərbaycana olan rəğbəti daha da artırır. Həmçinin dünyada mədəni irsin qorunması, tarixi-mədəni abidələrin və mədəniyyət obyektlərinin bərpası Fondun fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu sahədə görülən işlər, həyata keçirilən layihələr Azərbaycanın mədəni əlaqələrinin möhkəmlənməsində də müstəsna rola malikdir. Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Versal Sarayının parkındakı “Amazonka”nın və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın, Fransada X-XII əsrlərə aid 7 kilsənin, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini həyata keçirən Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak edib, həmçinin İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulub. Bundan başqa Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” əsasında Fond tərəfindən xristian aləmi üçün ən mühüm abidələrdən olan katakombaların bərpası işində yaxından iştirak edib.

Çoxşaxəli və xoşməramlı fəaliyyətə verilən yüksək qiymət

Əlbəttə, bütün bu görülən işlərin təməlində gərgin əmək, Vətənə, xalqa bağlılıq, insanlığa, bəşəriyyətə olan sonsuz sevgi dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsləri, ideyaları əsasında fəaliyyət istiqamətini genişləndirən Heydər Əliyev Fondu hər zaman ehtiyacı olanların, kimsəsizlərin yanında olur, cəmiyyətimizi narahat edən hər bir məsələnin həllində yaxından iştirak edir. Bu illər ərzində fədakar xidmətləri ilə Mehriban Əliyeva xalqın böyük sevgisini qazanıb. 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən ləyaqətlə gəlir. Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edən Mehriban Əliyeva daim əhalinin bu həssas təbəqəsinin yanında olur, onları narahat edən məsələləri birbaşa öz dillərindən dinləyir.

“Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq…”. Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərə baş çəkən Mehriban Əliyevanın bu sözləri hər bir məcburi köçkünü bir daha əmin edir ki, onları narahat edən hər bir məsələ Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin diqqət mərkəzindədir.

Erməni işğalı nəticəsində illərdir öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşması, onların problemlərinin həlli istiqamətində ölkəmizdə böyük işlər görülüb. Bu günə qədər 103 qəsəbə, şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün evlə təmin olunub. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir. Həmçinin Fond tərəfindən mütəmadi olaraq məcburi köçkünlərlə bağlı xeyriyyə aksiyaları da təşkil olunur.

Azərbaycanda xeyriyyəçilik institutunun dirçəlməsi və fəal inkişaf etməsi məhz Mehriban Əliyevanın adı ilə bağlıdır. 2008-ci ildə AZƏRTAC-a müsahibəsində özünün xeyriyyəçilik fəaliyyətinin istiqamətləri barədə danışarkən demişdi: “Mən bizim çox zəngin mədəni ənənələrimizin qorunub saxlanması, nadir tarixi və memarlıq abidələrinin mühafizəsi, təbii mühitin qorunması, istedadlı gənclərə dəstək, bədən tərbiyəsi və idmanın inkişafına kömək məsələlərini də xeyriyyəçilik fəaliyyətinin üstün istiqamətlərinə aid edərdim”. Düz on bir il sonra ötən illərdə görülən işlərə nəzər salsaq bütün bu sahələrdə Mehriban Əliyevanın xeyriyyəçilik missiyasının dərin izlərinin şahidi olarıq. Aztəminatlı ailələri, şəhid ailələrini, məcburi köçkünləri, istedadlı gəncləri əhatə edən bu xeyirxahlıq missiyası Mehriban Əliyevaya milyonların sevgisini qazandırdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi fəaliyyəti bu yarışların Olimpiya Oyunları səviyyəsində təşkilində mühüm rol oynadı. Uzun müddət bütün dünyanın diqqət mərkəzində olan Azərbaycan məhz Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin sayəsində bu mötəbər tədbirlərə uğurla ev sahibliyi etdi. Təsadüfi deyil ki, ilk Avropa Oyunlarının təşkilindəki böyük xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif olundu. Həmçinin Mehriban xanım Əliyevaya idman sahəsindəki xidmətlərinə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı da təqdim edilib.

UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri adlarına layiq görülən birinci xanım Mehriban Əliyeva müxtəlif sahələrdəki xidmətlərinə görə Polşanın “Böyük Komandor Xaçı”, Fransanın “Şərəf Legionu”, Serbiyanın “Sreten”, Macarıstanın “Komandor Xaçı” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı və digər çoxsaylı mükafatlarla təltif olunub. Bütün bunlar Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyadakı nüfuzunun, fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Təməl prinsiplərində Ulu Öndərin ideyalarına söykənən Heydər Əliyev Fondu ölkəmizin çiçəklənməsinə mühüm töhfələrini verməklə xeyirxahlıq missiyasını, Azərbaycanın, onun mədəniyyətinin təbliğini uğurla həyata keçirir, Vətənə və xalqa ləyaqətlə xidmət edir.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri

Vüqar Əmrullayev (foto)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO