Bu gündən avtomobillərdə jalüzlərdən istifadəyə icazə verilir

Sürücülər mayın 1-dən noyabrın 15-dək nəqliyyat vasitələrində sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadə edə bilərlər.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, avtomobildə əyləşən sərnişinləri günəş şüalarından qorumaq məqsədi ilə sənaye üsulu ilə hazırlanan jalüzlər avtomobilin arxa sağ və sol yan şüşələrində istifadə olunmalıdır.

V.Əsədov bir daha xatırladıb ki, bu icazə yalnız zənaye üsulu ilə hazırlanmış jalüzlərə aiddir. Kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi isə qadağandır: “Əgər avtomobillərdə kustar üsulla hazırlanmış jalüzlər və ya digər pərdə və plyonkalar aşkar edilərsə, bu qayda pozuntusu hesab ediləcək və kimliyindən asılı olmayaraq həmin sürücülər İnzibati Xətalar Məcəlləsinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar”.

Onun sözlərinə görə, yol polisi əməkdaşları bu gündən başlayaraq nəqliyyat vasitələrində quraşdırılan jalüzlərin standartlara uyğunluğuna nəzarət etmək məqsədi ilə reydlərə başlayır.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 15 aprel 2013-cü il tarixli əmri ilə AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına dəyişikliklər edilib. Əmrə əsasən, Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Qeyd edək ki, bu müddətdə jalüzlər nəqliyyat vasitələrinin yalnız arxa yan şüşələrində quraşdırıla bilər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO