“Taliban” hərəkatı sui-qəsdi öz boynuna götürüb
Pakistanda “Amerikanın səsi” radiosunun müxbiri Mükərrəm Xan Atif qətlə yetirilib. Modern.az saytı Rusiya kütləvi informasiya vasitələrinə istinadən bildirir ki, “Taliban” hərəkatının Pakistandakı dəstəsi bu qəsdi törətdiyini etiraf edib.
Şahidlərin sözlərinə görə, “Amerikanın səsi”nin əməkdaşı ölkənin şimal-qərbindəki Haybər-Paxtunxva əyalətində yerləşən Şabkadar şəhərində axşam namazı zamanı güllələnib. Yaralı müxbir xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Pakistanın informasiya naziri Firdus Aşik Avan hökumətin qətllə bağlı ətraflı araşdırma aparılacağını və jurnalistin ailəsinə maddi yardım göstəriləcəyini bəyan edib.
Jurnalistləri müdafiə komitəsi 2011-ci ilin dekabr ayında Pakistanı jurnalistlər üçün ən təhlükəli ölkələr sırasında göstərib. Komitənin məlumatlarına görə, ötən il dünyada ümumilikdə 43 jurnalist öldürülüb ki, bunun yeddisi Pakistanda qeydə alınıb.
“Amerikanın səsi”nə istinad edən “Sərhədsiz reportyorlar” təşkilatı isə Pakistanda ötən il öldürülən jurnalistlərin sayının ən azı 10 olduğunu bildirib.